10 manata istirahət vədi: - Vəd olaraq qalır

10 manata istirahət vədi: - Vəd olaraq qalır Azərbaycanda turizm məkanlarının qiyməti “od-tutub” yanır. Sirr deyil ki, bu gün turizm ən gəlirli sahəərədn birinə çevrilib. Hələ də bir çox istirahət mərkəzlərində qiymət yuxarı, xidmət isə aşağı səviyyədədir. Xatırladaq ki, ölkə başçısı turizm qiymətlərinin yüksək olması ilə bağlı irad bildirmişdi. Ölkə başçısının iradından sonra bu məsələdə müəyyən qədər irəliləyiş baş verdi. Amma mövcud sahədə yenə də problemlər qalmaqdadır. Konkret olaraq bu gün Azərbaycanın turizm sektorunda xidmət qiymətləri əhalinin gəlirlərinə uyğun deyil.
Maraqlıdır ki, turizm sektorunun mövcud vəziyyəti ilə bağlı durumu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev görə bilmir. Turizm məkanlarında olan kəskin bahalığı normal qiymətləndirən nazir bu xidmətin sərfəli və uygun keyfiyyətə malik olduğunu vurğulayıb.
“Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Mənim də sualım var, siz istəyirsiniz ki, tam pulsuz xidmətlər olsun?” Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır: “Dünən bütün rayonlar üzrə təhlil aparmışam. Elə rayonlar, elə məkanlar var ki, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.
Azərbaycanın turizm sektorunda güclü rəqabət gedir. Bu rəqabət bütün sahələri əhatə edir. Həm keyfiyyət, həm xidmət və həm də qiymət sahəsində artım nəzərə çarpır. Azərbaycandakı qiymətlər anlaşılan deyil. Ekspertlərin fikrincə, əsas problem Azərbaycanın turizm sektorundakı təklif olunan xidmətlərin qiymətlərə uyğun olmamasıdır. Bu balansın pozulması nəinki xaricdən turistlərin Azərbaycana gəlməsinin qarşısını alır, hətta Azərbaycandan digər ölkələrə turist axınına gətirib çıxarır. Qiymətlərin belə kəskin baha olmasının sektorun özünə bağlı olan və olmayan səbəbləri var. Azərbaycanın bir çox bölgələri artıq turist mərkəzləri kimi formalaşsa da, xidmətlərdə bahalıq insanları həmin mərkəzlərə cəlb etmir. Nəzərə alsaq ki, Azərbaycanın hər bölgəsinin öz təkrarolunmaz gözəlliyi və üstünlükləri var. Amma qiymətlərdəki bahalıq hətta yerli vətəndaşları belə istirahət mərkəzlərində dincəlməkdən yayındırır. Çünki həmin qiymətlərlərdən daha ucuz və yüksək xidmətlərlə qonşu ölkələrdə istirahət etmək mümkündür.
Ekspertlər hesab edir ki, yüksək keyfiyyət və sərfəli xidmətlərlə yerli vətəndaşları, hətta əcnəbiləri ölkəmizin turist zonalarına cəlb etmək olar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyi kimi turistlərin 10-30 manata istirahət məkanlarına yerləşdirilməsi fikri doğru deyil. Kimsə Azərbaycanın hətta xidməti aşağı olan turizm məkanlarında istirahət etmək üçün xeyli vəsait xərcləməli olur. Halbuki xərclədiyi qiymət qarşılığında xidmət görmür. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirirlər. Beş-altı nəfərdən ibarət ailənin hansısa məkana daxil olmasına təkcə 100 manat xərclənir. Məkandan istifadə və digər xərcləri isə üstünə gəlsək, bu 1000 manatdan yuxarı pul edir. Ona görə də normal düşünən və istirahət etmək istəyən şəxs dincəlmək üçün daha sərfəli məkanlara, bir sözlə xaricə üz tutmağı daha məqbul hesab edir. Çünki yerli turizm məkanında həm yüksək xidməti, keyfiyyəti, həm də vəsaitini boş yerə israf etmək vətəndaşın cibinə, özünə ziyandır.
Əldə etdiyimiz məlumata görə yay aylarında Azərbaycanın turizm mərkəzlərində istirahət daha da bahalaşacaq. Əsasən hotellərdə gecələmək xidmətləri “cib yandıran” məbləğlərdə təklif olunacaq. Bu isə az da olsa, yerli mərkəzlərimizdə dincəlmək istəyənlərin arzularını ürəyində qoyacaq. Bununla da yerli vətəndaşların qonşu ölkələrə-əsasən Türkiyə, Rusiya, Gürcüstana axın edəcək turistlərin sayını artırmış olacaq.
Geri qayıt