Vüqar Behbudovun çətiri altında özbaşınalıq - İTTİHAM

Vüqar Behbudovun çətiri altında özbaşınalıq - İTTİHAM Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeçiliyində olan Müharibə və əmək əlilləri üçün pansionatda baş vermiş intihar hadisəsinin səbəbini araşdırmaqda ikən, nə korruptiv əməllərinə görə tənqid etdiyimiz pansionatın direktoru Samirə Mehdiyeva, nə də rəsmi məktubla müraciət etdiyimiz ƏƏSMN-dəki havadarı Vüqar Behbudovdan mövqelərini ifadə edən, araşırmalarımıza kömək edəcək cavab almadıq. Düzünə qalsa, faktla bağlı prokurorluğun gördüyü işin nəticəsi də açıqlanmayıb. Ehtimal var ki, cinayət təqibi orqanı məsələyə “günah öləndədir” prinsipi ilə yanaşıb işi bağlayacaq. Bu ehtimalımızın nədən qaynaqlandığını irəliləyən sətirlərdə izah edəcəyik. Hələliksə...

Hələliksə, Samirə Mehdiyevanın düşərgəsindən redaksiyamıza zəng vuran yeganə şəxs adını xeyli israrlarımızdan sonra açıqlayan “Hümbətova Nübar nənə” oldu. Pansionatın ağbirçək sakini Nübar nənə özünü təqdim edənə qədər necə deyərlər, “dişinin (bəlkə də protezinin) dibindən çıxanı” ünvanımıza yağdırdı. Cavanlığında Rusiyadan belə gəzib-dolandığını, yüksək savad tələb edən mühasib, kadrlar şöbəsinin müdiri və başqa bu kimi vəzifələrdə çalışdığını, yazdığı şeirlərin Prezident Administrasiyasında dillər əzbəri olduğunu dedi. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə, ƏƏSMN rəhbəri Sahil Babayev ilə, deputat Səyavuş Novruzov ilə, Mlli Aviasiya Akademiyasının rektoru Arif Paşayev ilə, teleaparıcı Hacı Nuranla şəxsi münasibətlərindən danışdı. Bildirdi ki, işlətdiyi telefonu da ona general Mədət Quliyevin oğlu Murad bağışlayıb.

Bunca gurultulu təqdimatdan sonra Nübar nənə təxmin etdiyimiz kimi daha kəskin hücuma keçdi. Bizi bilmədiyimiz şeyləri yazmaqda suçladı, yalnız ağızdan eşitdiyimiz məlumatları dərc etməkdə, “İnstaqram”da paylaşmaqda ittiham etdi.

Dərhal başa düşdük ki, Nübar nənə savaddan dəm vursa da, rəsmi elektron kütləvi informasiya vasitələri ilə sosial media platformalarını ayırd edə bilmir, internet məfhumu onun üçün yalnız eşidib xatırladığı “İnstaqram”dan ibarətdir. Sadəcə, direktor tərəfindən təlimatlandırılaraq üstümüzə göndərilib. Biçarə ağbirçək yəqin yaşının keçməsi, hafizəsinin zəifləməsi səbəbindən təlimatın bəzi məqamlarını unudub, bizim saytın adını yada sala bilməyib. Ola bilsin, o, hələ də cənab Mədət Quliyevin Müdafiə Sənayesi naziri vəzifəsinə təyin olunmasından xəbərsizdir, onu əvvəlki kimi Dövlət Təhlükəsizlik Xidmətinin rəisi hesab edir. Söz yox, Nübar nənə Hacı Nuranın da Prezident ailəsi ilə, Murad Quliyev ilə birgə “İnsaqram” şəkillərini görüb. Ancaq, onu da bilmir ki, ünsiyyətdə olduğu, müsahibə aldığı hamı ilə şəkil çəkdirmək jurnalist Nuran Hüseynovun xobbisidir. Məlumatsızdır ki, deputat Səyavuş Novruzov artıq güvəniləsi adam deyil, karantin rejimini pozduğuna görə rəzil vəziyyətə düşüb.

Sözünü kəsmədiyimiz Nübar nənənin hücumunun “birinci dalğası” ötüşəndən sonra təmkinlə soruşduq:

- Siz ki bizim suallara cavab verməyə məsul deyilsiz, niyə narahat olursunuz? Məsələn, deyə bilərsinizmi ki, pansionatın sakini Saday Babayev nəyə görə özünü asıb? Bu ki faktdır.

Nə cavab versə yaxşıdır:

- Pansionatda ondan əvvəl də özün asan da olub, qaçan da. Tək o deyil ki. O kişinin evdə olduğu vaxt da ailəsi ilə problemi olub, damarını doğrayıb. Yaxşı kişi idisə, burda nə işi vardı, oğlu niyə saxlamayıb?.. Ümumiyyətlə, bu məsələlərdən sizə nə?

– Bizim işimiz elə bu məsələləri araşdırıb ictimailəşdirməkdir.

– Qulaq asın, xəbərdarlıq edirəm, bir də bu barədə yazsanız, özümü öldürəcəyəm, günahkar da siz olacaqsınız!

– Xeyr, biz olmayacağıq, Sizi öyrədib bizə zəng vurmağa təhrik edənlər olacaq.

Məqalənin əvvəlində prokurorluğun son qərarının ədalətli, obyektiv olacağına niyə şübhə ilə yanaşdığımızı açıqlayacağımzı vəd etmişdik. Vaxtıdır: Əgər istintaq Nübar nənə kimiləri dindirib onların ifadələrinə əsaslanacaqsa, demək, Saday kişinin qanı batdı!

Pansionatdakı dözülməz atmosferdən təngə gəlib intihar həddinə çatan digərlərinin də iniltisi duyulmaqdadır. Vaxtilə həmin müəssisədə anbardar işləmiş, indi saytımızın sadiq oxucusuna çevrilən Vüsal adlı şəxs srağagün redaksiyamızla əlaqə saxlayaraq bildirdi ki, pansionatın Vahid adlı sakini ona zəng edib həyatdan bezdiyini deyib və xahiş edib ki, onu Nazirliyə aparıb rəhbər vəzifəli şəxslərlə görüşməsinə, şikayətini çatdırmasına köməklik göstərsin. Vahid kişi ilə əlaqə saxlayıb öyrəndik ki, direktor onu gözümçıxdıya salıb məskun olduğu yerindən köçürtmək, gözünə nisbətən komfortlu görünən həmin yeri başqa. “yağlı müştəriyə” vermək niyyətindəymiş. Vahid kişini şikayət veməkdə israrlı olduğunu duyduğundan, direktor onu bir az qorxudub, bir az da könlünü alıb, heç hara tərpətməyəcəyini vəd edərək, fikrindən daşındırıb. Qazandığı vaxtdan istifadə edərək, aradabir kabab yedirtdiyi Nübar nənə kimi sakinləri üstümüzə qaldırmağa qərar verib.

Yeri gəlmişkən, Nübar nənənin özünün də taleyindən nigaranıq. Ona görə yox ki, intihar edə biləcəyi ilə bağlı bizə gəldiyi hədəni real hesab edirik – yox. Əvvəla ona görə ki, direktorun verdiyi təlimatı düzgün yerinə yetirməyib, bizimlə danışanda ciddi səhvlərə yol verərək, necə deyərlər, “qaş düzəltmək əvəzinə vurub göz çıxarıb” ki, bu da Samirə Mehdiyevanın xoşuna gəlməyəcək. Digər tərəfdən, bu yazının işıq üzü görməsi ilə Nübar nənənin intihar barədə dedikləri artıq rəsmi bəyanata çevrilir ki, bu da direktorun ağlına qorxulu ssenarilər gətirə bilər, ağbirçək üçün “intihar” səhnəsi quraşdırılmaqla qətlə yetirilər. Axı, pansionatda hər şey olur. O üzdən işimizi ehtiyatlı tutub hüquq-mühafizə orqanlarına xəbər verməyi özümüzə borc bilirik.

İmanımızı yandıra bilmərik. Yalnız bir dəfə Nazirliyin əməkdaşı kimi təqdim olunan bir nəfər zəng vurub mövzu ilə maraqlandığını nümayiş etdirib. Amma necə? – Həmin şəxs sanki məktublarımızda, məqalələrimizdə ehtiva olunan məsələlərdən xəbərsiz kimi özünü aparıb. Sadaladığımz faktların araşdırılacağını, nəticə barədə məlumatlandırılacağımızı vəd edərək, atsap nömrəsini bizə verib. Biz də öz növbəmizdə solğun ümidlərlə saytda geən yazılarımızın linkini həmin nömrəyə göndərmişik. Hələ də xəbər çıxmayıb.

Nəticəni özümüz çıxarmışıq: İndiyədək nə ƏƏSMN-də, nə də sözügedən müəssisədə bu qədər özbaşınalıq müşahidə olunmayıb.

P.S. Son anda əldə etdiyimiz məlumata görə, pansionat direktoru anbarı özü ilə gətirdiyi Eyvazova Nazlı Teymur qızını etibar edib. Ştatda anbardar kimi adı rəsmiləşdirilən, de-fakto aşpaz işləyən Yeganə Həsənova adlı zavallı qadının isə anbardan məxaric edilən ərzaqdan xəbəri yoxdur. Direktorun özü ilə gətirdiyi aşpazlardan biri isə tamahını cilovlaya bilməyib Vüsalə adlı dayə işləyən qadına 27 manata 3 kilo ət satıb. Bu faktın üstü açılanda isə müəssisə rəhbəri aşpaza toxunmayıb, amma Vüsalə xanımı əxlaqsızlıqda suçlayacağı ilə qorxudub. Direktorun əlaltılarından başqa biri isə qələm ilə Vüsalənin başına vuraraq işdən getməsini tələb edib. Direktor polis sistemindən qovulmuş birini isə özünə sürücü və təsərrüfat şöbəsinin müdiri təyin edib.

P.S.S. Bəs görəsən pansionatda cərəyan edən bu qədər qanunsuzluqlar barədə çoxsaylı müraciətlərə ƏƏSMN-nin daxili nəzarət şöbəsinin rəisi Heybət Hümbətov niyə məhəl qoymur? Bəlkə onun qarşısını Samirə Mehdiyevanın havadarı Vüqar Behbudovla kirvəlik münasibəti kəsir?
Nyus.Az
Geri qayıt