Fuad Muradovun medallarından imtina edildi – Diasporada qalmaqal

Fuad Muradovun medallarından imtina edildi – Diasporada qalmaqal Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə 92 nəfəri təltif etməsi skandala səbəb olub.
Reportyor.info xəbər verir ki, təltif olunanlar arasında bu medaldan imtina edənlər var. Onlar sosial mediada açıqlama ilə çıxış edərək F.Muradovun verdiyi medalları qəbul etmədiklərini bildiriblər.
Komitə sədrinin sözlərinə görə, bu il Azərbaycan diasporu xüsusi fəallıq göstərib. Onun dediyinə görə, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib.
Hələ bu ayrı söhbətdir ki, pandemiya dövründə Avropada 182 aksiya necə təşkil edilib. Çünki əksər ölkələrdə sərbəst toplaşmaq məhdudlaşdırılıb.
Amma F.Muradov burada şişirdilmiş informasiya verərək dövləti aldadır, “pripiska”ya yol verir, özünün və rəhbəri olduğu komitənin rolunu, fəaliyyətini gözə soxmağa çalışır.
Faktiki F.Muradovun gəlişi ilə diaspora sahəsində və komitənin işində ciddi bir irəliləyiş əldə olunmayıb.
Bu haqda ayrıca araşdırma təqdim edəcəyik, indisə gəlin komitə sədrinin verdiyi medallardan imtina edənlərin bəyanatları ilə tanış olaq.

Reportyor.info yazır ki, F.Muradov 30 ölkədən 92 nəfərin “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunduğunu qeyd edib.
Onlardan biri – Aytən Muradova isə Diaspor Komitəsinin verdiyi təşəkkürnamədən imtina edib: “Vətən müharibəsi başlayandan gecə-gündüz işləyən adamların adlarının çəkilməməsi, təsadüfi adamlara isə medal və ya təşəkkürnamələrin verilməsi heç ürəkaçan deyil.
Ermənilərin çox olduğu bu ölkədə bizim gördüyümüz işlərə belə laqeydlik qəbuledilməzdir! Mərdi qovub namərd etmək üsuludur.
Fransa Koordinasiya Şurasının işçi qrupunda əslən Şuşadan, Xocalıdan olan aktiv gənclərimiz var. Heç birinin adı belə çəkilmədi.
Amma Qarabağ adından qorxan və Qarabağ adının çəkilməsindən ehtiyat edən adama təşəkkürnamə verilib.
Müharibə kimin bizə dost, kimin isə düşmən olduğunu göstərdi. Deyəsən bircə Diaspor Komitəsinə bu hələ də aydın olmayıb”.
A.Muradova əlavə edib ki, onsuz da bu işləri öz istəyimizlə, öz ürəyimizin çağırışı ilə görmüşük: “Öz ölkəmiz üçün mükafat və ya təşəkkür gözləməyərək bacardığımız, əlimizdən gələn nə mümkündürsə etməyə çalışmışıq və kimin qiymət verib-verməməsindən asılı olmayaraq yenə də davam edəcəyik.
Bu işi hansısa təşəkkür və ya mükafat üçün görməmişik və bundan sonra da görməcəyik. Bizim üçun ən böyük mükafat Azərbaycan xalqının, ordusunun, ölkəmizin rəhbəri Prezidentimizin düşmən üzərindəki Zəfəridir!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Onları yetişdirən valideynlərin əllərindən öpürük! Vətən sağ olsun! Qarabağ Azərbaycandır!”
Bu kampaniyaya qoşulan Bahar Milano da A.Muradovaya dəstək verib və öz medalından imtina edib.
Onun sözlərinə görə, 44 günlük müharibədə tanınmış jurnalist, “Italia Euronews” təmsilçisi Karlo Marino ilə əməkdaşlıq edib:
“Internasional jurnalist Azerbaijani” dünya mediasinda işıqlandıran Malik Ayyup Sumbal, keçmiş səfir Marqarita Kosta ilə onun “Azerbaijan” jurnalistləri əlaqələrini qurmuşam.
Yaşadığım şimal bölgədən İtaliya senatına “ermənilərə qarşı genosid olunur” müraciəti olmuşdu. Cavab olaraq italyan siyasəti Anna Buonfreskoya məktub yayımladı.
Fransa prezidentinə ünvanladığım açıq məkub ermənilərin səs çoxluğu ilə sosial saytlardan götürüldü, ancaq yenə yayımladım.
Bu qədər olanları bir cümlədə sığışdırıb “Bahar xanımın pandemiya dövründə çox köməyi oldu” demək haqsızlıq deyilmi?”
Eynilə medalla təltif edilmiş digər şəxs- Hafiz Baxşəliyev də mükafatdan imtina etdiyini açıqlayıb. Onun sözlərinə görə, buna səbəb üzləşdiyi haqsızlıqlardır.
H.Baxşəliyev bildirib ki, Britaniyada olan bəzi “fəal vətənpərvərlər”heç bir iş görmədiyi, azərbaycanlıların birləşməsinə əngəl olduğu halda təltif ediliblər.
Onun sözlərinə görə, belələri informasiya sahəsində gecə-gündüz çalışan xanımların dırnağı ola bilməz. Ona görə medaldan imtina edib.
Bu qalmaqal sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Diaspora Komitəsinin medalların verilməsində ədalətsizlik etdiyi ittihamları səslənir. Görünür, hansısa ayrı-seçkilik, komitəyə yaxınlıq amilləri üstün tutulub.
Bununla belə həftənin bazar günü olduğu üçün komitədən məlumat əldə edə bilmədik, hər üç şəxsin medaldan imtinası ilə bağlı rəsmi münasibəti işıqlandırmağa hazırıq.
Geri qayıt