"Olympus Park” və “Marin Group” MMC vətəndaşları incidir... - "Nə edəcəyimizi bilmirik, küçələrdə qalmışıq"

"Olympus Park” və “Marin Group” MMC vətəndaşları incidir... - "Nə edəcəyimizi bilmirik, küçələrdə qalmışıq" "Ermənilərin Qarabağda törətdiklərini Bakıda özümüzünkülər mənim başıma gətirdi. Onlar oradakı əmlakları yerlə-yeksan eləyiblər, bunlar da mənim sənədli-sübutlu mülkiyyətimi”, – Bakı sakini Mansur Ələkbərov məhkəməyə iddia ərizəsində belə yazıb.

DİA.AZ bildirir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 53 ünvanında yerləşən 95 kvadrat metrlik mənzilin sahibidir. Əlində mülkiyyət hüququnu təsdiqləyən çıxarış da var. Deyir ki, mənzili məhkəmə qərarı olmadan sökülüb. Onun yerində hündürmərtəbəli yaşayış binası tikiləcək.

Mənzili sökülərkən içində əşyalar olduğunu, bu üzdən mənzillə yanaşı, daşınan əmlakından da məhrum edildiyini deyən Mansur Ələkbərov məhkəməyə müraciətində evinin bərpasını, əşyalarla əlaqədar maddi ziyana görə 27 min manat, mənəvi ziyana görə isə 150 min manat təzminat tələb edir. Bu məbləğin ərazidə tikintini aparan “Olympus Park” və “Marin Group” MMC-dən tutulub ona ödənilməsini istəyən mənzil sahibinin daha bir tələbi isə evini onun razılığı, hər hansı məhkəmə qərarı olmadan sökənlərin cəzalandırılmasıdır. İddia ərizəsində xahiş edib ki, həmin şəxslər barəsində xüsusi qərar çıxarılsın və cinayət işi başlanması üçün Baş Prokurorluğa göndərilsin.

“Mən özünü şirkətin rəhbərliyi kimi təqdim edən şəxslərlə Nəsimi bazarı deyilən ərazidə – “Marin Group”un ofisində görüşdüm. Məni təhqir edib, alçaldıb ofisdən qovdular. Mən onlara mülkiyyətimi dağıtdıqlarını, Konstitusiyamızı pozduqlarını dedim. Əvəzində təhqir olundum. Mən heç vaxt bu təhqirləri onlara bağışlamayacağam. Mən və ailəm pərişan vəziyyətdəyik, nə edəcəyimizi bilmirik, küçələrdə qalmışıq”, – Mansur Ələkbərov bildirib.
Geri qayıt