İcra başçısı töhmətdən nəticə çıxarmadı – Süleyman Mikayılovu nə gözləyir?

İcra başçısı töhmətdən nəticə çıxarmadı – Süleyman Mikayılovu nə gözləyir? Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov son bir neçə gün ərzində paytaxtın müxtəlif qəsəbə və yaşayış massivlərindəki vəziyyətlə maraqlanıb və sakinlərlə görüşüb. Onun paytaxtın bir neçə rayonlarının ərazisində keçirdiyi görüşlərdə vətəndaşları daha çox narahat edən məsələlər – məişət tullantılarının daşınması, qanunsuz tikintilərin aparılması və s. məsələlərə toxunulub, müraciət və təkliflər nəzarətə götürülüb.

Eyni zamanda, bir neçə rayonda nöqsanlar aşkarlanıb.

E.Əzizov Qaradağ və Xəzər rayonlarının İcra Hakimiyyəti Aparatlarında RİH əməkdaşları ilə keçirdiyi görüşdə ərazidəki vəziyyət, xüsusilə qanunsuz tikintilərlə bağlı konkret faktlar göstərib, cavabdeh şəxslər xəbərdarlıq edilib, 1 ay ərzində nöqsanların aradan qaldırılması üçün tapşırıqlar verilib.

Bakı merinin qanunsuzluqlarla bağlı konkret faktları təqdim etməsi təqdirəlayiqdir. Qaradağ rayonunda qanunsuzluqların mövcudluğu mütəmadi olaraq mətbuatda da işıqlandırılıb. Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Süleyman Mikayılov isə mətbuatda və sosial mediada hər zaman tənqid olunan şəxslərdən biri olub.

Hələ bu ilin mart ayında BŞİH-də koronavirus infeksiyasına qarşı şəhərdə aparılan dezinfeksiya işlərinə həsr olunmuş müşavirədə Qaradağın icra başçısına xəbərdarlıq olunub.

Müşavirədə Qaradağ rayonunun təmizlik sahəsində müstəqil maddi-texniki bazanın mövcud olduğu iki rayondan biri olmasına baxmayaraq, dezinfeksiya işlərinin Ələt və Lökbatan qəsəbələrində qeyri-qənaətbəxş icra olunduğu və qarşıya qoyulan vəzifələrin lazımi səviyyədə təşkil olunmadığı məlum olub. Buna görə də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ciddi tənqid olunub və ona xəbərdarlıqla töhmət elan edilib. Qeyd olunub ki, belə halların Qaradağda və ya başqa rayonlarda təkrar olunması xüsusi vəziyyət şəraitində işi təşkil etməyi bacarmamaq kimi qiymətləndiriləcək.
S.Mikayılov isə qısa zamanda bu sahədə mövcud olan nöqsanların aradan qaldırılacağına dair söz verib.

Daha sonra S.Mikayılov buraxılmış nöqsanlara görə rayon İcra hakimiyyəti başçısının birinci müavini Emil Abbasova və Lökbatan qəsəbə nümayəndəsi İlham Yusifova töhmət verib, Ələt qəsəbə nümayəndəsi Eldar İbrаhimov isə tutduğu vəzifədən azad edilib.

Bununla da, S.Mikayılov öz bacarıqsız fəaliyyətinə görə aldığı töhmətin cavabını RİH-in digər vəzifəli əməkdaşlarından çıxıb. Amma görünən odur ki, S.Mikayılov verdiyi sözü layiqincə tuta bilməyib.
Hələ bu ilin mayın 10-da Eldar Əzizov jurnalistlərə açıqlamasında Qaradağ Rayon İcra Hakimiyyətinin öz fəaliyyətində dönüş yaratmağa çalışdığını müşahidə etdiyini bildirib. O, cəzalanmamaq üçün daha yaxşı işləməyin vacibliyini vurğulayıb.
S.Mikayılovun töhmətdən nəticə çıxaracağına ümid etdiyini qeyd edib.
Məntiqi nəticə ilə belə qənaətə gəlmək olur ki, S.Mikayılov idarəçiliyi bacarmır. Çünki martın 24-də BŞİH başçısı keçirdiyi müşavirədə belə halların təkrar olunacağı halda bacarıqsızlıq kimi qiymətləndiriləcəyini bildirmişdi.
Geri qayıt