Dilavər Əzimlinin xanımı FHN-nin xəstəxanasından şikayətçidir - Fotolar

Dilavər Əzimlinin xanımı FHN-nin xəstəxanasından şikayətçidir - Fotolar Martın 3-də koronavirusdan dünyasını dəyişmiş tanınmış tarixçi alim Dilavər Əzimlinin həyat yoldaşı Arzu Qazıyeva Fövqəladə Hallar Nazirliyinin Zığda yerləşən modul tipli xəstəxanasından şikayətçidir.

Unikal.org xəbər verir ki, alimin xanımı sosial şəbəkə vasitəsilə xəstəxananın baş həkimi İmran Ağayevə müraciət edərək xəstəxana işçilərinin Dilavər Əzimliyə və əşyalarına qarşı məsuliyyətsizlik göstərdiklərini bildirib:

“Əşyalarını iri qara sellofan torbada gətirmişdilər. Torbanın çirkindən cin hürkürdi. İçindəkiləri çıxarmaq üçün bağını açanda quruyub qaldım. Palto, papaq, yun şərf, poluver, şalvar və s. ələ gələsi deyildi. Pasiyent reanimasiyaya köçürülən kimi bütün əşyaları anbara verilmişdi. Orda da onları bataqlıq çamırındakı tək çürütmüşdülər. Bu qeyri-insanlığın müəllifini tapa bilmədik. Tibb bacısı anbardar Elmarın, anbardar tibb bacısının üstünə atdı. Mənə min cür bəhanə gətirdilər, gah dedilər qaytarmırıq, gah dezinfeksiyadan, gah da yandırılmadan uzun-uzadı cəfəngiyyat danışdılar.

Danışmağa sözləri bitəndə məsul şəxsi tələb etdik. O, harasa “buxarlanmışdı”. İşin qızğın vaxtında itib-yoxa çıxmışdı. Mən yalnız saatını, telefonunu, özü ilə orda da oxumağa apardığı iki kitabını, eynəyini və kiçik əl çantasını götürə bildim”.

A.Qazıyeva həyat yoldaşının müalicəsinin düzgün aparılmadığını qeyd edib:

“Xəstəliyin artan xətlə getmə riski qarşılığında “sən yüngülsən” deyib yüngül müalicə ilə də məsuliyyətsizcəsinə ağırlaşdırdığınız üçün kiminsə tükü tərpənir? Öz ayağı ilə xəstəxanaya gedən, nə təngnəfəsliyi, nə boğulması olan adam, həqiqətən də, lazımi müalicə alırdısa, necə oldu ki, 4 gün müddətində birdən-birə və doğrudanmı reanimasiyalıq oldu? Biri 20%, digəri 5% zədələnmiş ciyərlərin bir neçə günə böyük sürətlə tam sıradan çıxması inanılmazdır!!! Bəs siz özünüz necə, inanırsız?? Həkimi demişdi ki, o, EKMO aparatına qoşulduğu zaman ciyərlərinin ikisi də, hətta 5% zədələnmiş ciyəri də 100% zədələnmişdi. Mənim açıq qalmış və şübhə doğuran suallarım çoxdan çoxdur.

İmzanızla mənə verilmiş xəstəlik epikrizini diqqətlə oxudum. Dilavərin telefonundakı mesajlarla tutuşdurdim – o qədər uyğunsuzluq var ki. Çox uzağa getmirəm, təkcə iki cümlə ilə - “Aparılan bütün tədbirlərə əsasən (!) xəstənin vəziyyəti pisləşməyə davam etdmişdir”, ekmoda olduğu halda “SPO2 səviyyəsi azaldı" (???) cinayət işi başlatmaq olar”.

Xatırladaq ki, daha əvvəl sözügedən xəstəxanada koronavirusdan dünyasını dəyişən pasiyent Bəhram İbrahimovun da həyat yoldaşı şikayətçi olmuş, mərhum ərinin mobil telefonunun oğurlandığını bildirmişdi. Xəstəxanadan verilən açıqlamada isə B.İbrahimovun əşyaları arasında mobil telefon olmadığı bildirilmişdi.
Dilavər Əzimlinin xanımı FHN-nin xəstəxanasından şikayətçidir - Fotolar


Geri qayıt