Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...

Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər... "Qaldığımız yerdə insan yaşayışı adına heç bir şəraitimiz yoxdur. Həyat yoldaşım xəstəlik tapıb, işləyə bilmir. Şəraitsizlik üzündən azyaşlı övladlarım da tez-tez xəstələnirlər, həkimə aparmaq, dərman almaq imkanım yoxdur. Nəticədə xəstəlikləri dərinləşir, qızdırma, öskürək iluzunu uşaqlardan əl çəkmir”.

DİA.AZ bildirir ki, Zabratda – neft buruqlarının az qala 1 metrliyində uçuq, salxaq bir ev var. O evin içində bir yataq xəstəsi olan ata və iki azyaşlı xəstə uşaq var. Bir də şəraitsiz, soyuq evdəki bu xəstə, ac ailə üzvlərinə baxan Mehriban Məlikova var... O, danışır ki, həyat yoldaşı yataq xəstəsi, övladları isə azyaşlıdır deyə, özü işləyə bilmir. Nəticədə ailənin demək olar ki, büdcəsi yoxdur və ailə bir tərəfdən xəstəlik, bir tərəfdənsə aclıqla mübarizə aparır.

“Həyat yoldaşım ağciyər xəstəsidir, aylardır ki, yalnız yataq rejimində qalır. Başını yastıqdan qaldıranda boğulur və ölümcün hala düşür. Müalicə etdirməyə isə imkanımız yoxdur. Beləcə, övladlarımın atası hamımızın gözü önündə günbəgün əlimizdən gedir. Əlimizdən isə heç nə gəlmir. Uşaqlardan birinin 4, digərinin 6 yaşı var. Dediyim kimi, şəraitsiz vəziyyətdə yaşadığımız üçün uşaqlar iluzunu xəstə olurlar, xəstə uşaqları yataq xəstəsi olan ataya tapşırıb işə gedə bilmirəm. Gəlin özünüz şahid olun, bu dəqiqə evdə uşaqların qabağına qoymağa bir dişləm qənd, bir dilim çörək yoxdur. Uşaqlarım həm xəstəlikdən üzülür, həm də aclıqdan... Üz-gözləri sapsarı, yanaqları solmuş...”, - şikayətçi deyir.

Ailə ünvanlı sosial yardım üçün müraciət edib, ancaq imtina olunub: “Gəldilər evə baxdılar, halımıza acıdılar, dedilər, bu şəraitdə insan yaşayar? Yataq xəstəsi olan həyat yoldaşıma da şəfalar dilədilər, amma sonra da dedilər, bilirsiz necədir, gərək ikinizdən biriniz işləyəsiniz ki, sizə ünvanlı sosial yardım təyin oluna... Dedim, işləsəydim, daha yardımı neynirdim, görürsünüz ki, ailənin başçısı yataq xəstəsidir, azyaşlı uşaqlar hansı şəraitdə yaşayır, axır ki, biz də bu ölkənin vətəndaşıyıq, niyə bu zillətin içində yaşamalıyıq? Dedilər, qanun nədirsə, biz sizə onu bildirdik və getdilər. İndi siz deyin, biz necə yaşayaq? Mən bu iki tifilə nə yedirdim? Uşaqpulu yoxdur, sosial yardım düşmür, əmək fəaliyyəti ilə məşğul ola bilmirik, biz nə edək axı?”

Qışqabağı evə gedən qaz xətti də kəsilib. Səbəbsə yığılıb qalmış 600 manat borcdur. Mehriban xanım deyir, elə soyuq otaqsa su qızdırıb çimirlər: “Vedrədə su qızdıdıram, uşaqları elə soyuq otaqda başlarına su töküb çimdirirəm, özümüz də elə çimirik. Köhnə evdir, divarları tökülür, buruqların arasından siçovul, yayın istisində ilan sürünüb evə girir. Evin dam örtüyü dağılıb, döşəməsi çürük-çürükdür. Yağış başımıza yağır, balaca otağa vedrələr düzürük ki, su otağa dolmasın. Evin qapısı da sınıqdır, elə yox kimi şeydir”.

Mehriban xanım dövlətə səslənir, iki azyaşlı övladını şəraitsizlik və aclıq səbəbindən itirməmək üçün kömək, ilk növbədə mənzil şəraitinin ya xşılaşdırılmasını istəyir.
Adil Vəliyevin rayonunda ürəkağrıdan mənzərə - Nazirliyin işçiləri də baxıb gediblər...
Geri qayıt