SMS icazə bərpa edilir? – Yoluxma sayındakı artımın səbəbi yas mərasimləridir...

SMS icazə bərpa edilir? – Yoluxma sayındakı artımın səbəbi yas mərasimləridir... Koronavirus epidemiyasının dünyanı yenidən ağuşuna alması bir sıra Avropa ölkələrində yenidən sərt karantin qaydalarının tətbiqi ilə müşahidə edilir. Qeyd edək ki, ötən gün Azərbaycanda koronavirusa 1242 yoluxma faktı qeydə alınıb. Bundan əvvəlki aylarda hələ 200-300 yoluxma faktı qeydə alındıqda, ölkədə sərt karantin qaydaları tətbiq edilərək, SMS icazə sisteminə keçilmişdi.

Maraqlıdır, indi 1000-dən çox yoluxma sayının olması yenidən sərt karantin qaydalarının tətbiq olunması ilə nəticələnə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev indiki məqamda SMS icazəyə ehtiyac duyulmadığı qənaətindədir:

"Yoluxma statistikası aparılan testlərin sayına uyğun müəyyənləşir. Məsələn, bir neçə gün öncə 500 civarında yoluxmanın qeydə alınması 5000 test nümunənisinin götürülməsindən asılı idi. Yəni, aparılan test sayının 10 faizi qədər koronavirusa yoluxma sayı aşkarlanır. Bir həftədən çoxdur ki, artıq bu nisbət dəyişmir. Əgər metro və məktəblər bağlanmasaydı bu rəqəmlər daha çox olacaqdı.

Düşünürəm ki, virusa yoluxmanın artmasına təsir göstərən səbəblərdən biri də yas yerlərində insanların kütləvi toplaşmasıdır. Yəni, yas mərasimlərində insanlar toplaşaraq ağlayır, göz burun ifrazatı artır ki, bununla da hava damcı yolu ilə keçən koronavirusa yoluxma sayı çoxalır”.

Ekspert düşünür ki, yoluxma sayının artan templə davam edəcəyini düşünmür: "Ona görə də hesab edirəm ki, SMS icazənin tətbiqinə ehtiyac qalmayacaq. Nəzərə almaq lazımdır ki, biz müharibə şəraitindəyik və indi iqtisadiyyata diqqət yetirmək lazımdır. İş yerlərinin bağlanması maddi duruma pis təsir göstərəcək.

İki həftədir ki, ciddi artım müşahidə edilməyib. Düzdür, ötən aylara nisbətdə bu rəqəmlər çox görünə bilər, amma son bir aya baxsaq rəqəmlər stabildir. Nəzarət mexanizmini gücləndirilib, maarifləndirilmə aparılarsa, tezliklə uğurlu nəticəyə nail ola bilərik”.
Geri qayıt