Təhsil nazirliyi bu məsələyə diqqət ayırmalıdır... - İTTİHAM

Təhsil nazirliyi bu məsələyə diqqət ayırmalıdır... - İTTİHAM Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanova ilə bağlı aktualxeber.az-ın redaksiyasına daim çoxsaylı şikayətlər daxil olur. Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə “ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə “göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin,əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində “Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün “razılaşma”lar müəyyən pul qarşılığında icra olunur.
01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”ə və himayədarlarına görə əmək müqaviləsi hələ bir il də uzadılıb. Q.Sultanova məktəbin kollektivi arasında tez-tez “Mən hələ 5 il bu məktəbdə direktor olacağam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməyi xoşlayır. Aktualxeber.az saytında dərc olunan yazılarda 144 saylı məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz hərəkətləri barədə mütamadi olaraq oxucularımıza məlumatlar veririk. Sonuncu dəfə Q. Sultanovanın Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədovun tapşırığı ilə müəllimləri məktəbə çağırtdıraraq onlardan güya “100 manatın yığılmaması” barədə izahatlar da yazdırdığından yazmışdıq. Q.Sultanova 144 saylı tam orta məktəbdə çalışan 50 müəllimdən yığılan 5 min manat vəsaitdən cəmi-cümlətanı 1700 manat pul əsgərlərə xərcləyərək qalan məbləği özü mənimsəyibmiş.
Bütün bu məsələlərə aydınlıq gətirmək üçün sözü gedən məktəbdə olmuşuq. Məktəbin direktoru Q.Sultanova açıqlama verməkdən imtina etsə də, müəllimlərin bu karantin dövründə həqiqətən məktəbə gəlmələrini özümüz görmüşük. Məktəbə nə üçün gəldiklərini soruşduqda isə “direktor deyib ki, təcili məktəbə gəlin!” cavabını da eşitmişik. Hətta gözdən pərdə asmaq üçün məktəb direktoruna şifahi töhmət verilməsindən də xəbərimiz var…
Bu günlərdə Baki Şəhər Təhsil İdarəsi aktualxeber.az saytının internet ünvanına məktubla müraciət edərək, sözü gedən məktəbdə yoxlama aparıldığını, deyilən faktlara rast gəlinməməsi barədə məlumat verib. Biz zatən özümüz də qeyd etmişdik ki, yoxlama üçün məktəbə göndərilən Tural Həsənov, Bakir Məmmədov direktorun yaxın adamları, keçmiş iş yoldaşları və konkret olaraq himayədarlarıdır. Bu səbədən, Bakı Şəhər Təhsil İdarəsinin bu cür tələsik 3 cümləlik cavabı bizi qane etmir. Hər halda Qənirə xanımın qanunsuz əməlləri barədə dəqiq məlumata malik olduğumuzu bildiyi üçün ümid edirik ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yeni təyin edilmiş müdiri Mehriban Vəliyeva 144 saylı məktəbin direktorunun qanunsuz əməllərinə laqeyd qalmayacaq. Çünki Mehriban xanımın akademik Zərifə Əliyeva adına liseyin direktoru kimi təqdirə layiq fəaliyyəti bizə belə düşünməyə ümid verir. Məsələni nəzarətdə saxlayacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.

aktualxeber.az
Geri qayıt