Azərbaycan bazarında saxta diş pastaları və... - “brend” adı altında keyfiyyətsiz geyimlər…

Azərbaycan bazarında saxta diş pastaları və... - “brend” adı altında keyfiyyətsiz geyimlər… Hər bir müştərinin maliyyə vəziyyətindən aslı olmayaraq, aldığı məhsulun keyfiyyətini və harda istehsal olunmasını bilmək hüququ vardır. Müştərilər bunu QR kodu (quick response – çevik cavab) və barkodlar vasitəsilə müəyyənləşdirə bilər.

Məlumat üçün bildirək ki, barkod 1949-cu ildə yaranıb, lakin məlumat oxumaq üçün xüsusi avadanlıq olmaması səbəbindən müxtəlif sahələrdə inkişaf vaxtında həyata keçirilməsinin qarşısını alıb.

Bu gün demək olar ki, bütün istehsal məhsullarının öz unikal kodu var. Günümüzdə mağazaların əksəriyyəti QR kodu və barkod olmadan məhsulları qəbul etmir.

Əslində, barkodlar marketlər üçün əməliyyatları sürətləndirmək və anbarlara daha güclü nəzarət etmək üçün hazırlanıb. Ancaq sistem o qədər müvəffəq oldu ki, sürətlə hər cür satılan əşyaya tətbiq edilməyə başlandı. İndi super-marketdən aldığınız və üstündə barkod olan hər hansı bir məhsulu saniyələr içərisində yoxlaya bilərsiniz.

Çox təəssüf ki, Azərbaycanda son vaxtlar alış-veriş məkanlarında saxta məhsulların sayı daha da artmaqdadır. Qısa araşdırma aparsaq, hər birimizə məlum olacaq ki, ay ərzində büdcəmizin önəmli hissəsini sərf etdiyimiz əksər malların keyfiyyət göstəricisi tamamilə aşağıdır. Üstəlik, bəzi məhsulların mənşəyi bəlli olmadığından, sağlamlığımızı üçün böyük təhlükə olduğu da qaçılmazdır.

Qeyd edək ki, məhsulların üzərinə vurulan saxta barkodlarla bağlı redaksiyamıza çoxsaylı şikayətlər daxil olur. Oxucularımız deyir ki, məşhur geyim mağazalarının əksəriyyətində geyimlərin üzərinə saxta barkodlar yerləşdirilir. Məsələn, geyim mağazasından alacağımız paltarın barkodunu oxutduğumuz zaman “maşın ehtiyyat hissəsinə” aid olduğu göstərilir.

Əlbəttə, ölkəyə belə saxta malların daxil olmasının səbəbi istehlakçı siyasətinin bərbad vəziyyətdə olmasıdır. Ən maraqlısı isə odur ki, digər bir oxucumuz super-marketdən məşhur xarici marka sayılan “Sensodyne” diş pastası aldığını, lakin məhsulun saxta çıxdığını iddia edir. Onun sözlərinə görə, diş pastasının qutusunun barkodunu xüsusi proqram vasitəsiylə yoxlayan zaman hansısa saat markasına, diş pastasının üstündəki kodu yoxlayan zaman isə avtomobil ehtiyat hissələrinə aid məlumatlar çıxır.

“Hürriyyət” “Sensodyne” şirkətinin Azərbaycandakı nümayəndliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin diş pastasının üzərində qeyd edilən telefon nömrələrindən biri tamamilə yanlış idi, digərinə isə ümumiyyətlə cavab verilmədi. Burdan belə qənaətə gəlmək olar ki, burda barkod saxtakarlığı ilə yanaşı, ünvan və telefonlr da düzgün qeyd olunmayıb…

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq. Eyyub Hüseynov “Hürriyyət”ə bildirdi ki, xarici məhsulun barkodunun başqa ad altında yerləşdirilməsi malın şübhəli, bəzən də Azərbaycanda istehsal olunmağının sübutudur: “Barkodun malın keyfiyyətliylə heç bir əlaqəsi yoxdur. Bu, malın satışını və anbarlarda yerləşdirilməsini izləmək üçün yaradılmış bir sistemdir. Lakin məhsulun barkodunda başqa məhsulun barkodu çıxırsa, bu, istehlakçı hüquqlarının pozulmasıdır. Bu da malın üzərinə barkodun düzgün yerləşdirilməməsinin sübutudur. Nəticədə, istehlakçı saxta barkodla aldadılır. Çünki həmin paltarın, yaxud diş pastasının üzərinə maşın hissəsinə aid barkod yerləşdirilirsə, artıq məhsulla bağlı şübhələr yaranmağa başlayır.

Barkodun oxunmağı yaxşı cəhətdir. Bu o deməkdir ki, barkod qeydiyyatdan keçib. Lakin barkodun başqa ad altında yerləşdirilməsi malın şübhəli, bəzən də Azərbaycanda istehsal olunmağının sübutudur. Belə halda saxta barkodlu məhsulun Azərbaycanda istehsal olunması istisna olunmur. Demək olar ki, Azərbaycanda bu cür sexləri görə bilərik. Nəticədə, onlar da saxta barkodlar yapışdırmaqla məhsulu xarici mal adı altında satırlar. Əgər vətəndaş bu cür hallarla rastlaşarsa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət dövlət xidmətinə məlumat verməlidir. Təəssüflər olsun ki, illər boyu bu qurum işlərini düzgün yerinə yetirmir. Onların əsas vəzifəsi istehlakçı hüquqlarını qorumaqdır. Artıq orda rəhbərlik dəyişib. Yeni rəhbərlikdən bu işdə ciddi addımlar gözləyirik. Köhnə komanda dəyişməlidir. Təsir altında olmayan bir quruma çevrilməlidir. Adətən məhsul gömrükdən keçən zaman məhsulun tarixinə, qiymətinə və vergisinə baxılır. Hazırda sənayə mallarının ölkəyə idxalındakı vəziyyət belədir”.

Hüquqşünas, professor Fərhad Mehdiyev “Hürriyyət”ə bildirdi ki, saxta məhsulların istehsalı qanunla qadağandır: “Əgər hansısa mal saxta deyilsə, onun barkodu da düzgün çıxmalıdır. Barkod səhv çıxırsa, ilk olaraq ağlımıza malın saxta olması gəlir. Bu da istehlakçıların aldadılması məsələsinə gətirib çıxara bilər. Ümumiyyətlə, saxta məhsulların istehsalı qanunla qadağandır. Əgər yeyinti məhsullarında bu cür hal baş verirsə, bu insan sağlamlığına zərər verə bilər. Saxta barkod gördüyümüz zaman, 30 məhsul arasında 5-i saxta barkodla çıxırsa, burda malın qarışıq düşməsindən söhbət gedə bilməz. Əgər məhsul qutunun içindədirsə, qarışıq düşməsi mümkün deyil. Məhsul qida xarakteri daşıyırsa, Qida Təhlükəsizliyi üzrə Dövlət Agentliyi bu işə nəzarət etməlidir. Amma digər məhsullara nəzarəti İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət dövlət xidməti həyata keçirir.

Məhsulların gömrükdə yoxlanılmasının da xüsusi qaydası var. Lakin bəzən məhsulları elə saxtalaşdırırlar ki, gömrük nəzarətində saxta olması bilinmir. İstehsalçı adətən böyük şəhərlərdə distributor şəbəkələrini bilir. Əgər distributur şəbəkəsində olmayan biri həmin malı satırsa, mal araşdırılır. Yəni Gömrük Komitəsinə müraciət edilir. Mütləq şəkildə istehlakçı tərəfindən müraciətlər olunmalıdır. Gömrük Komitəsi tərəfindən də məhsullara bir daha yoxlamalar aparılmalıdır”.

Hüquqşünas Sərvər Süleymanlı isə dedi ki, barkodların saxta olması kütləvi şəkildə olduğuna görə, cinayət məsuliyyəti yarada bilər: “Bu, dövlətin görülmüş tədbirləriylə bağlı ümumi bir məsələdir. Çünki gömrük yoxlaması və nəzarəti inzibati hüquq aiddir. Sizin dediklərinizə əsasən deyə bilərəm ki, məhsulların üzərində barkodlar saxtalaşdırılır. Barkodların tələb edilməsinin əsas səbəbi məhsulun həqiqiliyini təsdiq etməkdir. Bu cür saxtakarlıqlar kütləvi şəkildə olduğuna görə, cinayət məsuliyyəti yarada bilər. Kütləvi əməliyyat qeyri-qanuni şəkildə aparılırsa, bu cinayət tərkibi yaradan haldır”.

Sosioloq Aynur Hacıyeva da dedi ki, bir sıra brend məhsulların satışı ilə məşğul olan mağazalarda saxta kodla və “brend” adı ilə məhsulların satışının həyata keçirildiyi həqiqətdir: “Təəssüflər olsun ki, keyfiyyətsiz saxta malların satışı hər zaman mövcud olub. Lakin son illərdə bu cür malların daha yüksək qiymətə satışı vüsət alıb. Bir sıra brend məhsulların satışı ilə məşğul olan mağazalarda saxta kodla brend adı ilə məhsulların satışı həyata keçirilir. Kodları yoxladıqda görərik ki, həmin məhsula aid deyil. Belə ki, satılan malların hər birinin sertifikatı olmalıdır və malların mənşəyi haqda məlumat verilməlidir. Aydın məsələdir ki, alıcıların bu sertifikatlarla tanış olmaq, daha sonra məhsulu almaq şansı yoxdur. Alıcılar yalnız məhsul kodu ilə tanış olub məlumatlana bilirlər. Bəzən kodlar saxta olur, bəzən də alıcıların kodlar haqqında məlumatı olmur. Nəticədə alıcılar aldanmış olur.

Qeyd etdiyimiz kimi hər bir məhsulun sertifikatı olmalıdır və bu sertifikatlar satış həyata keçırilən mağazada olmalıdır. Alıcının satıcıdan ilkin alış qiyməti və istehsal olunan ölkə haqqında məlumatı təsdiq edən sənəti tələb edib baxmaq hüququ var.

2008-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. Saxta və standarta uyğun gəlməyən məhsulların yoxlanması üçün Dövlət Komitəsi fəaliyyət göstərir. Bir sözlə, Azərbaycanda qanunlar öz qaydasındadır, lakin bu qanunların icrasını pozanlar mövcuddur”.

Görünən odur ki, barkodlarla bağlı nə tənzimləyici mexanizm, nə də qanun layihəsi qəbul edilməyib. Bu baxımdan da, istər xaricdən ölkəmizə idxal olunan, istərsə də ölkədə istehsal olunan məhsulların üzərində saxta barkodlar yerləşdirilir.
Geri qayıt