Astara dəmir yol terminalında 110 ton təhlükəli yük “ilişib” - "ADY" niyə imtina edir? -MÜƏAMMA

Astara dəmir yol terminalında 110 ton təhlükəli yük “ilişib” - "ADY" niyə imtina edir? -MÜƏAMMA Avqustun əvvəllərində Beyrut limanında baş verən və Livan paytaxtını viran qoyan, gücü II Dünya müharibəsi zamanı Xirosimaya atılan atom bombasının gücünü belə ötüb keçən partlayışın səbəbi ortaya çıxanda livanlıları, eləcə də dünya ictimaiyyətini heyrətə saldı. Məlum oldu ki, limanda 4 ildən çoxdur minlərlə ton təhlükəli partlayıcı maddə-ammonium nitrat kübrəsi faktiki olaraq nəzarətsiz, atılmış halda qalıbmış. Hansısa rusiyalı biznesmen həmin kübrəni Gürcüstanın Batumi limanından Mozambikə çatdırmaq üçün gəmiyə yükləyib, gəmi hansısa qaydaların pozulmasına, sənədlərin düzgün olmamasına görə Beyrut limanında saxlanılıb. Daha sonra biznesmen müflis olub və gəmini yük qarışıq Beyrut limanında başlı-başına buraxıb. Və əsas versiyaya görə limanda qaynaq işləri zamanı sıçrayan qığılcım bu kübrə-bombanın partlamasına, yüzlərlə insanın həlak olmasına, şəhərin viran qalmasına səbəb olub.
Belə ki, Azərbaycanın İranla sərhədində, Astara gömrüyündə də bomba effektli təhlükəli kimyəvi maddə-sulfat turşusu aylardır açıq havada, günəş şüaları altında qalıb. Çünki malın sahibi “Azərbaycan Dəmir Yolları” ASC-nin imtina etməsi üzündən onu müştəriyə-Gürcüstan müəssisələrindən birinə çatdıra bilmir.
Malın sahibi isə oxuculara ötən buraxılışlarımızdan birindən tanışdır. Bu, “Old Line Trading” MMC şirkətinin payçısı, biznes tərəfdaşı ilə, özünün dediyi kimi, üzləşdiyi "maliyyə fırıldaqlarından" sonra münaqişəyə girən Hikmət Məmmədovdur. (H.Məmmədovun biznes ortağı Emil Quliyevlə bağlı redaksiyamıza etdiyi şikayətin məzmunu ilə oxucular artıq tanışdır,-red.)
Biznesmen deyir ki, 2020-ci il iyunun ortalarında onun rəhbərlik etdiyi “Old Line Georgia” şirkəti İranda istehsalçıya dəyərini ödəyərək təhlükəli maddə olan 110 ton sulfat turşusunun Azərbaycan üzərindən Gürcüstandakı müştəriyə çatdırılması üçün “One Touch Trade and Logistics” MMC şirkəti ilə anlaşıb. Anlaşmaya əsasən yük Astara dəmiryol terminalından qəbul edilməliydi və iyunun 30-na qədər Gürcüstana çatdırılmalıydı. Çünki “Old Line Georgia” şirkətinə həmin təhlükəli yükün idxalı, daha sonra Gürcüstanın iri müəssisələrindən birinə satılması üçün verilmiş lisenziyanın müddəti həmin tarixdə bitirdi. Müştərinin isə həmin yükə ciddi ehtiyacı vardı, çünki anbarında zəruri xammal ehtiyatı tükənirdi.

Yük İrandan ölkəyə daxil olub, Astara terminalında qəbul edilib və konteynerlərə doldurulub. Lakin daha sonra yükün sahibinə bildiriblər ki, “Azərbaycan Dəmir Yolları” (ADY) yükü daşımaqdan imtina edir, çünki gürcü tərəfi yükü qəbul etmək istəmir.
H.Məmmədov bildirir ki, müştərini dərhal yaranmış problem barədə məlumatlandırıb. Cavabında müştəridən yükün vaxtında çatdırılmamasına dair irad məktubu alıb, məktubda o da deyilirdi ki, Gürcüstan hökuməti yükün ölkəyə daxil olmasına ekspeditorun istinad etdiyi hər hansı məhdudiyyəti tətbiq etməyib.

İş adamı ADY rəhbərliyinə teleqramla müraciət edərək bu anlaşılmaz maneənin səbəblərini ayrıd etməyə çalışıb. Axı ölkənin dəmir yolları operatorunun xarici ticarət əməliyyatlarını məhdudlaşdırmaq, yaxud tranzit yüklərin ölkə ərazisindən daşınmasından imtina etmək kimi səlahiyyətləri mövcud deyil. Yüklərlə bağlı hansısa problem yaranarsa onun tranzitini məhdudlaşdırmaq Dövlət Gömrük Xidmətinin səlahiyyətində olan məsələdir.

H.Məmmədovun bildirdiyinə görə, bütün cəhdlərə baxmayaraq nə ekspeditor şirkət, nə ADY gürcü tərəfinin yükün ölkəyə buraxılmasına məhdudiyyət tətbiq etdiyinə dair ona heç bir rəsmi sübut təqdim etməyiblər. Tranzitin məhdudlaşdırılması barədə təqdim edilən yeganə əsas kimi ADY tərəfindən Gürcüstan Dəmir Yollarına göndərilmiş və cavabsız qalan teleqramın surəti göstərilib. Həmin teleqramda gürcü tərəfindən yükün ölkəyə buraxılmaması məsələsinə aydınlıq gətirmək xahiş olunurdu.

“Bu teleqramın məzmunu dəmiryolları operatorunun vəzifələri ilə uyğun gəlmir, çünki nə Gürcüstanda, nə Azərbaycanda dəmiryolları operatoru tranzit yüklərin məhdudlaşdırılmasına dair qərar verə bilməzdi. Mən “Old Line Georgiya” şirkətinin adından ADY rəhbərliyinə iki məktub göndərib məmurların bu özbaşınalığı ilə bağlı tədbir görülməsini xahiş etdim, amma bu günə qədər cavab almamışam”,-şikayətçi deyir.

H.Məmmədov bildirir ki, bütün bu cəhdlərdən sonra yükün göndərilməsinə dair şifahi qaydada razılıq verilib, amma həmin vaxt artıq şirkətin lisenziyasının müddəti bitmişdi. Onun sözlərinə görə, həmin şifahi razılığın verilməsi də Gürcüstan hökumətinin yükün ölkəyə daxil olmasına məhdudiyyət tətbiq etdiyi haqda deyilənlərin inandırıcı olmadığını təsdiq edir. "Müştəri tərəfindən Gürcüstan Dəmiryollarının rəhbərliyi ilə aparılmış danışıqlar zamanı da yükün ölkəyə daxil olmasına hansısa rəsmi məhdudiyyət tətbiq edilmədiyi açıq bildirilib",-H.Məmmədov deyir.

Təhlükəli yükün Astara terminalında, uzunmüddətli saxlanma üçün nəzərdə tutulmayan konteynerlərdə, açıq havada, günəş altında qalmasından və bunun hansı təhlükələrə yol aça biləcəyindən narahat olan H.Məmmədov bu dəfə Azərbaycanda münaqişədə olduğu biznes tərəfdaşlarına müraciət edir. Yükün Azərbaycan şirkəti “Old Line Trading” MMC tərəfindən qəbul edilməsini və daha sonra Gürcüstana ixrac edilməsini istəyir. Lakin şirkətin icraçı direktoru Mehman Rəşidovdan rədd cavabı alır.

“Hərçənd onlar yükü alqı-satqı müqaviləsi əsasında qəbul edə və onu daha sonra müştirəyə sata bilərdilər”,-şikayətçi bildirir.

H.Məmmədov iddia edir ki, keçmiş şəriki Emil Quliyev onun sulfat turşusu yükü ilə bağlı üzləşdiyi mürəkkəb vəziyyətdən istifadə edərək bu yolla qisas almaq, yəni onu ziyana salmaq istəyir. Baxmayaraq ki, bununla həm də özünə ziyan vurmuş olur. “Avqustun 13-də yükün Azərbaycanda qəbul edilməsi ilə bağlı müraciətə Emil Quliyevdən rədd cavabı aldım, bu da onların məqsədli şəkildə mənim rəhbərlik etdiyim “Old Line Georgia” şirkətinə ziyan vurmaq niyyətindən xəbər verir. Çünki mən xidməti araşdırma nəticəsində onu həmin şirkətin rəhbərliyindən uzaqlaşdırmışam. Lakin E.Quliyev həmin şirkətdə paya malikdir və yaratdığı əngəllə təkcə mənə yox, həm də özünə ziyan vurmuş olur”,-o bildirir.

Bu arada zəruri qeyd etmək gərəkdir ki, H.Məmmədovun da təsdiq etdiyi kimi, təhlükəli yükün alqı-satqısı əməliyyatında “Old Line Trading” MMC hər hansı rola malik deyil. Yəni indiki halda H.Məmmədovun keçmiş ortaqları yükü qəbul etmək kimi birbaşa öhdəlik daşıya bilməzdi, məsələ H.Məmmədovun qənaətincə, “MMC-nin təsisçisi tərəfindən direktorun nəzərinə çatdırılan təhlükəli vəziyyətə biganə yanaşmadadır”.

Lakin situasiyanı qəlizləşdirən həm də budur ki, ortaqlar arasında bu münaqişə, eləcə də ekspeditor şirkətin yükü vaxtında çatdıra bilməməsi 110 ton təhlükəli kimyəvi maddənin Astara terminalında ilişib qalmasına, nəticədə ətraf mühitə və insalara ciddi potensial təhlükə yaratmasına səbəb olur.

Belə ki, sulfat turşusunun qablaşdırıldığı konteynerlər bu maddənin uzunmüddətli saxlanılması üçün deyil, daşınması üçün nəzərdə tutulub. Nəticədə maddə Astarada, tropik istinin altında, açıq havada daha bir müddət belə qalsa ətrafa sızma riski yaranacaq. Digər tərəfdən yük açıq hava altında olduğundan konteynerlərə yağış suyunun sızması riski də var. Sulfat turşusunun su ilə qarışması nəticəsində hansı reaksiyanın baş verdiyi, hansı təhlükənin meydana çıxa biləcəyi haqda elmi ədəbiyyatda istənilən qədər məlumatlar var. Bəs bu risklərə, potensial təhlükəyə görə kim məsuliyyət daşıyacaq?

H.Məmmədov deyir ki, ən başlıcası Astara dəmiryol terminalının operatoru olan və yükün tranzitini məhdudlaşdırmaq barədə heç bir rəsmi əsası olmayan göstərişləri icra edən “ADY Ekspress” şirkətinin üç aya yaxındır davam edən bu özbaşınalığa görə heç bir tədbir görməməsidir.

Doğrudanmı bu operator-şirkət və digərləri təhlükəli yükün hansısa intriqalar ucbatından Astara terminalında ilişib qalmasından narahat deyillər? Yaxud Gürcüstan tərəfi doğrudan da yükü qəbul etmək istəmirsə o zaman hansı səbəblər var? Axı burada Gürcüstan və Azərbaycan üzərindən keçən strateji tranzit dəhlizinə dair iki dövlətin yürütdüyü siyasətlə açıq-aşkar ziddiyyət görünür?

Şikayətçi daha bir maraqlı detala diqqəti cəlb edir, bildirir ki, Astara terminalında Gürcüstana tranzit üçün nəzərdə tutulan başqa yüklər də saxlanılıb. "Müxtəlif bəhanələr gətirirlər, əvvəl koronavirusu bəhanə edirdilər, indi heç səbəbini izah edən yoxdur. Bu, özbaşınalıqdır və mən anlamıram ki, nəyə görə "ADY Ekspress" həm öz gəlirlərini azaldan, həm iki ölkə arasında mal dövriyyəsinə ziyan vuran belə hərəkətlərə yol verir?",-o deyir.

Məsələ ilə bağlı “ADY Express” MMC şirkəti ilə əlaqə saxladıq. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlham Abdulov məsələni araşdırdıqdan sonra bildirdi ki, onlar qeyd olunan bu yükün daşıması ilə məşğul olmayıblar.

“Həmin yükün daşınması “Caspian Rail” şirkəti tərəfindən həyata keçirilir onlara da sifariş “One Touch” şirkətindən daxil olub. Yük sahibi problemi onlarla aydınlaşdıra bilər. Lakin mən bunu təsdiq edə bilərəm ki, son vaxtlar Gürcüstan tərəfi həqiqətən birtərəfli qaydada İran mallarını qəbul etmək istəmir. Səbəbini bilmirik, amma belə təxminlər var ki, pandemiya ilə əlaqəlidir. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olara bildirmək istəyirik ki, ADY bu problemlə bağlı Azərbaycanın müvafiq dövlət strukturlarını məlumatlandırıb və problemin həlli ilə bağlı köməklik istənilib. Yuxarıda qeyd olunan problemin ADY Express-ə heç bir aidiyyatı yoxdur”,-Abdulov bildirib.

"ADY Eksperss" rəsmisinin dediyinə görə, həmin yük Astara stansiyasında xüsusi konteynerlərdə saxlanılır və təhlükə yaratmır.

H.Məmmədov isə deyir ki, həmin konteynerlər “Old Line Trading” MMC tərəfindən icarəyə götürülüb, “Old Line Georgia” şirkətinə subicarəyə verilib və nəticədə onların “boş” dayanması hər iki şirkətin ziyanınadır. Eyni zamanda “ADY Express” şirkəti indiki halda yükün Astara terminalından aşırılmasından qazanc götürür, ADY-nin göstərişi ilə məhdudiyyəti tətbiq edən də bu şirkətdir.

"One Touch Trade & Logistics" şirkətindən isə bidirdilər ki, həmin yükün sahibi onlara daşınma üçün hələlik rəsmi sorğu verməyib: "Yük sahibinin bizə müəyyən borcu da qalır, digər tərəfdən əgər həmin adam şirkətimizdən narazıdırsa başqa logistika şirkətinə sifariş verə bilər".

H.Məmmədovun bu deyilənlərə cavabı belədir: “Problem yaranandan dərhal sonra “One Touch Trade & Logistics” şirkətinə iddia barədə xəbərdarlıq məktubu göndərmişəm və onlara heç bir borcum yoxdur. Ümumiyyətlə, indiki halda borcun olub-olmamasının problemə nə dəxli var?”

Yük isə ortalıqda qalıb və əgər indi təhlükə yaratmırsa belə daha bir müddət qalsa, ya ölkə daxilində realizə edilməsə, ya da Gürcüstana ötürülməsə təhlükənin yaranması qaçılmaz ola bilər...

vitualaz.org
Geri qayıt