"Qarabağ veteranını şərləyib həbsə göndərmək istəyirlər" - Törətmədiyi cinayətə görə 7 il həbs?

"Qarabağ veteranını şərləyib həbsə göndərmək istəyirlər" - Törətmədiyi cinayətə görə 7 il həbs? 2019-cu il 13 aprel tarixində İmişli rayonunda baş verən ağır qətl hadisəsinin üstü açılsa da, bunbdan sonra baş verənlər, xüsusilə prokurorluq orqanlarının fəaliyyəti zərərçəkənlərin ciddi narazılığına səbəb olub. Söhbət Seyidov Orman Mirhəsən oğlu ilə sevgilisi Nağıyeva Ayşən Mirhəsən qızının ikincinin qaynı arvadı Vahidə Məmmədovanı qətlə yetirməsindən gedir.

Tanınmış vəkil Adəm Məmmədovun hadisə barədə verdiyi məlumatdan belə aydın olur ki, Vahidə Məmmədova qaynı arvadı Ayşən Nağıyevanı və Orman Seyidovu təsadüfən birincinin otağında qeyri-etik vəziyyətdə yaxalayıb və hər şeyi açıqlayacağını deyib. “Sevgililər” hər şeyin ortaya çıxacağından qorxaraq Məmmədova Vahidəni 3 yaşlı oğlunun gözü qarşında amansızlıqla qətlə yetiriblər. Onun meyidini Orman Seyidovun yaxınları Surxayzadə Anar Fizuli oğlunun və Calalzadə Hikmət Rasim oğlunun köməkliyilə birincinin “Mersedes Benz” markalı, 99-CF-146 dövlət qeydiyyat nişanlı avtomobilində hadisə yerindən uzaqlaşdıraraq, çaya atıblar.

Mərhumun qonşularından biri qonşusunun evinin qarşısında tanımadığı avtomobilə böyük torbada nəsə yükləndiyini görərək, Ayşənin həyat yoldaşı Emin Məmmədova zəng edərək, bu barədə xəbər verib. E.Məmmədov və qardaşı, mərhumun həyat yoldaşı Umudvar Məmmədov evə gəlsələr də, Vahidə Məmmədovanı tapa bilməyiblər.

Avtomobilin Anar Surxayzadəyə məxsus olduğu müəyyən ediləndən sonra hadisənin üstü açılıb. Çoxsaylı təkidlərdən sonra Surxayzadə Anarla birlikdə digər şəxslər meyitin atıldığı yerə gediblər. Meyidin olduğu torba tapıldıqdan sonra hər kəs dəhşətli mənzərə ilə qarşılaşıb. Vahidənin başına qara sellefon keçirilmiş, qan içində və ağzına çirkli uşaq bezi tıxanmış cansız bədəni…

Bu zaman mərhumun dayısı, Qarabağ Müharibəsi veteranı Şirəliyev Canəli Əvəz oğlu və mərhumun həyat yoldaşı Məmmədov Umudvarla Anar Surxayzadə arasında mübahisə düşüb. Canəli Şirəliyev A.Surxayzadəyə bir sillə vurub və Surxayzadənin atası onları aralaşdırıb. Hadisə yerində olan Umudvar Məmmədov isə A.Surxayzadəyə 4 bıçaq zərbəsi endirib. Lakin yetirilən xəsarətlər ölümcül olmayıb.

Vəkil Adəm Məmmədov bildirir ki, ibtidai istintaq orqanı baş verən bu hadisəylə bağlı qanunsuz qərarlar verib. Belə ki, Surxayzadə Anar və atası yalandan ifadə verərək guya Canəlinin də onu bıçaqladığını, tanımadığı şəxslər tərəfindən döyüldüklərini bildiriblər.

Bütün şahid ifadələri, ekspert rəyləri, ata və oğulun ifadəsindəki ziddiyyətli hallar ibtidai istintaq orqanı tərəfindən nəzərə alınmayıb, Adəm Məmmədovun hüquqlarını müdafiə etdiyi Şirəliyev Canəli və Məmmədov Umudvara AR CM-nin 126.2.1, 126.2.3-cü maddələri ilə ittiham elan edilib. Vəkil bildirir ki, bacısı qızı vəhşicəsinə öldürülən Şirəliyev Canəli sadəcə Surxayzadə Anar və atası Astanov Fizulinin qeyri-səmimi, yalan, böhtan xarakterli ifadələrinə əsasan cinayət məsuliyyətinə cəlb olunub: “Hüquqlarını müdafiə etdiyim şəxsin də dediyi kimi ölən də bizdən, tutulan da bizdən. Atalar demiş, oğru elə bağırdı, doğrunun bağrı yarıldı…”


Vəkil bildirir ki, Surxayzadə Anara AR Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə (qababcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) ittiham verilərək barəsində həbs qətimkan tədbiri seçilsə də o, sonradan azadlığa buraxılıb: “Hazırda həmin cinayət işi İmişli Rayon Məhkəməsinin icraatındadır. Günahsız birinin bu cür vicdansızın ifadəsinə əsasən ittiham edilməsi ədalətsizlikdir. Vicdan sahibi olmayan Surxayzadə Anar öz cinayətkar əməlini yumşaltmaq, insanların gözündə mərhəmət qazanmaq üçün günahsız bir şəxsə böhtan atır. Nə yazıq ki, İmişli rayon prokurorluğunun əməkdaşları da ata-oğlun istədiyinə nail olması üçün lazım olan hər şeyi ediblər. Şirəliyev Canəli Əvəz oğlu Surxayzadə Anara bıçaqla xəsarət yetirməmiş, sadəcə ona bir sillə vurmuşdur. Bunu şahid ifadələri, ata-oğlun ifadəsindəki ziddiyyətlər, ekspert rəyi və digər hallar da bir daha təsdiq edir. Qarabağ müharibəsi veteranı Şirəliyev Canəli Əvəz oğlunu günün-günorta vaxtı şərləyib 7 il azadlıqdan məhrum etmə cəzasına məhkum etmək istəyirlər.”

Sonda qeyd edək ki, hazırda iş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin icraatındadır. Vəkil A.Məmmədov bildirir ki, hakimin Şirəliyev Canəli Əvəz oğlu barəsində bəraət hökmü çıxaracağına ümid edir.

“AzPolitika.info”


Geri qayıt