Səhiyyə Nazirliyindən QƏRAR

Səhiyyə Nazirliyindən QƏRAR Məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında yeni Əsasnaməsi təsdiq edilib.

Bu barədə Səhiyyə Nazirliyinin Kollegiyası qərar verib. Əsasnamə məhkəmə-tibbi ekspertiza müəssisələrində məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi qaydalarını müəyyən edir.

Qaydalara əsasən, zorakı və qeyri-zorakı (qəfləti) ölüm hallarında meyitlərin; bədən xəsarətlərinin xarakterinin və sağlamlığa zərər vurma dərəcəsinin, yaşın, cinsi vəziyyətin müəyyənləşdirilməsi, həmçinin məhkəmə təbabəti sahəsində xüsusi bilik tələb edən digər məsələlərin həlli üçün canlı şəxslərin (şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin); laborator tədqiqat üsullarının (məhkəmə-tibbi kriminalistik, məhkəmə-tibbi bioloji, məhkəmə histoloji və məhkəmə kimyəvi) tətbiqi ilə maddi sübutların və cinayət, inzibati xətalara dair və mülki iş materialları üzrə məhkəmə-tibbi ekspertizası aparılır.
Qaydalarda bildirilir ki, travmanın növündən və törənmə mənşəyindən asılı olmayaraq tibb müəssisələri travma ilə stasionara daxil olan, ambulatoriyaya müraciət edən hər bir vətəndaş barədə ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinə dərhal xəbər verməlidir. İlkin, əlavə, təkrar, komisyon və kompleks məhkəmə-tibbi ekspertizalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmə ekspertizası fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq bəzi növ ekspertizalar (şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlər zamanı, ana ölümü və s.) Birliyin Baş direktorunun göstərişi ilə ekspertlər qrupu tərəfindən komisyon qaydada həyata keçirilir. Ekspertlər qrupunun heyəti Birliyin Baş direktoru tərəfindən təyin edilir.
Əlavə və ya təkrar məhkəmə-tibbi ekspertizalar ekspertizanın növündən, mürəkkəbliyindən və ekspertizanı aparacaq ekspertin (və ya ekspertlər qrupunun) peşəkarlıq səviyyəsindən asılı olaraq Birliyin Baş direktoru tərəfindən ekspertizanı təyin etmiş şəxsə məlumat verməklə başqa ekspertə və yaxud ekspertlər qrupuna həvalə edilə bilər. Məhkəmə-tibbi ekspertizaların icrası zamanı həmin ekspertiza ilə əlaqədar şikayət və yaxud da şübhə doğuran məlumatlar daxil olarsa, eləcə də icra edilən ekspertizanın növündən, mürəkkəbliyindən, ekspertizanı aparan ekspertin və yaxud ekspertlər qrupunun peşəkarlıq səviyyəsindən asılı olaraq Birliyin Baş direktoru tərəfindən həmin ekspertizanın icrası icraçı ekspertdən (şöbədən, bölmədən) götürülərək daha təcrübəli və yüksək ixtisaslı ekspertə (başqa şöbə və bölmələrə) həvalə edilə bilər.

Məhkəmə-tibbi ekspertizaların bir sıra növləri - peşə fəaliyyəti pozuntularına görə tibb işçilərinin fəaliyyətinə (fəaliyyətsizliyinə) dair ekspertizalar; cinayət, inzibati xətalara dair və mülki iş materialları üzrə təkrar ekspertizalar; əmək qabiliyyətinin dayanıqlı itirilməsinin müəyyən edilməsi üzrə ekspertizalar; xüsusilə mürəkkəb və ya dövləti əhəmiyyətli ilkin ekspertizalar bir neçə ekspertin iştirakı ilə keçirilməlidir.

Təkrar məhkəmə-tibbi ekspertizalar, peşə fəaliyyəti pozuntularına görə tibb işçilərinin fəaliyyətinə (fəaliyyətsizliyinə) dair məhkəmə-tibbi ekspertizalar, sağlamlıq vəziyyətinin təyini üzrə aparılan məhkəmə-tibbi ekspertizalar, həmçinin əmək qabiliyyətinin dayanıqlı itirilib-itirilməməsinin müəyyən edilməsi üzrə ekspertizalar yüksək ixtisaslı mütəxəssislərin də iştirakı ilə yalnız Bakı şəhərində ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrində həyata keçirilir. Məhkəmə-tibbi ekspertiza keçirilən zaman ekspertizanı təyin etmiş müstəntiq (və ya təhqiqatçı) ekspertizada iştirak edə bilər. Bu halda ekspertizanın keçirilmə vaxtını müstəntiqə (təhqiqatçıya) ekspert xəbər verir.

Haqqında məhkəmə-tibbi ekspertiza aparılan şəxsin soyunması ilə müşayiət olunan tədqiqatlar həyata keçirilərkən yalnız eyni cinsdən olan şəxslər iştirak edə bilərlər. Bu məhdudiyyət həmin tədqiqatların aparılmasında iştirak edən həkimlərə və digər tibb işçilərinə aid edilmir. Şübhəli və təqsirləndirilən şəxslər məhkəmə-tibb ekspertizasının keçirilməsində ekspertizanı təyin etmiş müstəntiqin icazəsi ilə iştirak edə bilərlər. Müalicə-profilaktika müəssisələrinin həkimləri meyitin ekspertizasına müstəntiqin (təhqiqatçının) icazəsi ilə buraxıla bilərlər. Ekspert məhkəmə təbabətində mütəxəssis kimi ilkin və digər istintaq hərəkətlərinə (hadisə yerində (meyitin aşkar olunduğu yerdə) meyitlərin xarici müayinəsi zamanı, ekshumasiyada, istintaq eksperimentlərində, şahid ifadələrinin yerində yoxlanılmasında, müqayisəli tədqiqat üçün nümunə götürülməsində və s.) cəlb olunur.
İlkin və digər istintaq hərəkətlərində iştirak edərkən ekspert həmçinin, maddi sübutların aşkar olunmasında, götürülməsində müstəntiqə (təhqiqatçıya) kömək edir, onun diqqətini maddi sübutların aşkar olunması və dəqiqləşdirilməsinə cəlb edir, bununla əlaqədar izahatlar verir, protokolla tanış olub onu imzalayır. Ekspert cinayət prosesi iştirakçılarına yazılı rəy təqdim etmək, onun məzmununu izah etmək, habelə onların suallarına cavab vermək və yazılı rəyin izahatı üzrə şifahi rəy vermək üçün cinayət prosesini həyata keçirən orqanın çağırışlarına gəlməli, istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak edərkən, həmin hərəkətləri aparan şəxsin, məhkəmə iclasında isə sədrlik edənin icazəsi olmadan bu yerləri tərk etməməlidir. Ekspertin öz vəzifələrini icra etməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

Ekspert öz vəzifəsini inzibati ərazi bölgüsünə uyğun icra edir. Təbii fəlakətlər, texnoloji qəza, fövqəladə və s. hallarda yalnız Birliyin Baş direktorunun əmri ilə ekspert başqa yerlərə müvəqqəti ezam edilə bilər. Ekspertizaların keçirilməsində Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ekspertin iştirakını istisna edən hallar olduqda ekspertə etiraz olunmalı və ya özü-özünə etiraz etməlidir. Qarşısına qoyulan suallar xüsusi biliklərindən kənara çıxırsa və ya təqdim olunmuş materiallar qoyulmuş suallara cavab verilməsi üçün kifayət deyilsə, rəy verməkdən, yuxarıda qeyd olunmuş hallara görə rəy verilməsinin mümkün olmadığı nəticəsinə gələrsə, ekspert ekspertiza keçirilməsinin davam etdirilməsindən imtina etməli, bu imtinanı əsaslandırmaqla rəy verilməsindən və ekspertizanın keçirilməsindən imtina etməsi barədə ekspertizanı təyin (sifariş) etmiş orqana və ya şəxsə yazılı formada məlumat verməlidir.

Məhkəmə-tibb eksperti qarşısına qoyulan suallardan əlavə, səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş, ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları da öz rəyində göstərməyə haqlıdır. Ekspert ekspertizanın aparılmasına başqa ekspertlərin cəlb olunması haqqında vəsatət verməyə, eləcə də komisyon və ya kompleks ekspetizalar keçirilən zaman qoyulmuş suallar ətrafında komissiyanın tərkibinə daxil olan ekspertlərlə məsləhətləşməyə haqlıdır. Ekspert mürəkkəb ekspertizalar zamanı ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs qarşısında müvafiq mütəxəssislərin cəlb olunması məsələsini qaldıra bilər.

Ekspert cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq və ya digər prosessual hərəkətlər və bu zaman müəyyən edilmiş hallara dair məlumatı, o cümlədən qapalı məhkəmə iclaslarının məlumatlarını, habelə ona məlum olan şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamalıdır. Ekspert prosessual qanunvericiliyə uyğun olaraq ekspertizanın predmetinə aid olan məlumatların aydınlaşdırılması üçün şübhəli, təqsirləndirilən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərə, zərər çəkmiş şəxslərə, şahidlərə, mülki mühakimə icraatı üzrə işdə iştirak edən şəxslərə suallar vermək hüququna malikdir.

Məhkəmə-tibb ekspertizasının gedişində ekspert qarşısında qoyulmuş və ya şəxsən onun lazım bildiyi və qərarda göstərilməmiş suallara cavab verməkdən ötrü məhkəmə-tibbi laborator müayinələrinin keçirilməsinə zərurət yaranarsa, o, təhqiqat və ya istintaq orqanlarının qərarı, yazılı təklifi və köməkliyi əsasında zəruri obyektləri ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinə göndərir. Bu zaman ekspert tərtib etdiyi müvafiq göndəriş vərəqələrində işin qısa məzmununu, ekspertiza gedişində aşkar edilmiş obyektiv məlumatları və laborator müayinələrin məqsədini göstərir. Məhkəmə-tibbi laborator müayinələri keçirmək üçün meyitdən hər hansı bir hissə, daxili üzv, toxumalar, qan, sidik və başqa biomateriallar götürülə bilər.

Məhkəmə-tibbi ekspertizanın düzgünlüyünə xələl gətirməmək şərti ilə, qeyri-zorakı ölüm hallarında meyit müayinəsi başa çatdıqdan sonra meyit yaxınları tərəfindən dəfn edilməsi üçün götürülmədikdə ölmüş şəxsin yaxın qohumlarının və ya qanuni nümayəndəsinin yazılı razılığı alınmaqla, həmin şəxslər olmadıqda aidiyyəti prokurorluq orqanına məlumat verilməklə meyit müalicə, elmi-tədqiqat və tədris məqsədləri üçün respublikanın ali tibbi tədris müəssisələrinə təhvil verilə bilər. Bu haqda “Ekspert rəy”ində müvafiq qeydiyyatlar aparılır, meyitin hara və kimə təhvil verilməsi barədə ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbələrinin və tədris qurumunun rəhbərliyi tərəfindən imzalanmaqla 2 nüsxədə akt tərtib edilir.

Məhkəmə-tibbi ekspertiza prosesində ekspert elə obyektlər aşkar edə bilər ki, bunlar öz xarakterinə görə maddi sübut kimi başqa növ ekspertiza üçün mühüm tədqiqat obyekti ola bilər. Bu obyektlər “Ekspert rəy”ində təsvir olunmalı və ekspertizanı təyin (sifariş) edən orqan və ya şəxsə verilməlidir. Məhkəmə-tibbi ekspertizaya təqdim olunan maddi sübutlar qeydiyyatdan keçməli və mühafizə olunmalıdırlar. Ərazi üzrə məhkəmə-tibbi ekspertiza şöbəsinin rəisi və ekspert maddi sübutların qorunması üçün onlardan asılı olan bütün lazımi tədbirləri görməlidir. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə rəydə istifadə olunmuş terminlərin və tətbiq edilən metodların dəqiqləşdirilməsinə zərurət yarandıqda təhqiqat aparan şəxs, müstəntiq və ya məhkəmə (hakim) Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə uyğun olaraq eksperti dindirə bilər.

Ekspert Azərbaycanın prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada məhkəməyə çağırıla bilər. Məhkəmə-tibbi ekspertiza məhkəmədə aparılarkən rəy ekspert tərəfindən yazılı tərtib olunur, məhkəmə iclasında ucadan oxunur və məhkəməyə təqdim edilir.

“Məhkəmə-tibbi ekspertiza rəyi”nin tərtib olunması qaydasında qeyd edilir ki, aparılmış tədqiqatların nəticələri üzrə ekspert öz adından yazılı rəy verir və onun bütün səhifələrini imzalayır. Ekspertin imzası Birliyin möhürü ilə təsdiq olunur. Ekspertin rəyi prosessual qanunvericiliyin və bu Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanır və rəy üç hissədən – giriş, tədqiqi hissə və nəticədən ibarət olur. Giriş hissədə ekspertizanın adı və növü (ilkin, əlavə, təkrar, komisyon və ya kompleks), nömrəsi, aparıldığı tarix, vaxt və yer; ekspertizanın aparılması üçün əsaslar; ekspertizanı təyin (sifariş) etmiş orqanın adı, şəxsin soyadı və adı; ekspertizanın təyin edilməsi haqqında qərarın (qərardadın) və ya ekspertizanın sifariş edilməsi barədə müqavilənin tarixi; ekspertiza aparılan işin və ya materialın nömrəsi, təkrar ekspertizanın təyin (sifariş) edilməsinə əsas verən obyektiv hallar və onun motivləri; ekspertizanı aparan ekspert (ekspertlər) haqqında məlumat: soyadı, adı, atasının adı, təhsili, ixtisası (ümumi və ekspertiza üzrə), ixtisas dərəcəsi, ekspert kimi stajı, elmi dərəcəsi, tutduğu vəzifə və xüsusi rütbəsi; ekspertizaya daxil olan materialların adı, gətirilmə üsulu, tədqiq edilən obyektlərin qablaşdırılmasının növü və rekvizitləri; bilə-bilə yalan rəy verməyə görə müvafiq olaraq inzibati məsuliyyətin və ya cinayət məsuliyyətinin ekspertə məlum olmasını təsdiq edən qeyd; əlavə materialların tədqiq edilməsi barədə ekspertlərin vəsatətinə dair məlumat; məlumatda vəsatətin göndərildiyi və cavab alındığı tarix, həmçinin onlara baxılmasının nəticələri; rəy verilməsi üçün mühüm əhəmiyyətə malik olan və ilk mənbə kimi ekspert tərəfindən qəbul edilən hallar; ekspertizanın aparılmasında iştirak edən şəxslər haqqında məlumat (hər birinin soyadı, adı, atasının adı, prosessual vəziyyəti) göstərilir. Həll edilməsi üçün ekspertlər qarşısında qoyulmuş suallar (ekspertin təşəbbüsü ilə qoyulmuş suallar da rəyin giriş hissəsində, ekspertiza təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə göstərilən suallardan sonra yazılır)

Giriş hissədə əlavə olaraq meyitin ekspertizası aparıldıqda istintaq məlumatları və tibbi sənədlərin məzmunu; şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ekspertizasında tibbi sorğu və şikayətlər (uşaqların sorğusu valideylərinin və ya müəllim-tərbiyəçilərin iştirakı ilə keçirilir), istintaq məlumatları və tibbi sənədlərin məzmunu; maddi sübutların ekspertizasında istintaq məlumatları və tibbi sənədlərin məzmunu qeyd edilir. “Ekspert rəyi”nin giriş hissəsi bilavasitə ekspertiza prosesi zamanı tərtib olunur.

Meyitin ekspertizasında: meyitin paltarı və xarici müayinəsi haqqında məlumatlar, boşluqların, üzv və toxumaların daxili müayinəsi, digər ekspertizalar üçün meyitdən götürülmüş və müstəntiqə təhvil verilmiş obyektlər; məhkəmə-tibbi laboratoriya müayinəsinə göndərilmiş obyektlərin siyahısı, transplantasiya üçün, eləcə də elmi və tədris məqsədlərlə götürülmüş toxuma və üzvlərin siyahısı (edilmiş müdaxilələr təsvir olunur, nə götürüldüyü, hansı müəssisəyə və kimə verildiyi göstərilir), laborator müayinələrin nəticələri və ekspert tərəfindən alındığı tarix; Şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxslərin ekspertizasında ekspert müayinəsi zamanı aşkar olunmuş obyektiv tibbi məlumatlar, müayinə olunanın ekspert tərəfindən başqa ixtisas həkimlərinə, rentgenoloji və digər müayinələrə göndərildiyi, həmçinin bu müayinələrin nəticələri barədə, paltar tədqiq edildikdə onun, eləcə də onda olan ləkə və zədələrin təsviri, laboratoriya tədqiqatına göndərilmiş obyektlərin (yaxma, tampon, qan nümunəsi və s.) siyahısı, eləcə də bu tədqiqatların nəticələri, əlavə müayinə və tədqiqatların keçirilmə tarixləri və onların nəticələrinin alındığı tarixi; Maddi sübutların ekspertizasında maddi sübut və onlardakı izlərin əsaslı təsviri, tətbiq olunmuş tədqiqat üsullarının və ayrılıqda hər bir tədqiqat növü üzrə alınmış nəticələrin, analiz prosesində istifadə edilmiş reaktivlərin, zərdabların, aparat və avadanlıqların göstərilməsi. Tədqiqi hissədə həmçinin müqayisə üçün təqdim olunmuş nümunələrin müayinəsi təsvir edilir; Cinayət, inzibati xətalara dair və mülki iş materialları üzrə ekspertizada ekspert təhlili üçün sonradan vacib olan məlumatların əsaslı təsviri; Tibb işçilərinin peşə fəaliyyəti barədə olan ekspertizalarda iş üçün əhəmiyyət kəsb edən tibbi və digər sənədlərin öyrənildiyi zaman alınmış məlumatlar; Giriş hissə işin təfsilatı və tədqiqi hissə ilə birlikdə “Ekspert rəy”inin protokol hissəsini təşkil edir. Protokol hissəsini məhkəmə-tibb eksperti və giriş hissədə göstərilən şəxslər imzalayır.

“Ekspert rəyi”ndəki nəticə ekspertin apardığı obyektiv tədqiqatlar əsasında ifadə olunmuş elmi əsaslı fikridir. Nəticə ekspertiza prosesində işin ekspert təhlili və tibb elminin məlumatları əsasında müəyyənləşdirilmiş obyektiv məlumatlar üzərində qurulur. Göstərilən obyektiv məlumatlar protokolun giriş və tədqiqi hissələrindən əldə edilir. Nəticə ekspert qarşısında qoyulmuş suallara müvafiq surətdə tərtib olunur. Onlarda, həmçinin ekspertiza zamanı müəyyən edilmiş əhəmiyyətli obyektiv məlumatlara ekspert qiyməti də olmalıdır. Nəticə aydın, səlist tərtib edilməklə xüsusi tibb terminlərindən mümkün qədər istifadə edilməməlidir. Hər bir nəticə üzrə ekspertin fikri obyektiv məlumatlarla əsaslandırılmalıdır.

“Ekspert rəyi”ni müxtəlif qısa arayış və çıxarışlarla əvəz etmək, həmçinin yuxarıda göstərilən məhkəmə-tibbi sənədləri tərtib edərkən təsdiq olunmamış forma və blanklardan istifadə etmək qadağandır.

Yeni Əsasnamənin təsdiq edilməsi ilə Səhiyyə Nazirliyi tərəfindən 12.03.1999-cu il tarixdə təsdiq edilmiş vəƏdliyyə Nazirliyində 08.04.1999-cu il tarixdə 157 nömrə ilə qeydə alınmış “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə” ləğv edilib.
Geri qayıt