"Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir" - Prezident İlham Əliyev

"Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir" - Prezident İlham Əliyev "Pandemiya ilə əlaqədar Azərbaycan həkimlərinə xüsusi diqqət göstərilir. Prinsip etibarilə, səhiyyə sistemində çalışan insanlar daim dövlət tərəfindən qayğı ilə əhatə olunur. Tikilmiş xəstəxanalar həkimlərin iş yeridir və həkimlərin həm iş yerlərinin müasirləşdirilməsi, eyni zamanda, onların maliyyə vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzində olub. Pandemiya dövründə bu diqqət daha da genişmiqyaslı olub”.

Bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında deyib.

“Görülən bütün işlər öz səmərəsini verir. Təsadüfi deyil ki, son həftələr ərzində COVID ilə mübarizədə vəziyyət daha müsbətdir. Biz müsbət dinamikanı görürük və ümid edirəm ki, bu dinamika bundan sonra da qorunub saxlanılacaq.

Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə ilk günlərdən sıx təmasda idik. Bu gün də bu təmaslar davam edir. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda bu sahədə görülən işlərə çox yüksək qiymət vermişdir və Azərbaycanı nümunəvi ölkə adlandırmışdır. Bu, həqiqətən də belədir. Yəni, görülmüş işlər, bu sahəyə ayrılan dövlət vəsaiti, səfərbərlik işləri, xəstəxanaların, laboratoriyaların inşası, sosial proqramların həyata keçirilməsi, bütün bunlar, əminəm ki, bizim mübarizədə əsas rol oynamışdır. Ona görə bu gün də bu təmaslar davam edir və əminəm ki, birgə səylərlə biz bu məsələni - COVID-in nəzarətdə saxlanmasını təmin edəcəyik”, dövlət başçısı bildirib.
Geri qayıt