Səfir bacısı olan dekan müavini tələbənin həbsini tələb etdi

Səfir bacısı olan dekan müavini tələbənin həbsini tələb etdi Bu gün Yasamal rayon məhkəməsində BDU-nun “İlahiyyat” fakültəsinin dekan müavini Nigar İsmayılzadənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb.

Şikayətçi N.İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edərək Z.Mirağayevin müsahibələrində dekan müavininə böhtan atdığını deyib və əvəzində onun həbs olunmasını istəyib: “Bu adam ancaq cəzaçəkmə müəssisəsində ağla gələ bilər. Ora düşəndən sonra əməlinin nəticəsini düşünə bilər”.

N.İsmayılzadənin digər vəkili Sadiq Rəsulov da Zəka Mirağayevin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Nigar İsmayılzadə də vəkillərinin çıxışı ilə razılaşdığını deyib.

Z.Mirağayevin vəkili Elçin Sadıqov çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Z.Mirağayev mətbuata açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı danışıb. O, bu işdə dekan müavini Nigar İsmayılzadənin adını hallandırıb. N.İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin bacısıdır.
Geri qayıt