Zakir Fərəcovu bu insanların taleyi düşündürürmü? - GİLEY

Zakir Fərəcovu bu insanların taleyi düşündürürmü? - GİLEY "Evimiz başımıza uçur. Ölkədə müraciət etmədiyimiz qurum qalmayıb. Hamısı bir-birinin üstünə atır, baxmır. Sabah bina uçsa, 12 ailə 50-dən çox adam qalacaq altında. Onda bu faciədən kim cavabdeh olacaq? Kim verəcək bunun cavabını?” DİA.AZ bildirir ki, Sumqayıtın 19-cu məhəllə adlanan ərazisindəki 15-ci binanın sakini Nərmin Abdullayeva belə deyir. Bildirir ki, bina istismar müddətini çoxdan başa vurub, düzdür, ancaq tam qəzalı duruma düşməsinə səbəb qonşuluqdakı yeni tikili binadır.

“Həmin bina tikilən zaman buradan ağırtonnajlı avtomobillər keçirdi. Biz buna narazılıq etdik, dedik, bina silkələnir, başqa yerdən keçsin. Bina rəhbərliyi bizə söz verdi ki, buradan sizə də mənzil veriləcək. “İmkan verin, işimizi görək”. Dedilər ki, bilirik, binanız onsuz da qəzalıdır: “Sizə ev lazımdır, bizə də işimizi görmək”. Biz də inandıq, izin verdik. Bina tikilib başa çatanda bizi tanımadılar”.

Sakinlərdən 76 yaşlı Həmidə Məmmədova isə 1962-ci ildən burada yaşayır. Deyir, köhnə bina idi. Qonşuluqda hündürmərtəbəli bina tikiləndən sonra yaşadığı bina daha da qəzalı duruma düşüb: “Camaat əvvəlcə qoymurdu buradan ağırtonnajlı avtomobillər keçsin. Dedilər, “ev veriləcək”. Mən də diz çökdüm qonşularımın qarşısında, yalvardım ki, imkan verin, işlərini görsünlər. İşlərini gördülər, binalarımız qəzalı duruma düşdü, sonra aradan çıxdılar. Nə ev verdilər, nə də üzümüzə baxdılar. Dəfələrlə yük maşınını evin kənarındakı dirəklərə çırpdılar və binanı daha da qəzalı duruma saldılar. İndi uçub başımıza tökülür”.

Həmidə Məmmədova deyir ki, evlərinin bu durumu ilə bağlı dövlət orqanlarına çox gedib-gəlib, ərizələr yazıblar. Hər dəfəsində də onlara “gözləyin, söküləcək”, cavabı veriblər: “Axırda uçan evin damını düzəltdilər, dedilər, “qəzalı deyil, oturun”. İstiliyi də yoxdur. Məsələ budur, qışda donuruq”.

Həmidə Məmmədovanın 3 otaqlı mənzilinin 9 sakini var. Ancaq deyir, şəraitsizlikdən və qəzalı durumda olduğundan kimsə burada qalmır: “Hamısı kirayədə yaşayır. Təkcə oğlumdan başqa. İşçıxışı, gecələr gəlib mənimlə qalır. Yenə az da olsa yaşanası durumda idi. FHN gətirib damını düzəltdirənədək. Yuxarı mərtəbələrin evinin içinə su damırdı. FHN bir-iki ay öncə dam örtüyünü yenilədi. Yenilənmə sırasında evi daha da qəzalı duruma saldılar. İndi hər tərəfindən içəri nəm verir. Bilmirik dərdimizi hara, kimə deyək. Çünki artıq belə bir qurum qalmayıb. FHN-ə, Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Birinci Vitse-prezident Mehriban Əliyevaya, Prezident İlham Əliyevə - hər yerə yazmışıq. Əslində məmurlar vaxtında bir tədbir görsələr, vətəndaşlar hər xırda problemdən ötrü prezidenti narahat etməz. Bir sözlə, müraciətlərimizin heç birinin nəticəsi olmayıb. Evimiz günü-gündən köhnəlir, dağılır, axırda başımıza uçacaq”.

Nərmin Abdullayevanın 2 övladı var. Hər ikisi azyaşlıdır. Yaşadığı evdə isə 4 azyaşlı böyüyür. Deyir, onlar üçün bu evdə yaşamağın hər günü təhlükədir. Hətta sonuncu dəfə mətbəxin tavanı çökəndə az qalıb 2 yaşlı körpə altında qalsın: “Hər gün qorxa-qorxa yatırıq ki, birdən ev uçar, qalarıq altında. Həqiqətən vəziyyət acınacaqlıdır. Qaynımgillə bir evdə yaşayırıq. Hərəmizdə 2 uşaqdır. Onlar üçün çox narahatıq. Ev çürüyüb, deyir, “məndən əl çəkin”. Necə çəkək? Nəyimiz var ki, gedək özümüzə ev alaq? Şikayət edəndə də deyirlər ki, mərkəzdə qalırsız, dərdiniz nədir? Anlamırlar ki, ev başımıza uçur, nə edək mərkəzi? Mərkəzdə yaşayırıq, amma vanna otağımız yoxdur. Yoldaşım 320 manat maaş alır. 2 uşaqla yeməyimizi güclə ödəyirik. Qaldı, özümüzə ev alaq, yaxud kirayə mənzilə çıxaq. Buna imkanımıza yoxdur”.
Zakir Fərəcovu bu insanların taleyi düşündürürmü? - GİLEY


Geri qayıt