Dövlət qurumlarının informasiya siyasəti... – Adı var, özü yox

Dövlət qurumlarının informasiya siyasəti... – Adı var, özü yox Vətəndaşlar, xüsusilə də media nümayəndələri dövlət orqanlarının saytlarına vaxtaşırı müraciət edərək operativ, dəqiq və etibarlı informasiya ilə təmin olunmaq ehtiyacı duyurlar. Lakin bir sıra hallarda bu, elə də mümkün olmur. Belə ki, ya saytdakı informasiya qanedici olmur, ya da lazımlı informasiyanı əldə etmək bir xeyli qəliz işə çevrilir. Həmçinin də yerləşdirilmiş məlumatlar kifayət qədər rəsmi, qəliz cümlələrdən təşkil olunduğu üçün, bir çox hallarda informasiya əlçatımlı olsa da, faydalı ola bilmir.

Mövzu ilə bağlı AYNA-ya danışan media hüququ eksperti Ələsgər Əhmədoğlu hesab edir ki, dövlət orqanlarının saytları vətəndaşlar üçün ümumi şəkildə əlçatan olsa da, amma bu, hələ o demək deyil ki, onlar internet üzərindən kifayət qədər effektiv xidmət göstərir və informasiya paylaşırlar: “Hər şeydən öncə “İnformasiya əldə etmək haqda” qanunun tələbi çərçivəsində baxsaq, onun 29-cu maddəsinin dövlət orqanlarının üzərinə yayma öhdəliyi qoyduğu informasiya bloku var. Lakin dövlət qurumları həmin informasiyaların 30-35%-ini də yaymır. Yəni informasiya təminatı çox aşağı səviyyədədir. Baxmayaraq ki, dövlət orqanlarının saytları var və həmin saytlara bildiyim qədəri ilə kifayət qədər də vəsait xərclənir. Amma həmin saytlar üzərində dövlət qurumlarının bilavasitə funksionallığı ilə bağlı və xüsusilə ictimai əhəmiyyət daşıyan iqtisadi fəaliyyətləri, habelə büdcə xərcləmələri, tenderlərlə bağlı detallar demək olar ki, əlçatan deyil. Bu, ciddi problemdir”.

Ekspert problemin həlli istiqamətini belə görür: “İlk növbədə, ictimai nəzarətlə paralel dövlət nəzarətinin olması da zəruridir. Dövlət nəzarəti də bildiyimiz kimi ikipilləli olmalıdır: Hüquqi baxımdan həm ombudsmanın nəzarət imkanı var, həm də məhkəmələrin. Amma praktikaya gələndə bunu görmürük”.
Əhmədoğlu bu istqiamətdə nəzarətin və məhkəmələrin effektiv olmadığını düşünür: “Jurnalistləri hüquqi baxımdan maarifləndirərək bu istiqamətdə işlərə təşviq etmişəm. Onlar reaksiya almadıqları üçün həmin qurumları məhkəməyə veriblər. Amma məhkəmə birmənalı olaraq çox suni bəhanələrlə həmin qurumlara qarşı iddiaları qəbul etmir, ümumiyyətlə, iddialara baxılmır. Bu da onu göstərir ki, ombudsman bununla bağlı sistemli şəkildə dövlət qurumlarına nəzarət etmir, həm də məhkəmələr effektiv deyil və dövlət qurumlarına qarşı iddialarda məhkəmələr qorxaq davranır, ümumiyyətlə, öz funksiyasını icra eləmir. Bu da ciddi problemdir”.

Müsahibimiz, həmçinin pandemiya və hərbi vəziyyət zamanı informasiya əldə etməklə bağlı müstəqil jurnalistlərin probleminə də diqqət çəkir: “Mart ayından bu yana pandemiya ilə bağlı olaraq Azərbaycanda bu və ya digər formada məhdudlaşdırılan rejimdə yaşayırıq. Məhdudlaşdırmanın bir hissəsi pandemiya ilə bağlı idi, amma 27 sentyabrdan sonra həm də hərbi vəziyyət elan olundu. Əlbəttə ki, bu ikiqat məhdudiyyətli rejimdə informasiya əldə etmək baxımından da çətinliklər var. Onsuz da pandemiya ilə bağlı məhdudiyyət tətbiq olunanda televiziya istisna olmaqla, digər jurnalistlərin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Hazırda da praktiki olaraq hərəkət məhdudiyyəti var. Eyni zamanda, diskriminativ informasiya vermə var ki, bu da jurnalistlərə problem yaradır. Məsələn, hökumətə yaxın və ya dövlət təsisçisi olan mediaya yaşıl işıq varkən, daha tərəfsiz və müstəqil olan mediaya bir çox halda məhdudiyyətlər tətbiq olunur. Bunu biz, xüsusilə ermənilər Gəncəyə bomba atdıqdan sonra orada müstəqil jurnalistlərin fəaliyyətinə qoyulan məhdudiyyətlərdə də gördük”.

“Bir sözlə, informasiyanın həm onlayn, həm də oflayn əlçatımlığında problemlər qalır və bu problemlər təəssüf ki, aidiyyəti qurumlar, xüsusən, Ombudsman Aparatı və məhkəmələr tərəfindən, eyni zamanda icra orqanları səviyyəsində də effektiv araşdırılmır və ümumiyyətlə, informasiyanın cəmiyyətə çatdırılmasında maraqlı olmurlar. Bu da yəqin ki, uzun müddət bu istiqamətdə ciddi işlər görülməsini zəruri edir”, - deyə Əhmədoğlu fikrini yekunlaşdırıb.

Markzone.az saytının təsisçisi, marketinq mütəxəssisi, müəllim Qələndər Məmmədli də dövlət orqanlarının saytlarındakı uğursuz məqamlarla bağlı fikirlərini AYNA ilə bölüşüb: “Düşünürəm ki, dövlət orqanlarının saytlarında əsas çatışmazlıq sayt strukturunun müasir istiqamətdə qurulmamasıdır. Bəzi əsas nazirliklər xaricində, bir sıra qurumlarda sadəcə informativ xarakterli və aktual olmayan məlumatlar var. Bəzi səhifələrdə isə, ümumiyyətlə, ya qırıq link mövcuddur, ya da səhifəyə daxil olmaq olmur. Həmçinin də bəzi qurumların demək olar ki, saytı yox səviyyəsindədir. Media işçiləri üçün də burada əsas problem informasiyanın saytlarda yerləşdirilməməsidir. Bunun özəyində yatan səbəb ictimaiyyətlə əlaqələr və qurum kommunikasiya mexanizminin formalaşmamasıdır”.

Ekspert hesab edir ki, saytlardakı problemlərin həll olunması üçün qurumların yanaşması tam dəyişməlidir: “Yəni aidiyyəti olan bütün tərəf müqabilləri ilə hesablaşma zərurəti ənənə halına gəlməlidir. Sayt daxilində də yenə xalqın məmnunluq səviyyəsi istiqamətində hədəf alınmalıdır. Bundan başqa, texniki tərəfdə statik sayt formatı dinamik ilə əvəzlənməli, saytlarda sayt xəritəsi və interfeys istifadə edən insanların rahatlığı əsasında formalaşmalıdır. Həmçinin, saytdan istifadə ənənəsi formalaşdırmaq üçün bütün istiqamətlərdən sayta çıxış olmalı və sayt da maksimum şəkildə asan, anlaşıqlı şəkildə problemin həllinə fokuslanmalıdır”.

“Misal üçün, sayt daxilində “Canlı dəstək” sistemi qurula bilər. Birbaşa problemi operativ cavablandırmaq üçün, yaxud müraciət formaları, aidiyyəti departamentə yönləndirəcək şəkildə qurulmalıdır. Təbii ki, bunlarla birlikdə, bu sistemin mərkəzdən audit mexanizmi formalaşmalı, fəaliyyətin kontrol mexanizmi yaradılmalıdır ki, vətəndaşın müraciəti daxil olan andan, bitən ana qədərki period izlənsin. Bizim ölkədə insanlar daha çox “Facebook” sosial şəbəkəsində vaxt keçirdikləri üçün, əsasən qurumlar bura fokuslanır, amma bir məlumatı “Google” axtarış platformasında axtaranda çox az informasiya qurumların öz saytından çıxır. Bu istiqamətdə öyrədici informativ məlumatları artırmaq lazımdır. Bir də bu məlumatı hazırlayanda maksimum dərəcədə rəsmi olmayan, sadə dil istifadə edilməlidir”, - Məmmədli bildirir.

Həmsöhbətimizin sözlərinə görə, bizdə bu proseslərin çoxunda server və bir az da laqeyd yanaşma halları kökdə duran məsələlərdir: “Pandemiya zamanı hansısa saytın çökməsi, xüsusilə belə qiymətləndirilə bilər. Müəyyən zaman dilimində hansısa sayta tələbat çox ola bilər, amma bu, onsuz da qurum tərəfindən təxmin edilən bir şeydir və buna görə serveri gücləndirmək zəruri haldır. Amma müharibə şəraitində olan hallar bir az fərqlidir. Burada dövlətin ümumi bir yol xəritəsi və tətbiq elədiyi metodlar var. Eyni zamanda, serverlərə, saytlara hücum kimi hallar da çökməyə səbəb ola bilər. Yəni burda serverin gücü planlanmamış bir hadisə ilə qarşılaşır. Ona görə bu məsələdə, pandemiya hissəsində təxmin edilib öncədən diqqət ayırmaq lazım olduğu kimi, müharibədə də bir az anlayışlı olmaq gərəkdir”.
Geri qayıt