Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti niyə susur? - ETİRAZ

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidməti niyə susur? - ETİRAZ Hökumətin gecə basqınçıları kimi yanacağın qiymətini gecəyarısı qaldırması birinci hal deyil. Artıq ölkə əhalisi hökumətin Tarif Şurasının gecə sürprizlərinə öyrəncəlidir. Nə yazıq, bu sürprizlər həmişə vətəndaşların ziyanına yönəlib. Tarif Şurasında qərarların kollegial qaydada qəbul edildiyini qurumun adı doğrulayır. Şuranın Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005 tarixli fərmanı ilə təsdiq olunan iqtisadiyyat nazirinin sədr olduğu 9 digər nazirliklərin və 2 dövlət komitəsinin müavinlərindən ibarət böyük tərkibi var . Düzdür, ötən 15 il ərzində bir sıra nazirliklər, məsələn, elə Vergilər Nazirliyi statusunu itirib, amma yenə də elə İqtisadiyyat Nazirliyinin yanında yer aldığından bu “itki”(lər) elə böyük önəm daşımır. Açıq -aşkardır ki, benzinin qiymətinin qalxması barədə qərar pandemiya ilə bağlı karantin rejimi çağı tam tərkibdə gecə yarısı qəbul edilə bilməz . Heç Prezident yanında əfv məsələləri komissiyası online qaydada toplana bilmirlər ki, dövlət sirridir, müzakirələr qırağa sıza bilər. Bəs Tarif Şurasının qərarı necə qəbul olunub? Aydındır ki, bu qərar bir nəfərin diqtəsi ilə gecə yarısı tətbiq edilib. Başqa variant, sadəcə, mümkün deyil !

Daha olan olub, benzin, dizel yanacağı yeni qiymətlərlə avtomobil çənlərinə dolub. Bəs bu qiymət artımına, əhalinin sosial müdafiəsi baxımından, istehlakçı hüquqlarının müdafiəsi, antiinhisar siyasəti yönündən fikrini, etirazını bildirən olmayıb? Nə olsun, Tarif Şurası kollegiallıq prinsipini pozmasını karantinlə bağlayır, indi ki, fikirlərini bildirə bilərlər, “arxadan atılan daş” yetkisi bağışlasa da. Onu da vurğulayaq ki, şuranın üzvü olan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinini qiymətin qalxmasından daha çox, əhalinin bu durumda sosial müdafiəsinin təşkili daha çox düşündürməlidir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Xidmətinin işi də adına uyğun deyil. Bu qurum istehlakçı hüquqlarının müdafiəsi ilə yox, pozmaqla tanınır. Özü də Tarif Şurasının sədri iqtisadiyyat naziri, tabeliyindəki hansısa qurum ona necə etiraz edə bilər?

Tarif Şurasının adına aldanmayın, qərarları bir nəfər diqtə edir. Amma niyə gecə yarısı? Bu, bir az qaranlıqdır . Gecə qaranlığı kimi. ..

Məğrur Bədəlsoy
Geri qayıt