Bu agentliyin səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN

Bu agentliyin səlahiyyətləri artırıldı - Prezidentdən FƏRMAN Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana aşağıdakı dəyişikliklər edilib:

1.1. 5.1-ci bəndə “qeydiyyatı” sözündən sonra “ilə bağlı” sözləri əlavə edilsin;

1.2. Aşağıdakı məzmunda 5.1.9-cu yarımbənd əlavə edilsin:

“5.1.9. vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və onlarda dəyişiklik edilməsi, vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası;”;

1.3. 5.10-cu və 5.11-ci bəndlər aşağıdakı redaksiyada verilsin:

“5.10. gömrük işi sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.10.1. xarici ticarətin gömrük statistikası barədə məlumatların verilməsi;

5.10.2. gömrük qanunvericiliyi ilə bağlı məsləhət və məlumatların verilməsi;

5.11. miqrasiya sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.11.1. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin verilməsi;

5.11.2. şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması;

5.11.3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması;

5.11.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması;

5.11.5. Azərbaycan Respublikasında yaşayan şəxslərdən Azərbaycan Respublikası vətəndaşlığına qəbul, bərpa və Azərbaycan Respublikası vətəndaşlığından çıxma məsələlərinə dair vəsatətlərin qəbul edilməsi;

5.11.6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemindən həmin Xidmətin fəaliyyət istiqamətləri üzrə arayışların verilməsi;”;

1.4. 5.11-1-ci və 5.11-2-ci bəndlər ləğv edilsin;

1.5. 5.17-ci bənddə “ilə bağlı əməliyyatların qeydiyyatı” sözləri “sahəsində xidmətlərin göstərilməsi ilə bağlı” sözləri ilə əvəz edilsin;

1.6. 5.19.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 5.20-ci bənd əlavə edilsin:

“5.20. kənd təsərrüfatı sahəsində xidmətlərin göstərilməsi ilə bağlı:

5.20.1. fermerlərin, təchizatçıların və tədarükçülərin, habelə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən digər subyektlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı;

5.20.2. fermerlərə bitkiçilik sahəsində subsidiyaların verilməsi ilə bağlı sənədlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil edilməsi üçün qəbulu.”;

1.7. 6-cı hissədən “Vergilər Nazirliyinə,” sözləri çıxarılsın və həmin hissədə “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə” sözləri “Kənd Təsərrüfatı Nazirliyinə” sözləri ilə əvəz edilsin.
Geri qayıt