"Abşeron” Gənclər Şəhərciyinin problemləri: - nə sənəd var, nə də...

"Abşeron” Gənclər Şəhərciyinin problemləri: - nə sənəd var, nə də... “Abşeron” Gənclər Şəhərciyinin sakinləri suyun məhdudiyyətlə verilməsindən əziyyət çəkirlər. Bu barədə “Sherg.az”a şəhərciyin sakinləri məlumat veriblər.
Ərazidə yerləşən 10 mərtəbəli binaların sakinləri iddia edirlər ki, su səhər saat 7-dən 10-a kimi, axşam da eyni saatlarda verilir. Sakinlər neçə illərdir ki, bu problemin həll olunmadığını bildirirlər.

Mövcud durumla bağlı AVCİYA-nın Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Azərbaycanda kommunal xidmətlərin çox bərbad vəziyyətdə olduğunu bildirib:

“Bu hal həm suya, həm də qaz və mənzil istismar idarələrinə aiddir. Hər hansı bir xidmət müqavilə ilə olmalıdır. Məsələn, sovet dövründə mənzil istismar idarələri dövlət evlərinə xidmət etmək üçün yaranmışdı. Yəni dövlət evi tikirdi və vətəndaşa həmin evi mülkiyyət kimi yox, kirayə olaraq verirdi. Dövlət həmin evlərdə öz idarəsini yaradıb xidmət göstərirdi. İnsanlar kirayə pulu verirdi və qarşılığında mənzil istismar idarəsi onlara xidmət göstərir.
“Abşeron” Gənclər Şəhərciyindəki su probleminə gəlincə, bu binalar özəldir, yəni “Akkord” şirkəti binanı tikib və insanlar pul verib evi alıblar. Sadəcə olaraq sakinlərə hələ kupça verməyiblər. İnsanlar neçə ildir ki, orada yaşayır amma öz əmlakları üçün sənədləri yoxdur”.

M.Zülfüqarlı qeyd edib ki, sözügedən binanın su problemi məhz evə məxsus sənədlərin sakinlərdə olmamasından qaynaqlanır:

“Hətta orada elə evlər var ki, yaşayış yoxdur. Amma vətəndaşın qapısına yazıblar ki, “İşığa filan qədər borcun var”. Heç işığın çəkilməsi olmayıb, lakin işıq pulu yazıblar. Mənzil istismar idarəsi adlandırılan qurum müqavilə ilə əhaliyə xidmət etməlidir. Pulla verilən xidmətdir, sakinlər də pulu verirlər, niyə su ilə təmin olunmasınlar ki? Deməli binada özbaşınalıq baş alıb gedir”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə də əlaqə saxladıq.

Qurum sözçüsü açıqlamasında bildirdi ki, “Abşeron” Gənclər Şəhərciyinin yaxınlığında olan bütün binalarda su daimidir. Şəhərcikdə olan bu problem binanın özü ilə bağlıdır:

“Şəhərciyin öz su anbarları var. Bu problem “Azərsu”nun səlahiyyətindən çıxıb. Çünki şəhərcikdə su problemi ilə maraqlanmışıq. Problem bizdən qaynaqlanmır. Şəhərciklə üzbəüz olan bina, eyni zamanda yaxınlıqdakı digər binalarda hər saat su gəlir. Həmin binanın tikintisi ilə “Akkord” şirkəti məşğul olur. Ona görə də problemin nədən qaynaqlandığını bu qurumdan soruşmaq lazımdır”.

“Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası və kompleksin komendantlığı ilə əlaqə saxlamağa çalışsaq da, telefonlarımıza cavab verən olmadı. Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt