Bu göl qurudulub yerində park salınacaq

Bu göl qurudulub yerində park salınacaq Abşeron rayonunun Məmmədli kəndində yağış və qrunt sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə görülən işlər yekunlaşmaq üzrədir. Bu işlər 2017-2018-ci illər payız-qış mövsümündə yağış sularının fəsadlarına qarşı hazırlıq məqsədilə hazırlanan tədbirlər planına uyğun görülür.

Ötən ilin sentyabr və oktyabr aylarında yağan yağışlar yağıntı normasından çox olduğundan respublikanın bir çox yerlərində olduğu kimi, Abşeron rayonunun bir sıra kənd və qəsəbələrində yeni yaşayış massivlərində, göl ətrafında yaşayan sakinlərin evlərində ciddi fəsadlar törədib. Məmmədli kəndində də yeni yaşayış massivində, “Gölətrafı” deyilən ərazidə yaşayan sakinlər qış aylarında yağan yağışlar zamanı gölün səviyyəsinin artmasından əziyyət çəkirdilər. Qış aylarında intensiv yağışın yağması və qrunt suları nəticəsində göldə suyun səviyyəsinin qalxması ətraf ərazidə yaşayan sakinləri narahat edirdi. Hazırda gölün qurudulması istiqamətində mühüm işlər görülür. Gələcəkdə qurudulan gölün yerində yeni park salınacaq.

Rayon icra hakimiyyətindən bildirilib ki, ərazidə abadlıq, quruculuq, vətəndaşların sosial problemlərinin həlli istiqamətində işlər davam etdirilir. Abşeron rayonu Məmmədli kəndi ərazisində mövcud olan gölün qrunt, yağış suları ilə əlaqədar daşması nəticəsində ətrafda olan 500 dən çox ev subasmaya məruz qalıb. Prezidentin tapşırığına uyğun olaraq qısa zamanda “Azərsu” ASC tərəfindən beton xəttin çəkilişinə başlanılıb və 856 metr xətdən artıq 700 metri tam hazırdır. Kəndin yeni yaşayış massivindəki gölün qurudulması və gölün suyunun normal şəkildə axıdılması üçün min millimetr diametrlik borudan istifadə olunur. Gələcəkdə kanalizasiya xətləri də bura qoşulacaq.
Geri qayıt