"Qala Sığorta”nın səhlənkarlığına görə ziyan qarşılanmır” - GİLEY

"Qala Sığorta”nın səhlənkarlığına görə ziyan qarşılanmır” - GİLEY "Qala Sığorta” şirkətinin səhkənkarlığı bizi çıxılmaz vəziyyətə salıb. Avtomobil qəzasında xəsarət alanlar var. Nə sığorta şirkəti, nə də qəza törədən sürücüdən dəymiş ziyanın kompensasiyasını ala billmirik”.

Bunu “MediaPost”a şikayətçi Tovuz rayon sakini Babək Qasımov deyib. Onun sözlərinə görə, 2020-ci ilin yanvar ayının 24-də Tovuz rayonunun Düz Cırdaxan ərazisində onun avtomobilini 90-EG-147 dövlət nömrə nişanlı Vaz21074 markalı avtomobil vurub. Qəza törədən avtomobil “Qala Sığorta” şirkətində icbari qaydada sığortalı olub. Nəticədə B.Qasımovun avtomobilinə ziyan dəyib, sərnişinlər- Hümmətov Çingiz İskəndər oğlu və Hümmətov Gülbəniz Mahal qızı "az ağır" dərəcəli xəsarət alıb. Avtomobilə dəyən ziyan qarşılansa da, sığorta şirkətinin nümayəndəsi xəsarət halı ilə bağlı şifahi şəkildə ödəniş edilməyəcəyini deyib.
Məsələ ilə bağlı cinayət işi açılıb və bir neçə ay davam edib. Şikayətçinin bildirdiyinə görə, “Qala Sığorta”ya sərnişinlərə dəyən ziyanla bağlı avqust ayının sonunda müraciət edilib. Sığorta şirkəti 1 aydan sonra rəsmi qaydada bildirib ki, istintaq materiallarında zərərin ödənildiyi yazılıb. Ona görə də zərərvurandan etibarnamə alınmalıdır. Bununla bağlı zərərvuran avtomobil sürücüsü ilə əlaqə saxlamağa çalışsalar da həmin şəxsin könüllü olaraq cəbhədə olduğu məlum olub. Nəticədə zərərçəkən vətəndaşlar çıxılmaz vəziyyətdə qalıb. O bildirib ki, bununla bağlı Mərkəzi Banka müraciət ediləcək.

Məsələ ilə bağlı sığorta eksperti İlkin İbrahimov “MediaPost”a bildirib ki, “İcbari Sığortalar haqqında” qanuna əsasən sonuncu sənəd daxil olduğu gündən 7 iş günü müddətində müştəriyə ya ödəniş verilməlidir, ya da müştəriyə rəsmi məlumatlandırıcı cavab verməlidir. “Qala Sığorta”nın qanunla etməli olduğu fəaliyyəti vaxtında icra etməməsi vətəndaşa dəyən ziyanın ödənilməsində çətinlik yaradıb.
“MediaPost” məsələ ilə bağlı “Qala Sığorta” şirkətinə müraciət edib. Şirkətdən isə bildirilib ki, məsələ aydınlaşdırıldıqdan sonra açıqlama veriləcək.

Xatırladaq ki, “İcbari Sığortalar haqqında” qanuna əsasən avtomobildə xəsarət alan sərnişinlərə görə xəsarətin dərəcəsindən asılı olaraq xəsarət almış şəxslərə sığorta kompensasiyası nəzərdə tutulub. Göstərilən “az ağır” hal üzrə sığorta kompensasiyasının məbləği 1500 AZN təşkil edir.
Geri qayıt