Səfər Mehdiyev və onun həmkəndliləri 3 gündür ki...” – Ekspertdən etiraz

Səfər Mehdiyev və onun həmkəndliləri 3 gündür ki...” – Ekspertdən etiraz "Gömrük Komitəsinin sədri və onun həmkəndliləri 3 gündür, guya, bizi, müstəqil ekspertləri tənqid edərək deyirlər ki, biz Nazirlər Kabinetinin xaricdən mal gətirilməsi ilə bağlı son absurd qərarını doğru şərh etmirik. Gətirdikləri "arqument” də budur ki, qərar şəxsi istifadə üçün gətirilən mallara şamil edilir, kommersiya məqsədi ilə gətirilən mallara aid deyil”.

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O əlavə edib ki, Dövlət Gömrük Komitəsinin (DGK) sədri və qurumun digər əməkdaşları əslində özləri-özlərini təkzib edirlər: “Səfər müəllim deyir ki, sitat: “Bəzi ekspertlər “Ay sahibkarlar, kiçik biznes batdı, bunu müzakirəyə çıxarmalıyıq” deyirlər. Bu sahibkarlara aid deyil. Bu qərar artıq yüksək səviyyələrdə müzakirə olunub və qəbul edilib”.

Hörmətli sədr, həm rəsmi açıqlamanız, həm də həmkəndlilərinizin sözləri dediyinizi təkzib edir. Məsələn, məlum qərarla bağlı DGK-nin rəsmi açıqlamasından sitat: “Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb”.

Deməli DGK-i özü etiraf edir ki, əvvəlki qaydalar çərçivəsində kiçik biznes imkanları var idi, əsas hədəf də bunun qarşısını almaq, hava gələn yerə, nəfəsliklərə daş döşəməkdir.

Növbəti sitat, Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov: “Son illərin təcrübəsi göstərir ki, bu sahədə qeyri-leqal ticarət dövriyyəsi yaranıb. Yəni, ölkəyə qeyri-kommersiya təyinatlı mal adı altında ayrı-ayrı işbazlar tərəfindən və sadə vətəndaşlardan istifadə etməklə Azərbaycanın daxili bazarına mal gətirilir və onlar müxtəlif ticarət mərkəzlərində realizasiya olunur. Dövlətin nə rüsumu, nə vergisi, heç bir ödənişlər ödənmir".

Özünüz yenə etiraf edirsiniz ki, yazıq və bacarıqlı millət ayda 1 dəfə 1000 dollarlıq mal sifariş verməklə kiçik biznes qurmuşdu, pul qazanılrdı, gözünüz bunu götürmədi, xırda sahibkarlıqla məşğul olaraq özünü dolandıran camaata qənim kəsilmək üçün bu qərarın lobbiçiliyini etdiniz”.

Daha sonra Natiq Cəfərli DGK-nı tənqid etməsinə aydınlıq gətirib: “Qərarı Nazirlər Kabineti verib, Gömrük Komitəsi icra qurumudur, verilən qərarları icrasını həyata keçirməlidir, amma 3 gündür DGK bütün gücünü işə salaraq qərarı müdafiə edir – nə marağınız var axı sizin bunda?! Siz icraçısınız, qərarı ancaq belə şərh verə bilərdiniz: “Gömrük orqanları Nazirlər Kabinetinin qərarından irəli gələn vəzifələri icra edəcək”, yəni, qərarı siz verməmisiniz ki, onu da müdafiə edəsiniz. Belə çıxır ki, NK-də qərarın lobbiçiliyini siz və sizə yaxın iri inhisarçı mal gətirən şirkətlər edib.

Bir daha: Əgər səmimi olaraq sizin davanız büdcəyə əlavə vəsait daxil olma məsələsidirsə, inhisarçıları qorumaqdan əl çəkin, Nazirlər Kabineti əvvəlki qaydanı bərpa edir və əlavə bir qərar alır: 1000 dollar qədər dəyərində ayda bir dəfə mal sifariş vermək olar, amma ayda 1 dəfə 1000 dollardan 10000 dollara qədər mal sifariş vermək, bunu kiçik biznesə çevirmək istəyənlər varsa VÖEN açmalı, həmin sənəd üzərindən mal sifariş verməli, ƏDV və rüsumdan azad olmaqla ancaq dövriyyədən 5% büdcəyə vergi ödəməli və qanunvericiliyə uyğun olaraq Sosial Müdafiə Fonduna ödənişlər etməlidir – Vəssalam!”.

Çıxış yolu budur, yoxsa komitə sədri çıxıb deməməlidir ki, bitdi, qərar verilib, dəyişdirilə bilməz! Bu Səfər müəllimin səlahiyyətində deyil, qərarı verən Nazirlər Kabinetidir, bu qurum da dəyişdirə bilər, olmasa, Prezident öz səlahiyyətlərindən istifadə edib NK-nin mənasız qərarını ləğv, yeni qaydalar təyin edə bilər. İctimai müzakirələrin və etirazın nəzərə alınacağına ümid edirəm...”
Geri qayıt