Yardım almaq üçün də gərək pulun ola... - 200 manatlıq müavinətə görə vətəndaşdan 500 manatlıq rüsum istənilir

Yardım almaq üçün də gərək pulun ola... - 200 manatlıq müavinətə görə vətəndaşdan 500 manatlıq rüsum istənilir Ünvanlı dövlət sosial yardımı ilə bağlı şəffaflıq artsa da, problemlər bitib- tükənmir. Qanunvericilikdə olan bəzi süni əngələr faktiki olaraq ehtiyac və səfalət içində yaşayan ailələrə bu dövlət yardımını almaq imkanı vermir.
Salyan rayonunun Arbatan kəndində yaşayan Taleh Oktay oğlu Babayev üzləşdiyi problemlə bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cəlim Müslümova müraciət edib. Surəti redaksiyamıza göndərilən həmin müraciətdə Salyan sakini bu yardımı almaq üçün rəsmilərdən əlavə yardım istəyib:
“Mən 7 nəfərdən ibarət ailəmlə yuxarıda göstərilən ünvanda yaşayıram, himayəmdə 2-si xəstə və əlil olmaqla 5 azyaşlı uşaq var. 2017-ci ilin may ayınadək hər ay 200 manat olmaqla ünvanlı dövlət sosial yardımı alır və bununla minimal səviyyədə yaşayışımızı təmin edirdik. Bu yardımın kəsilməyi bizi ehtiyac və məhrumiyyət içərisində qoyub.
Ünvanlı dövlət sosial yardımı almaq üçün yenidən müraciət etmək istədikdə, bürokratik əngəllə üzləşmişəm. Belə ki, mənim adım 1998-ci ildə atamın adına işlənmiş pay torpağı verilməsinə dair dövlət aktında keçir. Həmin aktla 12 nəfərdən ibarət ailəyə ümumilikdə 2,87 ha torpaq sahəsi verilib ki, onun da 1/12 hissəsi, yəni 0,24 ha mənim payıma düşür. Məndən tələb olunur ki, öz payıma düşən torpağı ayrıca olaraq dövlət reyestrindən keçirim və onun çıxarışını təqdim edim. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin yerli idarəsindən bildirirlər ki, bu sənədi əldə etmək üçün 1 ay vaxt və azı 500 manat pul lazımdr. Yeni “çıxarış”ı almaqdan ötrü əvvəlcə aktın özünün “çıxarış”ı olmalıdır. Bundan ötrü DƏDRX-yə 130, notariusa 110 manat rüsum ödəməliyəm. Sonrakı mərhələdə mənim və yerdə qalan 11 nəfərin adına ayrıca olaraq çıxarış hazırlanmalıdır ki, bu sənədlərin hər birinə 120 manat rüsum ödəməliyəm.

Hörmətli Mehriban xanım! Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratdığı bu bürokratik əngəl mənə və ehtiyacı olan xeyli sayda digər vətəndaşa dövlət yardımını əlçatmaz edib. Faktiki qazancı yaşayış minimumundan aşağı olan ailə, lüzumsuz sənədləşməyə görə bu qədər pulu haradan, necə əldə edə bilər? Dövlət əgər doğrudan da ehtiyacı olan insanlara kömək etmək istəyirsə, ya bu “çıxarış oyunu”nu kənara qoysun, ya da sənədlərə görə yaranan xərci (rüsumları) öz boynuna çəksin.
Sonuncu dəfə mənim ailəmə təyin edilmiş yardımın aylıq məbləği 200 manat idi. Tutaq ki, “çıxarış” üçün tələb olunan 500 manatı kimdənsə borc aldım və mənə yenə 200 manatlıq aylıq yardım təyin edildi. Belə çıxır ki, mənim azyaşlı uşaqlarım 2 ay yarım ac qalmalıdır ki, borcu qaytarım. Maddi imkansızlığa görə “çıxarış” ala bilməyənlərin taleyi necə olmalıdır- bunu düşünürsünüzmü? Axı bu ailələrin “çıxarış”a yox, yardıma ehtiyacı var. “Çıxarış” əldə edə bilmirsə, acından ölməlidirmi?
Bəzi insanlar bu mənasız sənədə görə risq edib xərc çəkə bilmir, ehtiyat edir ki, hətta “çıxarış” alsa belə, hansısa digər səbəbdən yardım təyin edilməyə, nəticədə onsuz da yaxşı olmayan vəziyyəti daha da pisləşə bilər. Dövlət orqanları tərəfindən bu, bir pis yanaşmadır ki, faktiki ehtiyacı olan, lakin imkansızlığa görə tələb olunan bütün sənədləri toplaya bilməyən vətəndaşlar taleyin ümidinə buraxılır. Bu isə onları normal qidalanmadan, sosial xidmətlərdən məhrum etmək, intihara, cinayətkarlığa, dələduzluğa sövq etməkdir.
Konstitusiyamızda yazılıb ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Hazırkı vaxtda ünvanlı dövlət sosial yardımı ilə bağlı şərtlər, dövlət rüsumlarının məbləği elədir ki, bu yardımı almaqdan ötrü əlavə yardıma ehtiyac var. Xahiş edirəm mənə kömək edin ki, dövlət yardımından istifadə edib ailə üzvlərimin maddi təminatını ödəyə və müalicəsini təşkil edə bilim.”

Qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ
Geri qayıt