Özünüməşğulluq proqramının icrası zamanı qanunsuzluqlar barədə ŞOK FAKT - Belə yeyirlər, belə dağıdırlar...

Özünüməşğulluq proqramının icrası zamanı qanunsuzluqlar barədə ŞOK FAKT - Belə yeyirlər, belə dağıdırlar... Yoxsulluğun aradan qaldırılması və aztəminatlı insanların özünüməşğulluğunun təmin edilməsi üçün bu proqram əvəzsiz və önəmlidir. Qeyd edim ki, proqram dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsində də geniş yer alır. Ünvanlı sosial yardım və digər təyinatlı müavinətlərdan fərqli olaraq özünüməşğulluq proqramının icrası həm də işsizliyin aradan qaldırılması deməkdir. Məhz elə bu səbəbdən hər il milyonlarla dövlət vəsaiti sərf olunaraq minlərlə vətəndaş bu proqrama cəlb edilir.

Bəs dövlət üçün bu cür siyasi və iqtisadi əhəmiyyətə malik sosial proqram necə icra olunur?

Müşahidələrimiz ona göstərir ki, bizdə özünüməşğulluq proqramının həyata keçirilməsi zamanı kifayət qədər ciddi nöqsanlara və maddi maraqlara xidmət edən müdaxilələrə yol verilir.

Öncə…

Nazirlik tərəfindən məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər müəyyən olunur və biznesin təşkili ilə bağlı bir aylıq təlim kurslarına cəlb edilirlər. Elə yuxarıda qeyd etdiyimiz qanunsuzluqlar da məhz proqramın bu ilk mərhələsindən başlayır. Şimal bölgəsində apardığım kiçik bir araşdırma nəticəsində məlum oldu ki, kursa yazılan hər bir vətəndaşdan məşğulluq mərkəzləri 300-500 manat civarında vəsait tələb edir. Yalnız bu pulu ödəyən insanlar potensial imkanlı şəxs hesab olunaraq özünüməşğulluq proqramında ilk addımlarını atmış olur.

Mən də iki dəfə özünüməşğulluq proqramına cəlb olunmuşam. Dedilər “Gedib yazılırsan, sonra mal-qara verirlər”. Gedib müraciət etdikdən sonra mənə öncədən 500 manat pul vermək lazım olduğunu dedilər. O pulu verdim, 1 aydan sonra mənə iri buynuzlu heyvan verdilər. Amma iri olan yalnız heyvanın buynuzları idi.

Özünüməşğulluq proqramına cəlb edilən insanları narazı salan məqamlardan biri də verilən heyvanların zəif və çəkisiz olmasıdır. Hətta mal-qara elə durumda olur ki, onu bəsləməkdənsə, çoxları satmağı üstün tutur. Və proqramın qaydalarında nəzərdə tutulan müddət bitməmiş həmin mal-qara satılır. Bu məqamda xatırlatmaq istəyirəm ki, aktivlər verildikdən sonra da proqram iştirakçılarına biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlərin verilməsi təmin edilməli və özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılmalıdır.

Aktivlər necə nəğdləşdirilir?

Təlim kurslarının sonunda aktivlərlə təmin edilməli olan proqram iştirakçılarına bəzən aktivlərin əvəzinə nəğd vəsait təklif edilir. Və bir çox hallarda tərəflər arasında bu razılaşma baş tutur. Özünüməşğulluq proqramının icraatında yol verilən ən böyük qanun pozuntularından biri də budur.

İşsizliyin aradan qaldırılmasında müstəsna əhəmiyyət kəsb edən bu cür önəmli dövlət proqramının icraatında yol verilən bu qanun pozuntularına görə əlbəttə günahkar şəxslər cəzalandırılmalıdır. Və proqramın həyata keçirilməsinə birbaşa cavabdeh olan Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyi öz məsuliyyətini və bu proqramın ciddiyyətini yaxından dərk etməlidir.

Prezident İlham Əliyevin xüsusi nəzarətində olan özünüməşğulluq proqramı işsiz hər bir vətəndaş üçün ümüd şansdır. Bu ümüdləri bu şansları şəxsi maraqlar naminə məhv etmək, puç etmək olmaz!
Mənbə: 7times.az
Geri qayıt