"«Qaçqınkom» sədri bizi qəbul etdi, söz verdi ki..." - ŞİKAYƏT

"«Qaçqınkom» sədri bizi qəbul etdi, söz verdi ki..." - ŞİKAYƏT «Onsuz da dolana bilmirdik, bir tərəfdən də dondurulmuş maaşlarımızı kəsiblər. Acından ölürük». İyunun 1-də Kəlbəcər, Şuşa, Ağdam, Laçın və işğal altında olan başqa rayonların məktəblərində çalışan müəllim köçkünlər Nazirlər Kabinetinin qarşısına toplaşıblar. Təhsil, səhiyyə, mədəniyyət sahələrində və başqa dövlət orqanlarında çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerlərindən məhrum olan köçkünlərə uzun illər idi ki, orta aylıq (dondurulmuş) əməkhaqqı verilirdi. Bu ilin yanvarından bu ödənişlər hökumət tərəfindən dayandırılıb.
Köçkün məktəblərindən birində müəllimə işləyən Zülfiyyə Ağayeva dondurulmuş maaşın kəsilməsini «ədalətsiz qərar» adlandırır: «Yurdumuza qayıdana və işimizə bərpa olunanadək o maaş bizə verilməliydi. Bu vəsait yanvarda kəsilib. Həmin vaxt etiraz edəndə «Qaçqınkom» sədri Əli Həsənov bizi qəbul etdi, söz verdi ki, məsələni qaldıracaq, müsbət həllinə çalışacaq. 5 aydan çox keçib, amma bir irəliləyiş yoxdur».
Başqa müəllim Səfayə Qurbanova: «İşğal altında olan rayonlarda 300 minə yaxın iş yeri itirilib. Büdcədən maliyyələşən müəssisələrdə çalışan insanların əksəriyyəti işsiz qalıb. Hökumət isə həmin işçilərin sosial vəziyyətini nəzərə alaraq onların maaşlarının saxlanması barədə qərar qəbul edib. Bu qərar ədalətsizdir».
Köçkünlər hələ də Nazirlər Kabinetinin binası qarşısındadırlar. Tələbləri dinlənməyincə və hər hansı qərar qəbul olunmayınca dağılışmayacaqlarını bildirirlər.
Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 182 nömrəli qərarının 2-ci bəndinin müddəti bu il dekabrın 30-dək uzadılmayıb. Bununla da büdcədən orta aylıq (dondurulmuş) əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə ödənişlər bu ilin yanvarından dayandırılıb.
Narazı köçkünlər bundan əvvəl də bir neçə dəfə Nazirlər Kabinetinin qarşısına toplaşaraq etiraz ediblər.
Geri qayıt