“Bakı Tikiş Evi” və işbazlar xalqı soymağa başladı: İki nazir hara baxır?

“Bakı Tikiş Evi” və işbazlar xalqı soymağa başladı: İki nazir hara baxır? Yeni dərs ili ərəfəsində məktəbli formaları bir qədər də bahalaşacaq. Xalqı soyan işbazlar yenidən hərəkətə keçib
“Bakı Tikiş Evi”nin direktor müavini Etibar Əzimov da qiymət artımı olacağını deyib.
Onun sözlərinə görə, aşağı sinif şagirdləri üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manat təşkil edir: “Qiymət fərqi onunla əlaqədardır ki, yuxarı sinif şagirdlərinin paltarlarına daha çox parça sərf olunur”.
Ötən il ibtidai sinif şagirdləri üçün “Bakı Tikiş Evi” nin istehsal etdiyi məktəbli forması 37 manata satılırdı. Yuxarı siniflər üçün formanın qiyməti isə dəyişməyib.
Şirkətdə konveyer üsulu ilə dörd modeldə məktəbli forması tikilir. Bunlar ilk 6 sinif üçün dama-dama ətəklər, tünd göy rəngli gödəkçə və şalvarlar, həmçinin yuxarı sinif şagirdləri üçün kostyumlar, pencəklər və sarafanlardır.
Bu il məktəbli formalarının modellərində də dəyişiklik olmayacaq. Çünki əks təqdirdə valideynlər ötənilkiləri atıb yenilərini almaq məcburiyyətində qalacaqlar. Hər bir formanı məktəblilər azı 2 il geyinə bilirlər.
Amma qiymətlərin dəyişməsi ölkədə işsizliyin və maddi vəziyyətin çətinləşdiyi şəraitdə heç də yaxşı hal deyil.
Həm Bakı tikiş evi, həm bazarlarda, yarmarkalarda əlaltından forma satanlar açıq şəkildə camaatı soyurlar. Əslində, Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi məsələyə müdaxilə etməlidir.
Təhsil naziri Mikayıl Cabbarov və iqtisadiyyat naziri Şahin Mustafayevin göstərişi olarsa, qiymətlər tənzimlənə bilər.
Bir ailədən iki uşaq məktəbə gedirsə, valideyn azı 80 manat formaya xərcləməlidir. Bunun çantası, ayaqqabısı, karandaşı, qələmi və s. xərcləri də var.
Ölkədə minlərlə aztəminatlı ailələr, köçkünlər, imkansız adamlar var. Bir çox ailələrdə evdə bir nəfər işləyir və aldığı əmək haqqı güclə dolanışığa çatır. Nazirliyin təcili müdaxiləsi lazımdır ki, qiymət artımı olmasın. Çünki bazarlarda süni bahalaşma da olacağı istisna deyil.
Yeni tədris ilində bir uşağın məktəbə yola salınması ailəyə 200-250 manata başa gələcək. Təbii ki, qiymət keyfiyyətə görə dəyişir.
“Bakı Tikiş Evi”nin açıqlamasında deyilirdi ki, materiallar Türkiyədən dollarla alındığından, qiymətlərin cüzi də olsa, artımı qaçılmazdır. Beləliklə, builki qiymətləri təqdim edirik:
I-VI sinif şagırdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) - 40 manat, şalvar - 20 manat, ətək (yubka) - 15 manat, köynək - 10 manat, jilet - 8 manatadır.
VII-XI sinif şagırdləri üçün: məktəbli dəsti (köynəksiz, jiletsiz) - 46 manat, şalvar - 20 manat, sarafan - 20 manat, köynək - 10 manat, jilet - 8 manatdır.
Qeyd edək ki, Çindən gətirilən məktəbli dəstlərin qiyməti nisbətən ucuzdur. Lakin bu geyimlərin keyfiyyətinə zəmanət verilmir. Buna görə də, valideynlər əsasən “Bakı Tikiş Evi”nə məxsus mağazalara üz tuturlar.

Ulus.Az
Geri qayıt