Oktyabr ayının 12-dən bir ay ərzində qripə qarşı vaksinasiya başlayır - peyvəndi özəl klinikalarda vurdurmaq istəyənlər isə..

Oktyabr ayının 12-dən bir ay ərzində qripə qarşı vaksinasiya başlayır - peyvəndi özəl klinikalarda vurdurmaq istəyənlər isə.. Səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Təşkilatının “Qriplə mübarizəyə dair Qlobal Strategiya 2019-2030" sənədinə uyğun olaraq, davam edən COVİD-19 pandemiyası şəraitində, hər il olduğu kimi ”2020-2021-ci ilin payız-qış mövsümündə Respublikada qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb.

Nazirliyin yaydığı məlumata görə, respublikanın bütün şəhər və rayonlarında müəyyən olunmuş əhali qrupları arasında qrip əleyhinə vaksinasiya tədbirləri 2020-ci ilin oktyabr ayının 12-dən başlayaraq bir ay ərzində həyata keçirilməsi, eləcə də əhali arasında qrip və kəskin respirator virus xəstəliklərinin profilaktikası məqsədilə sanitariya-maarifi işinin aparılması, ümumtəhsil və məktəbəqədər uşaq müəssisələrində tibbi müşahidələr aparılmasının təşkili, qripə şübhəli xəstələrin, xüsusən uşaqlar və yaşlı əhalinin hospitalizasiyasının təmini, zəruri hallarda tibb müəssisələrində məhdudlaşdırıcı rejimin tətbiqi, tibb personalının fərdi qoruyucu vasitələrdən (maskalardan) istifadə edilməsinin təmini göstərişləri əmrdə əks olunub.

Qeyd edək ki, artıq bir çox ölkələrdə koronavirus pandemiyasının mövsümü xəstəliklərə, o cümlədən qripə qarışaraq, daha da şiddətlənməməsi üçün kütləvi şəkildə qrip vaksinindən istifadə edilir. Mütəxəssislər bununla qripə yoluxanların sayının kəskin azalacağını düşünürlər.

Bəs qrip vaksini hər kəs üçün vacibdirmi? Daha bir vacib sual - ölkəmizdəki hərbi vəziyyət koronovirusla bağlı stabil durumu dəyişə bilərmi?

İnfeksionist Vasif Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qrip vaksini hər zaman insanlar üçün tövsiyə olunur: “Xüsusən də oktyabr ayında qrip vaksini hər bir insan üçün lazımlıdır. Uşaqlara bu vaksin 6 aylığından vurulur. 5 yaşından yuxarı uşaqlar və 50 yaşından yuxarı insanlar üçün isə mütləq tövsiyə edilir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün”.

Vasif Əliyev ölkədə koronovirusla bağlı son vəziyyətin stabil olduğunu qeyd edib: “Hazırda ölkədə koronovirusla bağlı vəziyyətdə stabillik hökm sürür. Doğrudur, ölkədəki mövcud hərbi durumla əlaqədar vəziyyət getdikcə dəyişir. Bu baxımdan konkret fikir bildirmək olmur. Əsgərlərin orduya getməsi, insanların bir yerə toplaşması və sairə məsələləri nəzərə alsaq, vəziyyət bundan sonra bir qədər ciddiləşə bilər. Çünki mövcud durumla bağlı insanlar özlərini qoruya bilmirlər. Lakin qeyd etdiyim kimi, ümumilikdə vəziyyət stabildir”.

Tibb elmləri doktoru Adil Qeybulla da qeyd etdi ki, koronavirusla birgə mövsümü xəstəlikləri də yanaşı keçirməmək üçün qrip vaksininə müraciət etmək lazımdır: “Lakin məlum məsələdir ki, qrip vaksini bizi koronavirusdan xilas etmir. Biz soyuqdəymə xəstəlikləri ilə koronavirusu ayırd etməyi bacarmalıyıq. Soyuqdəymə xəstəlikləri insanda bel, əzələ ağrıları, halsızlıq, qızdırma yarada bilir və bu da koronavirusla oxşarlıq təşkil edir. Onların arasında diaqnostika aparmaq çox vacibdir. Bu baxımdan Koreyada müəyyən testlər hazırlanır. Hesab edirəm ki, həmin vasitələri əldə etmək daha yaxşıdır, nəinki qrip vaksini vurdurmaq”.

Adil Qeybulla qeyd edib ki, hazırda ölkədə koronovirusla bağlı stabil vəziyyət bundan sonra da davam etsə, tezliklə koronavirusla vidalaşa bilərik: “Bu ayı da normal keçirə bilsək, payızın sonunda koronovirusla yavaş-yava vidalaşacağıq. Ümumiyyətlə, hesab edirəm ki, koronavirus əgər təbii virusdursa, bu ilin sonuna qədər yoxa çıxmalıdır. Çünki çirkli proseslər təxminən bu qədər davam edir. Yox, əgər bu virus laboratoriya şəraitində yaradılıbsa, onda ondan xilas olmağımız çətin olacaq. Lakin hər zaman karantin qaydalarına əməl etməli, maska taxmalı, sosial məsafə saxlamalı, əlləri mütəmadi dezinfeksiya etməliyik. Bu qaydalar həm də bizi mövsümi soyuqdəymə xəstəliklərindən də qoruyur. Məlum olduğu kimi, hər il payız mövsümündə pnevmoniya xəstəliyindən ölənlərin sayı kifayət qədər, koronavirusdan ölənlərin sayından az olmur. Bu baxımdan son dərəcə diqqətli olmaq lazımdır”.

Tanınmış həkim-pulmonoloq Ədalət Rüstəm “Yeni Müsavat”a açıqlamasında qeyd edib: “Adi qriplərin peyvəndi demək olar ki, effektsizdir. Yəni olmasa ondan yaxşıdır. Ümumiyyətlə, qrip infeksiyasına qarşı mövcud bütün peyvəndlərin hamısının təsiri çox cüzidir. Onların effekti yoxdur. Bu baxımdan COVİD-19-a qarşı hazırlanacaq peyvəndin də o qədər də effektli olacağını düşünmürəm".

Qripə qarşı peyvəndin qiymətinə gəldikdə isə bu peyvənd bir sıra özəl klinikalarda aparılır. Məsələn, Mərkəzi Gömrük Hospitalında qrip virusuna qarşı Fransanın “Sanofi Pasteur” şirkətinin istehsalı olan “Vaxigrip” peyvəndi tətbiq edilir. Peyvəndin qiyməti həkim məsləhəti daxil olmaqla, 55 manatdır. Mərkəzi Klinik Xəstəxanada bu qiymət 36 manat, digər klinikalarda isə 40-42 manatdır. Qeyd edək ki, payız mövsümü xəstəlikləri ilə koronavirusun əlamətləri bəzən eyni olur və bunu bəzən insanlar ayırd etməkdə çətinlik çəkirlər.

Bəs payız mövsümündə adi qripi koronavirusdan necə fərqləndirək?

Həkim Ədalət Rüstəmin dediyinə görə bunları bir-birindən ayırmaq ilk vaxtlar çətin olacaq: “Lakin onların fərqli cəhətləri var və bu haqda artıq insanlar məlumatlıdır. Belə ki, COVİD-19 qripində iy, dad bilmə hissiyyatı itir, öskürək davamlı olur, udqunmaq çətinləşir. Lakin adi qripdə simptomlar adətən yüngül keçir".

Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri bildirirlər ki, koronovirus infeksiyasının əsas simptomları hərarət, halsızlıq və quru öskürəkdir. Bəzi xəstələrdə burun tutulması, burun axması, boğazda ağrı, səpgi və ishal da ola bilər. Bu əlamətlər nadir hallarda müşahidə olunur. Bədən hərarətinin yüksəlməsi, allergiyadan başqa zökəm, qrip və COVİD-19-da rast gəlinə bilir. Öskürək qrip və allergiyalarda, baş və boğaz ağrısı isə zökəm və qripdə daha tez-tez müşahidə olunur.

Allergik rinit qəflətən başlamaz, əlamətləri adətən uzun müddət davam edər. Allergiyada asqırma, gözlərdə qızarma və qaşınma müşahidə edilir. Oxşar əlamətlər zökəmdə də rast gəlinir. Zökəmin ən önəmli əlaməti şiddətli burun axıntısıdır. Bu əlamət digər xəstəliklərdə rast gəlinmir. Qrip zamanı qızdırma və öskürək xəstəliyə xarakterik ən önəmli simptomlardır. COVİD-19 ilə qripin kliniki əlamətlərini bir-birindən çətinliklə ayırmaq mümkündür. Hər ikisində də kəskin şəkildə başlayan qızdırma, quru öskürək və halsızlıq qeydə alınır. Ən önəmli fərq isə təngnəfəslik və boğulmadır. Bu əlamətlərdən biri və ya hər ikisinin olması qripə deyil, COVİD-19 xəstəliyinə xasdır. Buna görə də xüsusi olaraq qeyd etmək lazımdır ki, qrip ilə ən çox qarışdırılan əlamətlərin olmasına baxmayaraq COVİD-19 qrip deyildir.
Geri qayıt