NƏRİMANOV RAYONUNDA BAYRAM ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİ ZİYARƏT EDİLMİŞDİR

Şəhid ailələrinin, qazilərin və hərbi xidmətdən tərxis olunanların hər birinin qayğıları həmişə olduğu kimi, bu gün də Nərimanov Rayon İcra Hakimiyyətinin nəzər və diqqətindədir. Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və əməkdaşları, rayon Bələdiyyəsinin sədri qarşıdan gələn Ramazan bayramı ərəfəsində də bütün şəhid ailələrini ziyarət etmiş, qazanılmış Zəfərdə misilsiz rolu olan şəhidlərin heç vaxt unudulmayacağını, dövlətin, xalqın və sakini olduqları rayon icra hakimiyyətinin hər bir əməkdaşının daim onların yanında olduğunu bildirmişlər. Onu da qeyd edək ki, şəhid ailələrinə İcra Hakimiyyəti tərəfindən mütəmadi baş çəkilir, qayğıları öyrənilir, onların həlli üçün lazımi tədbirlər görülür.
Artıq rayon icra hakimiyyətinin hər bir əməkdaşı üçün əzizləşmiş şəhid ailələrinin üzvləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən onlara göstərilən qayğı və diqqətə görə onlara öz minnətdarlıqlarını bildiriblər.



