BAKIDA “LİFT SABOTAJI” - Abutalıbov-Şükürov təcrübəsi bütün şiddətilə dövriyyədə

BAKIDA “LİFT SABOTAJI” - Abutalıbov-Şükürov təcrübəsi bütün şiddətilə dövriyyədə Görünür, Bakının lift-xidmət təsərrüfatı düzələsi deyil - Azəbaycanın baş kəndində gerçək bir lift-xidmət nihilizmi hökm sürür, heç kimin də vecinə deyil. Sanki belə də olmalı imiş.

Müşahidələr göstərir ki, Qüdrət Şükürov dönəmində sahə üzrə formalaşmış «durğunluq» post-Qüdrət dövründə də davam edir - insanlar isə əvvəlki kimi, liftsizlikdən əziyyət çəkirlər. Sanki Bakı şəhərini kim isə lənətləyib. Düşdyümüz bu durumu obrazlı şəkildə belə də ifadə etmək olar: Bu dünyanın bütün cövri-cəfası bizim olub, zövqi-səfası isə yanımızdan sürətlə ötüb keçir…

Amma yox, ötən dövrlə müqayisədə bircə fərq yaranıb - əvvəllər köhnə olması səbəbilə, liftlərimiz tez-tez xarab olurdu və aylarla «prostoy» yazırdı. Lift-xidmət idarəsi isə sadəcə, bu ürək bulandıran mənzərəni tənbəl-tənbəl seyr etməkdən yorulmurdu. İndi vəziyyət bir qədər dəyişsə də, xidmətin keyfiyyətsizliyi elə əvvəlki kimi qalır. Məsələn, indi liftlər təzə və müasir tipli olsalar da, onları istismar edən (işə buraxan) yoxdur - indi təzə-bahalı liftlər «prostoy» yazırlar…

Ötən yay kimlərsə gəldilər, sakinlər arasında heç bir izahat işi aparmadan, Yeni Günəşlidə «Q» və «V» yaşayış sahələrində köhnə liftləri sökməyə başladılar. Tez də sökdülər və qısa zamanda yenisini quraşdırdılar. Bu iş təxminən, 1 ay davam etdi. Sevincək olduq və səbrlə gözləyirdik ki, qısa zamanda təzə liftləriiz işə düşəcək - biz də rahat nəfəs ala biləcəyik. Fəqət, fələk başqa say saymağa başladı - sevnc gözləntilərimiz kədər payımıza çevrildi. Üstündən 4,5 ay ötməsinə baxmayaraq, təzə-bahalı liftlərimizi işə salan olmadı ki, nəhayət, nəfəsimizi dərə bilək.

Dərdimizi deməyə bir ünvan da yoxdur - hara üz tuturuqsa, heç kim heç nə bilmir. Elə təsəvvür yaranar ki, hökumət-dövlət məmurlarının hərəsi bir cüt bahalı «sabo» geyinib, cəmiyyəti sabolarla manipulyasya edirlər - SABOTAJ!

Bu fonda ölkədə hökumət adına iddia edən struktur görünməmiş susqunluq nümayiş etdirir - sanki yox imiş. Bu fəaliyyətsizlik artıq insanlarda ikrah hissi doğurur. İstər-istəməz, hökumətdən soruşmalı olursan: varsansa, varlığını ortaya qoy, yoxsansa, yoxluğunu etiraf et, biz də sizlərdən əlimizi birdəfəlik üzək!

AzPolitika.info
Geri qayıt