Yol polisi cəriməsi olan sürücülərlə bağlı SƏRT YOLA əl atdı
- 25-07-2017, 14:01
- 82 178
DYP bu cihazı yaxın günlərdə işə salacaq. Artıq sınaq tədbirləri görülür. İlk olaraq bu cihazlardan Bakıda istifadə edilməsi nəzərdə tutulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov belə bir cihazın alınıb ölkəyə gətirildiyini təsdiq edib:
“Bu cihaz müasir cihazdır və cəriməsi olan nəqliyyat vasitələrini dərhal qeydə alır. Dövlət Yol Polisi İdarəsi olaraq sürücülərə və avtomobil sahiblərinə müraciət və xəbərdarlıq edirik ki, cərimələri və faizləri vaxtında ödəsinlər. Əks halda həmin cihaz vasitəsilə aşkar olunan avtomobillər saxlanılacaq və cərimə meydançasına aparılacaq. Qanunvericilikdə də qeyd olunur ki, cərimə bir ay ərzində ödənmədikdə üzərinə faiz gəlir. İki ay ərzində ödənməsə avtomobilin saxlanılması barədə qərar çıxarılır. Üç ay ərzində ödənilmədikdə isə avtomobil cərimə meydançasına aparılmaqla yanaşı, həmin xətanı törətmiş şəxsin sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Dövlət yol polisi də qanunun tələblərinə uyğun olaraq və yeni xüsusi cihazın köməyi ilə cərimələrin ödənməsini təmin etməyə çalışacaq. Yaxın günlərdə həmin cihazdan istifadə edəcəyik”.