"Hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar” - NARAZILIQ...

"Hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar” - NARAZILIQ... "Lukoil”un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin çəninə 82 litr yanacaq vurulub. Bu iddia ilə Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri, tanınmış jurnalist Vamiq Nəsirov sosial şəbəkə hesabında yazıb: “ “Lukoil”un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq “vurdular”.

Üstəlik, çəndə ən azı 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər-“Nə var odur”. O qədər əmin və qəti cavab verdilər ki, özümdən və “Hyundai” şirkətindən şübhələndim. Dedim, yəqin, “Hyundai” “bezrazmer” yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb”.

Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru bu barədə “Sherg.az”a fikirlərini bildirib. Onun sözlərinə görə, bu, yeni problem deyil:

“Biz illərdir, həmin məsələ haqqında danışırıq. Elə bir sürücü tapılmaz ki, oxşar hallarla qarşılaşmasın. Yanacaqdoldurma məntəqələri gözümüzə baxa-baxa “cibimizə girir”. Özü də korrupsiya ilə mübarizənin bu qədər gücləndiyi bir vaxtda. Yanacaqdoldurma məntəqələri illərdir, milyardlarla vəsait oğurlayırlar, amma onlara qarşı heç bir tədbir görülmür.

Sadəcə yiyəsiz, sahibsiz yanacaqdoldurma məntəqələri bağlanır, digərləri isə fəaliyyətini yenə də davam etdirir. SOKAR müntəzəm olaraq açıqlama verir və bildirir ki, yanacaqdoldurma məntəqələrinə keyfiyyətli benzin satılır.

Deməli, həmin məntəqələr özləri nə isə bir dələduzluq edirlər. Hər halda hüquq mühafizə orqanları belələrinə qarşı sərt tədbirlər görməli və onları cəzalandırmalıdır. Bu, o qədər də böyük araşdırma tələb etmir. Hər şey gün kimi aydındır”.

E. Muradlı, həmçinin yanacaqların keyfiyyəti məsələsinə də toxunub:

““Azpetrol”, “Lukoil” kimi yanacaqdoldurma məntəqələri hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar. Dediyim kimi, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməlidir.

Lakin problem bununla bitmir. Bizim xaricə satdığımız yanacaqdan hər kəs razıdır. Di gəl ki, növbə özümüzə çatanda vəziyyət dəyişir. Məlum olduğu kimi, biz xaricdən yalnız 95 markalı, prenium benzin alırıq. Ölkəmizdəki sürücülərin əksəriyyəti isə yerli istehsal olan 92 markalı benzindən istifadə edir.

Deməli, keyfiyyətli məhsulu əcnəbiyə, keyfiyyətsizi özümüzünkünə satırıq. Nəticədə 5-6 aydan sonra maşında nasazlıq yaranır, qəribə səslər çıxır. Ustalar da təsdiqləyir ki, problem benzinin keyfiyyətindədir.

Danışmaqla, müzakirə etməklə hansısa nəticə əldə etmək ümkün deyil. Nəzarət və cəza mexanizmi işə düşməlidir”.
Geri qayıt