Naxçıvanın “muxtariyyət” anlayışı koronavirusun Ali Məclisə qədər sıçramasına yol açıb - “Muxtar” təhlükə

Naxçıvanın “muxtariyyət” anlayışı koronavirusun Ali Məclisə qədər sıçramasına yol açıb - “Muxtar” təhlükə Naxçıvanda koronavirus epidemiyası Muxtar Respublikanın Ali Məclisə qədər irəliləyib. Artıq bir çox “muxtarsəlahiyyətli” deputatlar və ali idarəetmə orqanının davamlı işçiləri bu virusa yoluxublar.

Ovqat.com-a bu barədə məlumat Muxtar Respublikanın Ağ Ciyər Xəstəlikləri Dispanserində işləyən, adının açıqlanmasını istəməyən həkim tərəfindən verilib.

Həkimin sözlərinə görə, Muxtar Respublikada koronavirusun yayılma sürəti hətta Azərbaycanı da geridə qoyub: “Sadəcə, bunu nədənsə gizlədirlər. Muxtar Respublikada heç bir karantin tədbirlərinə əməl olunmaması, xüsusilə məktəblərdə tədris prosesinin adi qaydada davam etdirilməsi, kütləvi tədbirlərin keçirilməsi epidemiyanın ciddi şəkildə yayılmasına şərait yaradır. Koronavirusa qarşı mübarizə tədbirləri kimi ilk növbədə tədris ocaqları bağlanmalı və kütləvi toplantılar qadağan olunmalıdır”.

Həkimin iddiasına görə, artıq koronavirus xəstələri əlindən xəstəxanalarda yer qalmayıb: “Bir çoxları evlərində, özü də polis nəzarəti altında müalicə olunurlar. Bu da istər-istəməz polislərin də sağlamlığını təhlükə altına atır”.

Maraqlıdır ki, Naxçıvan hakimiyyəti özünün muxtar səlahiyyətini bir çox hallarda Azərbaycandakı tətbiq olunan ümumi qaydaları pozmaqda görür. Bəzən isə bu “cızıqdançıxmalar” əhalinin sağlamlığını təhlükə altında qoyacaq qədər ağır fəsadlar törədir.
Geri qayıt