Abşeronda onkoloji xəstə olan zabiti işdən çıxarıblar

Abşeronda onkoloji xəstə olan zabiti işdən çıxarıblar Koronavirus pandemiyası dövründə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir. Məqsəd işçilərin əsassız yerə işdən çıxarılmasının, ixtisarının qarşısının alınmasıdır. Qeyd edək ki, bununla bağlı qurum altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərib. Ancaq dövlətin verdiyi qanunlar, Azərbaycan prezidenti İlham Əliyevin tövsiyyələri deyəsən Abşeron Təhsil Şöbəsinə aid deyil. Abşeron rayon Ceyranbatan qəsəbə sakini, ehtiyatda olan kəşfiyyatçı Şirinov Zaur Arzuman oğlu rayonun 1 saylı orta məktəbinin direktoru Çinarə Atayeva tərəfindən kiçik xidmətedici vəzifəsindən azad edilib.

Bu barədə Zaur Şirinovun redaksiyamıza ünvanladığı şikayət məktubunda qeyd edilib. O bildirib ki, məsələ ilə bağlı müraciətinə aidiyyəti qurumlar laqeyd yanaşır:

“Mən keçmiş döyüşçüyəm, illərlə ordumuzda kəşfiyyatçı kimi şərəflə xidmət etmişəm. Sonra qəfil aşkarlanan onkoloji xəstəliyə görə ehtiyata buraxılmışam. Ağır xəstəliyə görə hər işdə çalışa bilməzdim. Ona görə də yaşadığım evin yaxınlığındakı 1 saylı məktəbdə kiçik xidmətedici vəzifəsinə düzəldim. Himayəmdə üç azyaşlı övladım var. Məktəbdən aldığım 250 manat məvaciblə onların müəyyən problemlərini yoluna qoyurdum. Lakin Çinarə Atayeva məktəbə direktor təyin olunandan sonra koronavirusla bağlı vəziyyətə baxmayaraq, Əmək Məcəlləsini kobud şəkildə pozaraq, heç bir əsas olmadan məni iyun ayının 18-də işdən azad etdi. Maraqlıdır ki, möhtərəm Prezidentimiz və İqtisadiyyat Nazirliyi pandemiya dövründə heç kimin işdən çıxarılmaması ilə bağlı tapşırıq versə də, Çinarə Atayeva öz şəxsi maraqlarına, həmin postu başqasına satmaq ehtirasına görə işdən uzaqlaşdırılmağım barədə əmr imzaladı”.

Məsələ ilə bağlı Abşeron rayon Təhsil Şöbəsinin mətbuat xidmətindən bildirilib ki, bununla bağlı müraciət TŞ-yə daxil olmayıb: “Şirinov Zaur Arzuman oğlu Abşeron rayon Təhsil Şöbəsinə müraciət etsin. Bu məsələ araşdırılması üçün nəzarətə götürüləcək”. Qeyd etmək istəyirik ki, Çinarə Atayeva ilə bağlı müxtəlif səpkilərdə şikayətlər daxil olub. Yerli Təhsil Şöbəsi isə bu xanımla bacarmır. Deyilənə görə onu yerli güc strukturlarından himayə edən qüvvələr var. Məsələyə Emin Əmrullayevin də münasibəti maraqlı olardı.

Qarşı tərəfin də söz haqqını tanıyırıq.
Geri qayıt