"Mən o dərmanları qəbul etməsəm, ölə bilərəm" - Nazirliksə deyir ki...

"Mən o dərmanları qəbul etməsəm, ölə bilərəm" - Nazirliksə deyir ki... «Müraciət edirik, deyirlər, dərman gömrükdə ilişib qalıb. Vəziyyətim günbəgün ağırlaşır, mən o dərmanları qəbul etməsəm, ölə bilərəm». 27 yaşlı Səbuhi Bayramova 4 il 7 aydır ki böyrək köçürülüb. Həmin vaxtdan Səhiyyə Nazirliyi onu pulsuz dərmanla təmin edir.
Şikayətçi iki aydır ki, «Sandimmun» və «Cellcept» pulsuz dərman preparatlarını gecikmə ilə əldə edir. Bu da səhhətinə zərər vurur:
«O dərmanları vaxtında qəbul etməsəm, böyrəyim dayanar. İki aydır gecikmə ilə verilir, halbuki, dərmanlar 25 gündən bir verilməlidir. Gününə də söz ola bilməz, çünki gündəlik vacib qəbul olunan dərmanlardır. Siyahıda 200 xəstə var, hamısı da günün altında toplaşır, gözləyir, dağılışır. Hamımız ağır durumdayıq. Zorla yeriyirəm. Ayaqlarım xəstədir, ürəyimdə «porok» var. 1 saylı Şəhər Klinik Xəstəxanasının dializ şöbəsinin qarşısı mənim kimi ağır xəstələrlə doludur. Hamı dərman üçün gəlib, oturub gözləməyə bircə skamya da yoxdur. Nə qədər gedib-gəlmək olar, nə qədər «yoxdur» cavabı almaq olar... Hər dəfə «dərman yoxdur» cavabını alanda yaşamaq ümidim içimdə param-parça olur».
İyulun 3-də S.Bayramov yenə dərman üçün gedib. Ancaq bu dəfə də əliboş qayıdıb: «Bu gün də bizə cavab verdilər ki, dərmanlar gömrükdə ilişib qalıb. Halbuki, mən o dərmanı iyunun 26-da almalıydım. 10 günə yaxındır ki, gecikir, halım da pisləşib. Dərmanın gömrükdə ilişib qalması xəstənin günahıdır? Bu problemi xəstə həll etməlidir? Axı söhbət insan həyatından gedir. 200 xəstə ölüm-dirim savaşındadır. Əzizlərimiz ev-eşiklərini satıb, borca-xərcə girib bizi başqa ölkələrdə əməliyyat etdiriblər ki, həyatda qalaq. Öz nazirliyimizsə dərman verməməklə ömrümüzü kəsir».
Səhiyyə Nazirliyindən bildirilib ki, qeyd olunan dərman preparatları yaxın iki gün ərzində xəstələrə çatdırılacaq. Qurumdan gecikmələrin səbəbinə aydınlıq gətirilməyib.
Nazirliyin rəsmi saytında qeyd olunur ki, Azərbaycanda stasionar tibb müəssisələrində müalicə olunan və imtiyazlı qruplara daxil olan xəstələr də dərman preparatları, tibbi ləvazimatlar ilə təmin olunurlar. Ölkədə stasionarda müalicə alan bütün xəstələrə 166 adda dərman vasitələri, müxtəlif imtiyazlı qruplara daxil olan xəstələrə isə 99 adda dərman preparatları pulsuz paylanılır.
Geri qayıt