"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ...

"Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik..." - ACINACAQLI MƏNZƏRƏ... "Son 6-7 aydır maaşımızı vaxtlı-vaxtında ala bilmirik. Hər ay maaşın 30-40 faizi ödənilir, amma o da kredit borclarına görə banklar tərəfindən tutulur. Etiraz aksiyaları da nəticə vermir, çarəsiz vəziyyətdəyik”. DİA.AZ bildirir ki, bunu “Bahar Energy” Əməliyyat Şirkətinin bir qrup əməkdaşı bildirib. Adlarının açıqlanmasını istəməyən şikayətçilərin sözlərinə görə, işçilərin çoxu banklardan kredit götürüb.

“Kredit götürərkən faizlərin maaşdan tutulması ilə bağlı bankların təkidi ilə razılıq vermişdik. Lakin həmin vaxt əməkhaqqını tam və vaxtında alırdıq. İndi maaşın yalnız 30-40 faizi karta köçürülür, bu barədə mesaj gəlir. Məsələn, mənə mesajın gəlməsi ilə pulu çıxarmağa getməyim 5-10 dəqiqə çəkir. Amma yenə də banklar məndən cəld tərpənir. Banka müraciət etmişik ki, kredit əməkhaqqıdan tutulmasın, amma nəticə vermir”,- işdən çıxarılacağından ehtiyatlanaraq adının açıqlanmasını istəməyən işçilərdən biri deyib.

İşçi bildirib ki, hələ də noyabr və dekabr aylarının maaşı ödənilməyib, oktyabr ayının isə yalnız müəyyən faizi verilib. Banklar kredit borclarına görə əlavə güzəştlər etmir, şirkət də maaşları ödəməyə tələsmir: “Üç azyaşlı övladım, 72 yaşlı anam mənim himayəmdədir. Günlərdir evə ət, meyvə ala bilmirəm. Vəziyyətin nə vaxta qədər belə davam edəcəyini bilmirik. Etiraz aksiyaları da nəticə vermir”.

Şikayətçilərdən biri isə bildirib ki, həyat yoldaşı vəfat edib, tənha qadındır. Övladının təhsil haqqını ödəmək üçün kredit götürüb, bank faizləri maaşından tutur: “Şirkətdə 800 işçi var, onlardan yarısı mənim vəziyyətimdədir, çoxu banklardan kredit götürüb, borcun içində üzürük. Elə işçi var ki, kredit faizi üç mini ötüb. Maaşı alıb faizi bağlamalıdır. Nə işdən çıxa bilirik, çünki şirkət borclu olduğu maaşı ödəməyəcək, nə də bu vəziyyətdə dolana bilirik. Şikayətimizə məhəl qoyan yoxdur”.
Geri qayıt