"Dərman mafiyası" ilə bağlı Baş Prokurora MÜRACİƏT OLUNDU - "Ən ağır cəzalara məhkum edilməlidirlər"

"Dərman mafiyası" ilə bağlı Baş Prokurora MÜRACİƏT OLUNDU - "Ən ağır cəzalara məhkum edilməlidirlər" İlin əvvəlində Azərbaycanda koronavirus infeksiyasına yoluxma gündəlik 50 nəfər idisə, ilin sonunda yoluxanların sayı minlərlədir. Məsələn, dekabrın 28-də daha 1519 yoluxma faktı qeydə alınıb, müalicə olunaraq sağalanların sayı isə yoluxanların sayından təxminən 3 dəfə çox olub - 4471 nəfər, 45 nəfər isə vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatında deyilir ki, indiyədək ölkədə 214 min 711 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkar olunub. Onlardan 168 min 971 nəfər müalicə olunaraq sağalıb, 2 min 499 nəfər ölüb. Hazırda müalicə olunan xəstələrin sayı 43 min 214 nəfərdir. Vəziyyətin hansı istiqamətdə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir. Yaxın müddətdə gündəlik yoluxanların sayının azalacağı da gözlənilmir. Belə bir vaxtda koronavirusun müalicəsində istifadə edilən dərmanların qiyməti 20-30 dəfə bahalaşmaqla yanaşı, kartla alışı da mümkün deyil. Əksər apteklər kartla ödənişi dayandırıb. Bəhanə gətirirlər ki, aparat işləmir. Amma burada hiylə var: məqsəd süni bahalaşmanı gizlətmək və vergidən yayınmaqdır.

“Bakı Hüquq Şirkəti”nin rəhbəri Natiq Ələsgərov da “Yeni Müsavat”a yaranmış durumu şərh edərkən deyib ki, apteklərdə kartla ödənişlərin qəbul edilməməsinin səbəbi möhtəkirlikdir: “Koronavirus infeksiyasının qarşısının alınmasında, fəsadlarının aradan qaldırılmasında istifadə olunan dərmanların qiyməti 20-30, bəzi hallarda hətta 50 dəfə qaldırılır. Nəğdsiz ödəmə zamanı bu qiymətin fiksasiyası baş verir və şikayət olunarsa, məsələnin sübut olunması çox asandır. Ona görə də apteklər nağdsız ödənişdən yayınırlar. Bu məsələ birbaşa Baş Prokurorluq tərəfindən nəzarətə götürülməli və araşdırılmalıdır”.

Hüquqşünas deyir ki, bu gün Azərbaycan dövləti torpaqlarımızı işğalda saxlayan düşmənlərin üzərində qələbə çalmağı bacarıb. Amma dərman mafiyası ölkəni içəridən çökdürür: “Az qala vətəndaşlar koronovirus infeksiyasını ”ölüm hökmü" kimi qəbul edirlər. Dərmanların qiyməti o qədər bahadır ki, orta gəlirli Azərbaycan vətəndaşı belə təkbaşına koronavirusun cəngindən çıxa bilmir. Azərbaycanda 1 ailədə 4 üzv var. Ailələrin gəliri ən yaxşı halda 1000 manat civarındadır. Belə bir halda ailənin 4 üzvü koronavirusa yoluxarsa, təxminən 6-7 min manat pul xərcləməlidir. Özünüizolasiya, karantindən dolayı vətəndaşların gəlirlərinin aşağı düşdüyünü nəzərə alsaq, sadəcə, vətəndaşlaırn dərman almaq imkanlarının olmadığı üzə çıxır. Koronavirusdan bir çox ölüm halları, fikrimcə, vətəndaşların məhz dərman almağa imkanlarının olmamasından qaynaqlanır. Bu gün xəstəxanalarda koronavirusa yoluxmuş o qədər xəstə var ki, boş çarpayı tapılmır. Xəstəxanalara düşmək demək olar ki, mümkün deyil. Sosial şəbəkələrdə 2-3 min rüşvət ödəməklə xəstəxanalara yerləşmək imkanının olması haqda da iddialar var. Apteklərdə dərmanların qiymət məsələsi isə ümumiyyətlə biabırçılıqdır. Koronavirusa qarşı dərmanları almaq üçün 1 yoluxmuş vətəndaşa azı 1200 manat pul lazımdır. Ümumilikdə bu xəstəlikdən qurtulmaq üçün dava-dərmana 1500 manata qədər pul xərclənməlidir. Faktiki isə həmin dərmanların real qiyməti 120-150 manatı aşmır. Deməli, ortada möhtəkirlik var. Bəs bunu edən kimdir?"

Hüquqşünas deyir ki, hüquq-mühafizə orqanları təcili şəkildə bu məsələni araşdırmalı, müvafiq tədbirlər görməlidirlər: “Bu gün ölkə boyu polisin karantin postları var. Polis 24 saat xidmət aparıb karantin qaydalarına riayyət olunmasını təmin edir. Amma yoluxma halları da davam edir. Deməli, paralel olaraq addımlar atılmalı, möhtəkirlik etməklə vətəndaşların ev şəraitində müalicə olunmasının qarşısını alanlar da cəzalandırılmalıdır ki, koronavirusun kökü tam olaraq kəsilsin. Apteklərin, dərman mafiyasının bu hərəkətlərini Zahid Oruc parlament çıxışında ciddi şəkildə tənqid etdi. Və COVİD-19-un müalicəsi ilə bağlı olan protokol dərmanlarını yüksək qiymətə satmağı az qala xalqa qarşı cinayət adlandırdı. Dedi ki, 6 manata olan Kleksanı 60 manata, 40 manata olan Favirpiraviri 500 manata satırlar. Necə ki, ordunun silahının qanunsuz satılması Hərbi Tribunal qaydasında ən agır cəzaya layiqdir, xəstəxanalara verilən dərmanları da ələ keçirib, onu çarəsiz durumda olan xəstəyə 20-30 dəfə baha satmaq qələbəmizə kölgə salmaqdır, ən ağır cinayətdir. Deputatın bu fikirlərinə şərikəm. Dərmanları süni şəkildə bahalaşdıranlar cəzalandırılmalı, ən ağır cəzalara məhkum edilməlidirlər”.

Hüquqşünas Baş Prokurorluğa apteklərdəki soyğunçuluq, möhtəkirliklə bağlı məktub ünvanladığını da bildirib.
Geri qayıt