XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Kəmaləddin Qafarov rəqiblərini necə zərərsizləşdirdi - "Ağ xalatlı xilaskar"dan "master klass"

Kəmaləddin Qafarov rəqiblərini necə zərərsizləşdirdi - "Ağ xalatlı xilaskar"dan "master klass"

Kəmaləddin Qafarov rəqiblərini necə zərərsizləşdirdi - "Ağ xalatlı xilaskar"dan "master klass"
25-07-2017, 11:53

Son zamanlar Səhiyyə nazirliyinin rəhbərliyi uğrunda gedən gizli mübarizə açıq müstəviyə keçməklə pik həddə çatıb.
Səhiyyə naziri Oqtay Şirəliyevin səhhətinə görə vəzifədən getmək istəyini mütəmadi olaraq tez-tez dilə gətirməsi müavinlərini və nazirliyin yüksək məqamlarında gözü olan müəyyən şəxsləri hərəkətə gətirib. Məlumatda qeyd olunur ki, Elsəvər Ağayev istisna olmaqla digər iki müavinin əsas məqsədi heç də nazir postuna yiyələnmək yox, yalnız sahib olduqları postu qorumaqdır. Ancaq aparılan gizli və açıq amansız mübarizəyə diqqət etdikdə bunu bacaracaqlarının asan olmayacağı aydın sezilir.
Mənbə qeyd edir ki, bir müddət öncə ölkə mediasında özəl klinikalara və apteklərə "haqq” kəsməsi, hazırda həbsdə olan sabiq "MTN” generalı Akif Çovdarla müəmmalı işbirliyində adı hallandırılan Səhiyyə nazirinin müavini Elsəvər Ağayevin imici ciddi formada zədələnib. İmicinin ciddi zədələnməsinin fərqində olan
Elsəvər Ağayev bütün kanallarını işə salmaqla niyyətinə çatmağı düşünür. Məlumata görə, Elsəvər Ağayevə postunda qalması üçün dəstək verənlərdən biri də
Nəsimi RİH-nin başçısı Asif Əsgərov və YAP-ın icraçı katibi Siyavuş Novruzovdur.
Xatırladaq ki, Elsəvər Ağayev Səhiyyə nazirinin müavini olmaqla yanaşı, həm də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədr müavinidir.
Səhiyyə nazirinin müdiada ittiham olunan müavinlərindən biri də Nigar Əliyevadır. Qeyd edək ki, Nigar Əliyeva 2009-cu ildən Səhiyyə nazirinin müavini vəzifəsində çalışır.
Ağ xalatlı "qara ledi” nədə ittiham olunur?
Saytımızın internet media üzərindən apardığı araşdırmalar zamanı məlum oldu ki, Səhiyyə nazirinin müavini Nigar Əliyevadan xəbərsiz səhiyyə nazirliyi sistemində heç kim işə qəbul edilə bilməz. Məlumata görə, rayon səhiyyə idarələrinin müdirləri hər ay Nigar Əliyevanın qarşısında işə qəbul olunanlarla bağlı "hesabat” verirlər. Bu "hesabat”larda əsas olanlar isə işə qəbul olunanların kimliyi, peşəkarlıq səviyyəsi yox, onların bu iş üçün nə qədər pul xərclədiyini "təcəssüm” etdirən rəqəmlərdir.
Bundan başqa dəyəri milyonlarla ölçülən obyektlərə sahib olan xanım müavinin adı daha bir qalmaqalda hallanır. Belə ki, bir müddət öncə mediada Aygün Əliyeva adlı qadının 200 nəfəri aldadaraq onlara ümumilikdə 5 milyon manat ziyan vurduğu barədə məlumatlar tirajlandı. O vaxt bu işlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində 22 epizod üzrə istintaq aparıldı. Məhkəmənin qərarı ilə 5 il azadlıqdan məhrum edilən Aygün Əliyeva bəzi maraqlı məqamları açıqlamışdı. Aygün Əliyeva bildirirdi ki, axtarışda olduğu vaxt 15.06.2012-ci ildə Lerik Rayon Mərkəzi Xəstəxanasında uşaq dünyaya gətirib. Doğum haqqında sənədi xəstəxananın nevropatoloqu Etibar Həşimov verib. Məhkəmənin 29 noyabrda Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə (böhtan atma) hökm oxuduğu son iclasında Aygün Əliyeva uşağın sənədini səhiyyə nazirinin müavini Nigar Əliyeva vasitəsilə aldığını deyib: "Nigar rəfiqəmdir, hara yazsanız da o cavabınızı verəcək. Bütün respublikanın səhiyyəsinə o baxır. Nəyi sübuta yetirəcəksiniz?".
Xanım müavin mediada bu cür sərt ittihamlara tuş gəlsə də, nə nazirlik tərəfindən, nə də özü tərəfindən heç bir açıqlama və yaxud təkzib verilmədi. Bu isə səslənən ittihamlarda həqiqət payının daha böyük olduğu qənaətini yaradır.
Uzun illərdən – 1999- cu ildən Səhiyyə nazirin müavini vəzifəsini tutan Abbas Vəlibəyov bu illər ərzində böyük məharətlə rəqiblərindən və mediadan yayınmağı bacarsa da, o da sonda ciddi faktlarla hədəfə gəldi. Səhiyyə nazirliyi rəhbərliyində "alıb-verməyin” "nəzəriyyəçi”lərindən biri hesab olunan Abbas Vəlibəyovun mediada hədəfə gəlməsinə səbəb isə onun 18 illik müavinlik dövrü ərzində "başını aşağı salaraq” özünə milyonlarla sərvət toplamasıdır.
Ağ xalatlı "Fuşe”nin milyonluq restoranları
Səhiyyə nazirinin müavini Abbas Vəlibəyov barəsində ölkə mediasında yayılan məlumatda vurğulanırdı ki, onun təkcə Bakıda 10-a yaxın milyonluq ev və ticarət obyektləri mövcuddur.
Qeyd olunurdu ki, nazir müavinin Bakının Yasamal və Səbail rayonunda üç məşhur restoranı var. Onun Yasamal rayonu Zahid Xəlilov küçəsində "Elbaro", Səbayel rayonu, Neftçi Qurban 25 ünvanında "Moon Crown”, Tibb Universitetinin yaxınlığında isə "Qrient” restoranlarının olduğu deyilirdi. Bundan başqa Abbas Vəlibəyovun Bayıl, Nardaran, və Bilgəh qəsəbələrində ərazisi hektardan artıq olan villalarının olduğu vurğulanır.
Qeyd edək ki, nazir müavinin var – dövləti heç də yuxarıda sadalananlarla yekunlaşmır. Onun "Torqovı”da 200 kvadratmetrlik mənzilinin olduğu da deyilir.
Ölkə rəhbərliyinin son illər səhiyyə sisteminin modernləşməsi məqsədi ilə ayırdığı milyardlarla vəsaitə baxmayaraq hələ də ölkə səhiyyəsində ciddi problemlər qalmaqdadır. Görünən isə budur ki, səhiyyədə hökm sürən bu problemlərin aradan qalxmasını rəhbərlik bacara bilmir.
Dövlət başçısına səhiyyə sisteminin tam modernləşdiriləcəyinə, şaffaflaşdırılacağına söz verən Oqtay Şirəliyev real vəziyyətin, yəni indiki müavinləri ilə ciddi uğur qazana bilməyəcəyinin fərqindədir. Bu səbəbdən də nazirin yeni müavin axtarışına çıxdığı, daha doğrusu artıq özünə yeni müavin tapdığı deyilir. Deyilənə görə bu şəxs səhiyyə sistemində çalışmaqla bərabər, həm də siyasi fəaliyyətlə də məşğuldur.
Araşdırma nəticəsində məlum oldu ki, Səhiyyə naziri Oqtay Şirəliyevin özünə müavin təyin etmək istədiyi şəxs Milli Onkologiya Mərkəzinin direktor müavini, millət vəkili Kəmaləddin Qafarovdur. Kəmaləddin Qafarovun son zamanlar mediada aktivləşməsi də diqqət çəkən məqamlardandır. Siyasi müsahibə və açıqlamaları ilə tez-tez gündəmə gələn deputatın da əsas məqsədinin nazir müavini postunu tezliklə tutmaqdır. Ehtimallar onu deməyə əsas verir ki, Kəmaləddin Qafarov Səhiyyə nazirliyində Elsəvər Ağayevi əvəzləyəcək.
Qeyd edək ki, millət vəkili Kəmaləddin Qafarov barəsində də mediada bir sıra ittihamlar səsləndirilib. Belə ki, mediada yazılanlara görə, gənc deputat ölkəyə gətirilən dərman preparatlarının və tibbi ləvazimatların böyük hissəsinin dövriyyəsinə nəzarət edir. Bundan başqa Kəmaləddin Qafarovun Səhiyyə Nazirliyində keçirilən iri həcmli tenderlərdə də əhəmiyyətli payı olduğu deyilir.
Xatırladaq ki, Kəmaləddin Qafarov 1976-cı ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit” fakültəsinin məzunudur. Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktorunun müavinidir. 2015-ci ildə 9 saylı Binəqədi ikinci seçki dairə komissiyasından V çağırış Azərbaycan Respublikası Milli Məclisinə üzv seçilib. Milli Məclis Səhiyyə Komitəsinin üzvüdür. Rus və türk dillərini bilir.

Qlobal.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.