Oktay Şirəliyev yenə ortada yoxdur - Əgər işləyə bilmirsə...

Oktay Şirəliyev yenə ortada yoxdur - Əgər işləyə bilmirsə... Azərbaycan COVİD-19 pandemiyasının ən çətin mərhələsini yaşayır. Gündəlik qeydə alınan yoluxma sayı 4 minin üzərindədir, real yoluxma isə bundan qat-qat çoxdur. Vəfat sayı da artır. Artıq xəstəxanalarda yer çatışmazlığı yaranıb. Məsələn, dekabrın 15-də vəfat edən jurnalist Rəşad Süleymanov vəziyyəti ağırlaşdıqdan sonra xəstəxanaya aparılsa da, qəbul edilməyib, çünki yer olmadığını deyiblər. Çarəsiz şəkildə evə qaytarılan həmkarımız 38 yaşında dünyasını dəyişib…

Yəni artıq Azərbaycanın səhiyyə sistemi virusla uğurla mübarizə aparacaq durumda deyil və onun bu istiqamətdə imkanları demək olar ki, tükənib. Ümid ona qalıb ki, əhali özünü mümkün qədər qorusun, yaxud yoluxanların immuniteti güclü olsun ki, bu xəstəliyə qalib gələ bilsinlər.

Epidemiyanın tüğyan etdiyi belə bir dövrdə Azərbaycanın səhiyyə naziri ortada yoxdur. Gözə dəymir. Xalqın sağlamlığına, dövlətin səhiyyə siyasətinə məsul olan şəxs bu cür gərgin günlərdə də aktiv olmayacaqsa, insanların dərdinə əlac axtarmayacaqsa, bəs, onda belə nazir kimə lazımdır?

Bəziləri deyə bilər ki, bəlkə də Oktay Şirəliyev kabinetinə və ya evinə qapanıb, gərgin işləyir, sadəcə, biz bilmirik. Belədirsə, onda heç olmasa, həftədə bir dəfə ictimaiyyətə müəyyən açıqlamalar, mediaya müsahibələr vermək olmazmı? Bəli, aydındır ki, koronavirusla mübarizə işi TƏBİB-ə tapşırılıb, amma bu boyda səhiyyə sisteminə rəhbərlik edən şəxs heç nəyə cavabdeh deyilmi? Belə anormal durum dünyanın harasında var?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən və Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərindən rəy öyrənmək istədik. Təəssüf ki, heç birindən cavab ala bilmədik. Biz də ictimaiyyətin suallarını mütəxəssislərə ünvanladıq.

Həkim-farmakoloq Müşfiq Hüseynov bildirdi ki, səhiyyə nazirini indi bütün ölkə axtarır:

“Hər gün televizyalara çıxan türkiyəli həmkarından fərqli olaraq, bizim nazir son 8 ayda 2-3 dəfə ekranda göünüb. Ölkə üçün Qarabağ savaşı qədər vacib və əhəmiyyətli olan bu mübarizədə – virus ilə bioloji müharibədə əsas “komandan” ortalıqda yoxdur. Normaldır? Normal deyil. Hətta ağlamalı dərəcədə gülməlidir”.

Həkim düşünür ki, bu gün Səhiyyə Nazirliyinin aparatı iflic vəziyyətdədir:

“Hörmətli nazirimiz nəinki vəziyyətə nəzarət etmir, hətta deyərdim ki, bəzən tərəfindən duruma laqeyd münasibət izləyirik. Hər kəs iradında haqlıdır. Amma deyək ki, bu gün nazirimiz xaricdə təhsil almış gənc və dinamik biridir. Nə dəyişəcək? Məncə, heç nə. Çünki paradoksal vəziyyət yaranıb: Səhiyyə Nazirliyi var, amma əslində heç nəyə cavabdeh deyil. Yəni formal quruma çevrilib. Nazirliyin xəstəxanalara təyin edilən baş həkimlərdən xəbəri yoxdursa, deməli, oradakı vəziyyətə də hakim olmayacaq”.

Hüseynov xatırlatdı ki, bu gün salahiyyətlər faktiki, TƏBİB-dədir:

“Bəs, nəticə? Nəticə isə ikitirəlik, bir-birini əzmək istəyi, gündən-günə pisləşən vəziyyət, iflic vəziyyətə düşmüş səhiyyə sistemi və gündəlik təxminən elə müharibədəki qədər ölüm… Təxminən deyirəm, çünki həqiqi statistikanı və real vəziyyəti heç kim bilmir. Əminəm ki, heç TƏBİB də bilmir. Bilsəydilər, son brifinqdə komediya çıxartmazdılar. İyunun əvvəlindən deməkdən yorulduq, 4 ay insanları SMS-lə çölə çıxartmaq, günəşsiz, dənizsiz, pulsuz və havasız qoymaq cinayətdir, bunun cəzası mütləq payızdakı ikinci dalğada gələcək. İkinci dalğa gəldi. Bu gün nə müşahidə edirik? Xəstəxanalarda yer yox, ortalıqda dolaşan sözlərə görə, xəstəxanaya qəbul üçün ciddi miqdarda rüşvət tələb olunur. Gərəkli dərmanlar ölkəyə gətirilmədi, gətirilənlər xəstəxanalardan birbaşa qara bazara yol tapıb. Təəcüblənmək lazım deyil, tələb olan yerdə mütləq təklif olur və insanlar ölməmək üçün lazım olan dərmanı mütləq tapırlar. Heç 100 manat dəyəri olmayan dərman 500-700 manat kimi anormal məbləğə satılır. Düzdür, son günlər az da olsa vəziyyət düzəlib, apteklərə məhdud da olsa, dərman gəlir, amma xəstə sayı o qədər çoxdur ki, gələn 3-5 qutu elə anındaca satılır”.

Bu saatdan sonra nə etməyin, necə etməyin, virus haqqında məlumat verməyin belə mənasız olduğunu söyləyən mütəxəssis qeyd etdi ki, insanları maraqlandıran iki əsas sual var – ölkəyə peyvəndin nə zaman, nə qədər gətiriləcəyi və ilk öncə kimlərə vurulacağı:

“Əgər TƏBİB nəyəsə yaramaq istəyirsə, heç olmasa, bu işi operativ görsün. Yoxsa, ölən onlarla həkimin, xalqın dəyərli insanlarının həyatı onların vicdanına qalacaq. Məncə, pandemik krizis bitdikdən sonra hüquq-mühafizə orqanları həm Səhiyyə Nazirliyi, həm də TƏBİB-də ciddi araşdırmalar aparmalıdır. Suallar çoxdur! Dövlətin ayırdığı milyardlarla vəsait hara və nəyə xərclənib? Niyə bu gün bizim elementar təhlükəsizliyə cavab verən xəstəxanalarımız yoxdur? Niyə dərman qeydiyyatı sahəsində tam bir bazar və anarxiya var? Niyə 6 aylıq zamanda TƏBİB ikinci dalğaya lazımınca yanaşmadı, ümumiyyətlə, o qurumda kimlər çalışır və necə qərar verirlər?!”

Hüseynov hesab edir ki, səhiyyə sistemində hər şey sıfırdan yenidən qurulmalıdır:

“Yaxşı olardı ki, ölkə rəhbərliyi ekspertlərin, təcrübəli həkimlərin və bu sahəyə bələd olan ziyalıların iştirakı ilə dəyirmi masa keçirsin. Çünki belə davam edə bilməz. 44 günlük vətən müharibəsində 2783 şəhid verdik, 9 aylıq pandemiya zamanında isə bundan dəfələrlə artıq insanımızı itiririk. Niyə? Səbəbləri axtarmaq lazımdır”.

Pulmonoloq İbrahim Əsədli bildirdi ki, Azərbaycanda sanitariya-gigiyena, epidemioloji vəziyyət tamamilə qeyri-qənaətbəxşdir:

“Bu cür idarə-üsulu olan dövlətlərdə hər şey dövləti idarə edən birinci şəxsdən asılıdır. Əgər səhiyyə naziri ortaya çıxmırsa, deməli, bu da birinci şəxsin marağındadır. Məsləhət bilsəydi, Oktay Şirəliyev əvəzlənərdi və ya başqa əməli tədbirlər görülərdi. Görünür, onun əvəzlənməsi hələ ki məsləhət deyil”.

Respublikaçı Alternativ Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli isə xatırlatdı ki, pandemiya başlayandan bəri bir çox ölkələrdə önə çıxan dövlət qurumu məhz Səhiyyə Nazirliyi oldu:

“Qonşu və qardaş Türkiyədə son aylar bu problemin həllində önəmli rol oynayan, hər gün mətbuat konfransları keçirən, ictimaiyyətə açıqlamalar verən məhz səhiyyə naziri oldu. Bir çox ölkələrdə də eyni qaydadır. Yəni bu məsələdə Səhiyyə Nazirliyi aparıcı rol oynayır. Bizdəki vəziyyətə gəldikdə, təəssüf ki, mart ayından başlayaraq TƏBİB-lə Səhiyyə Nazirliyi arasında səlahiyyət bölgüsündə problem yaşandı. Sonra 103 – təcili tibbi yardım xidməti və ambulator yardim xidməti yenidən Səhiyyə Nazirliyinə qaytarıldı. Bundan sonra düşünmək olardı ki, Səhiyyə Nazirliyi bu mərhələdə önə çıxacaq və ciddi iş görəcək, ictimaiyyəti bilgiləndirəcək, şikayətlərə vaxtında reaksiya verəcək və s… Çox təəssüf ki, bütün bunları biz görmədik. İnsanda belə bir təəssürat yaranır ki, səhiyyə naziri sanki istəmədən bu vəzifədədir. Əgər belədirsə, işləmək istəmirsə, yaxud da müəyyən inciklikləri varsa, onda istefa verməli idi. Təəssüf ki, Azərbaycanda yüksək vəzifəlilərin işdən çıxarılması bəzən böyük zaman alır. Ola bilər ki, bir müddət sonra səhiyyə naziri də vəzifəsindən ayrılsın və ya uzaqlaşdırılsın. Amma bununla vaxt itiririk. İndi biz tək virusla deyil, həm də sanki zamana qarşı mübarizə aparırıq. Çünki yoluxmalarda, ölüm hallarında artım var, dərman preparatları çatışmır, evdə müalicə alanlarla bağlı çox ciddi problemlər var…”
Geri qayıt