BŞİH xarici banka məxsus binanı söküb, tərəflər kompensasiya barədə razılığa gələ bilmir

BŞİH xarici banka məxsus binanı söküb, tərəflər kompensasiya barədə razılığa gələ bilmir Bakı şəhərinin İcra Hakimiyyəti başçısı (Hacıbala Abutalıbov - red.) tərəfindən yeni parkın tikintisinə dair verilmiş 18 noyabr 2014-cü il tarixli sərəncama əsasən, "Bank Melli İran Baku"ya (İran Milli Bankının Bakı filialı) məxsus 9 mln. 295 min 964 manat xalis dəyərində bina sökülüb. Bu barədə məlumat bankın 2016-cı il üzrə audit hesabatında öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, tərəflər kompensasiyaya dair razılığa gələ bilmirlər: "Buna baxmayaraq, bankın rəhbərliyi inanır ki, onların şərtləri qəbul ediləcək. Hazırda bank dəymiş zərər üzrə kompensasiya əldə etmək üçün tədbirlər görür. Bu məsələyə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır. Bank binanın sökülmə tarixində xalis qalıq dəyərinə, yəni yığılmış köhnəlmə çıxılmaqla yenidən qiymətləndirilmiş dəyərinə bərabər məbləğin əldə edilməsini iddia edir. Bina 3 iyul 2013-cü il tarixində Müstəqil Qiymətləndirici Şirkət tərəfindən yenidən qiymətləndirilib. Qiymətləndirilmə üçün istifadə edilmiş əsas əvəzedilmə dəyəri, diskontlaşdırılmış pul axını və bazar dəyəri metodlarının yığımı olub. Binanın qiymətləndirmədən sonrakı ədalətli dəyəri 9 mln. 400 min manat təşkil edib. Bina ilkin olaraq bankdan alınmış depozitlər üçün "Royal Bank" tərəfindən girov qoyulub. Bu girov dəyərsizləşmə üzrə ehtiyat qarşılığında 2013-cü ildə məhkəmə qərarı ilə bank tərəfindən əldə edilib, binalar və avadanlıqlar kimi tanınıb və ilkin olaraq yenidən qiymətləndirilmiş dəyərdə qiymətləndirilib".
Geri qayıt