Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə...

Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - DGK-nin ləğvi yenidən gündəmdə... Ölkənin müharibə şəraitində olduğu bir ərəfədə bəzi möhtəkirlər üçün sanki fürsət yaranıb. Hər halda ürəkağrıdan olsa da, bu gün bazarlarda müşahidə olunan qiymət artımı bir fakt olaraq qabarmaqdadır. Bu xüsusda son zamanlar tikinti bazarında qiymət artımı diqqətdən yayınmır. Satıcılar mətbuat nümayəndələri ilə qiymət artımının səbəbləri haqda danışsalar da, anonim qalmağa üstünlük verirlər. Bunu özlərinin təhlükəsizliyi ilə bağlayan iş adamları qiymət artımının əsas səbəbini gömrük rüsumları ilə əlaqələndirilər.

DİA.AZ xatırladır ki, son illərdə gömrük proqnozlarının artımı adı ilə, Dövlət Gömrük Komitəsinin rəhbərliyi başda sədr Səfər Mehdiyev olmaqla öz işlərini yüksək səviyyədə göstərmək istəyirlər. Bəzi məmurlar da bu siyasəti bəh-bəhlə qiymətləndirsə də, bunun hansı fəsadlarla nəticələndiyinin fərqində deyil.

Bu məqama diqqət ayıran mənbə dia.az-a aşağıdakıları bildirib: “Problem Azərbaycanın idxaldan asılı ölkə olmasıdır. İdxaldan olan əlavə dəyər vergisi də daxil olmaq şərtiylə sahibkarın malın dəyərinə otuzdurulan vəsaitlər sonda istehlakçıların cibindən çıxır. Səfər Mehdiyev anlamalıdır ki, gömrük rüsumları nə qədər yüksək olsa, istehlakçılar bir o qədər çox ödəyəcəklər və bu, xarici ölkələrin iqtisadiyyatına xidmət edir, nəinki, daxili istehsalı stimullaşdırır. Bu mənada yüksək gömrük rüsumlarını daxili istehsalı qorumaq adı ilə qələmə vermək ən azı iqtisadi savadsızlıqdır. Ona görə sahibkarların şikayəti əsaslıdır. Səfər Mehdiyevin şəxsinə gəlincə isə o bu yolla həm öz iqtisadi maraqlarını qoruduğundan, həm də "yuxarılara" şişirdilmiş rəqəmlərlə hesabat verdiyindən hazırki situasiyadan məmnun görünür. Amma reallıq vətəndaşın əleyhinədir”.

“Gömrük Komitəsi ləğv edilib İqtisadiyyat Nazirliyinin tabeliyinə verilməlidir” deyən mənbə dia.az-a açıqlamasında aşağıdakıları əlavə edir: "Gömrük orqanları indiki siyasətləri ilə neomonopoliyanı yaradırlar, müxtəlif şirkətlərdən təqdim olunan invoyslarda nə yazılıbsa qəbul etdikləri halda, arxasında məmur olmayan, normal çalışan sahibkara bazar qiyməti adı altında yeni bəyannamə qiyməti tətbiq edirlər".

Qeyd edək ki, redaksiyamıza DGK-nın bu müharibəı şəraitində də "dinc durmadığı", sahibkarlara əlavə süni əngəllər tədarükündə olması haqda da informasiyalar daxil olub. Bu barədə növbəti yazımızda. Bizi izləməkdə davam edin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Geri qayıt