Bakıdakı çiyələklər İsraildən gətirilib

Bakıdakı çiyələklər İsraildən gətirilib Çiyələk və alça yeməyin-həkimlərdən xəbərdarlıq.
Hansı tərəfə baxsaq piştaxtalarda alça və iri qırmızı çiyələklərin “göz oxşadığını” görərik. Satışda olan xüsusilə də bu meyvə və giləmeyvənin yanından etinasız, almadan, dadmadan çox az adam keçə bilər. Xüsusən də evdə uşaqları olanlar nübar meyvə olaraq bu iki meyvədən uşaqlarına daddırır. Ancaq pediatr Vaqif Qarayev hazırda satışda olan çiyələk və alçanın yeyilməsini məsləhət görmür, xüsusən də uşaqlarda bunun mənfi təsirlərinin ola biləcəyini vurğulayır.
Açıqlama verən həkim bu meyvələrin uşaqlarda allergiya və mədə-bağırsaq pozğunluğu yarada biləcəyini dedi: “Məntiqlə çiyələk də, alça da faydalı giləmeyvədir. Onların tərkibindəki vitaminlər, mikroelementlər həm qan damar, həm mədə-bağırsaq, tənəffüs sisteminə, intellektə müsbət təsir edir. Xüsusən də çiyələkdə C vitamini çoxdur. Amma sadaladığımın bu faydalı elementlər təbii, indi piştaxtaları bəzəyən çiyələk və alçaya aid deyil. Hazırda satılan alça və çiyələyin tərkibinə müxtəlif kimyəvi maddələr, gübrələr vururlar ki, tez yetişsin. Satışda olan çiyələyə diqqət edin, sanki rəssam əli ilə çəkilib rəngi, forması. Biz bu giləmeyvəyə gözlə baxanda bilirik ki, onu təbiət yetişdirməyib. Sanki insan əli ona müdaxilə edib. İndi satılan meyvələr birmənalı olaraq məsləhət deyil. Yaz-payız aylarında allergik problemlər kəskinləşir. Səhərdən artıq 3-cü uşaqdır ki, çiyələkdən allergiya olduğu üçün yanıma gətirilib. Bəzən olur ki, uşağın əvvəlcədən allergik problemi olub, indi isə yediyi çiyələk onu kəskinləşdirib. Hazırda süni yolla yetişmiş alça və çiyələk allergiya ilə yanaşı, mədə-bağırsaq pozğunluğu da yaradır. Azərbaycanda meyvələr də, giləmeyvələr də tez yetişir. Bayaq mənə bir xanım yazmışdı ki, mən həyətimdə yetişən alçadan uşağıma vermişəm. Həyətdəki alça ağacına da tez yetişsin deyə kimyəvi maddələr, gübrələr verilməyibsə, o təbii yetişibsə, onun uşağa heç bir zərəri ola bilməz. Söhbət süni müdaxilədən gedir. Küçələrə baxın, hər yer qırmızıdır, pomidor, çiyələk. Pomidor da əslində süni yetişdirilib. Sanki şprisi götürüb qırmızı boyanı vurub pomidoru, çiyələyi rəngləyib şişirdiblər. Onların nə dadı var, nə də ki, tamı. Bir azdan meşələrdə insanlar çiyələk yığan yerdə facebookda şəkillərini paylaşacaqlar. Bax, o çiyələklər çox faydalıdır. Alçadan hazırlanan lavaş, turşu, quru meyvə faydalıdır. Həmçinin çiyələyin də quru giləmeyvəsi, şirəsi olduqca faydalıdır. Amma indi satılanlar yox”.
Hazırda hansı meyvələri yeməyin daha faydalı olacağına gəlincə isə V.Qarayev hazırda köhnə məhsulların bitdiyini, yenisinin isə çıxmadığını dedi: “İndi ilin pis vaxtı, yəni keçid vaxtıdır. Köhnə qurtarıb, təzə də çıxmayıb. Hazırda uşaqlarda vitaminsizlik var. Kim təbii yolla hansı meyvəni, giləmeyvəni, tərəvəzləri yetişdiribsə, yeyə bilər. Ola bilər ki, hazırda satılan o iri çiyələkləri yeyənlər desin ki, heç bir fəsadı olmadı. Bu ola bilər ki, zərəri olmasın, amma bir faydası da yoxdur”.
Qeyd edək ki, vaxtından əvvəl yetişdirilən meyvə və tərəvəzlərin tərkibində istifadə edilən kimyəvi maddənin miqdarının çoxluğu zəhərlənməyə də yol aça bilər. Çiyələk güclü allergik xüsusiyyətə malik olduğuna görə bu giləmeyvə hamilə və uşaq əmizdirən qadınlar və balaca uşaqlar üçün əks göstərişdir. Həmçinin mədə xorası və qastrit xəstəliyi olan insanlara da çiyələkdən imtina etmək lazımdır. Digər meyvə və giləmeyvələr kimi çiyələyi də qida qəbulundan dərhal sonra qəbul etmək olmaz. Bu halda mədədə qıcqırma prosesləri başlayır. Çiyələyi qida qəbulları arası yemək lazımdır.
Çiyələk təbii antioksidant olaraq bədəndən zərərli maddələrin xaric olunmasında böyük rol oynayır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, iri ölçülü çiyələklər GMO ola bilər: “Xarici ölkələrdən çiyələk növü gətirilib. Bizdə olan məlumatlara görə, bu çiyələklər İsraildən gətirilib. Bunlar da Genetik Modifikasiya Olunmuş (GMO) çiyələklərdir. Azərbaycanda çiyələklər əkilir, genişlənilir və ətraf mühitə ciddi mənfi təsir göstərir. Vaxtından əvvəl çıxarılan çiyələklərin tərkibində təkcə GMO yox, eləcə də onlara verilmiş gübrələrin komponentləri var. Çiyələk torpaqla təmasda olur və ən zərərli bakteriyalarda olur. Güman olunur ki, satışda olan çiyələklər təhlükəli, insanları zəhərləyən çiyələklər ola bilər. Böyük çiyələklər isə GMO çiyələklər kimi şərh oluna bilər”.
Geri qayıt