Bir uşaq anası 7 il 3 ay cəza alıb - ehtiyac üzündən narkotik satdığını deyir

Bir uşaq anası 7 il 3 ay cəza alıb - ehtiyac üzündən narkotik satdığını deyir İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham edilən bir uşaq anası hakim qarşısına çıxarılıb. O, ömrünün 7 ildən çoxunu dəmir barmaqlıqlar arxasında keçirməli olacaq.

Musavat.com xəbər verir ki, 1982-ci il təvəllüdlü Abbasova Günel Heydərəli qızı Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

İttihama görə Günel Abbasova tamah məqsədi ilə şəxsiyyəti müəyyən edilməmiş İran vətəndaşı ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girib.

Razılığa əsasən Günel qaçaqmalçılıq yolu ilə Azərbaycana gətiriləcək külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışını həyata keçirəcəkmiş.

Cinayətkar qrupun müəyyən edilməmiş üzvləri gömrük nəzarətindən gizli yolla narkotik vasitəni keçirərək Biləsuvar şəhərində “Timur” şadlıq sarayının yaxınlığında olan zibillikdə gizlədiblər.

Günel təmiz çəkisi 1005 qram olan heroini, 810 qram metamfetamini zibil qurğusundan götürən zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

7 il 6 ay cəza alan Günel cəzasının yüngülləşdirilməsi üçün apellyasiya məhkəməsinə müraciət edib.

O, ilk dəfə cinayət törətməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladının olduğunu, hazırda övladına baxacaq kimsənin olmadığını nəzərə alaraq cəzasının azaldılmasını istəyib.

G.Abbasova bu əməli ehtiyac üzündən etdiyini deyib.

Şikayətə Şirvan Apelyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə baxılıb.

Məhkəmə müəyyən edib ki, G.Abbasova qaçaqmalçılıq yolu ilə Azərbaycana keçiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib müvafiq şəxslərə çatdırmağı qabaqcadan bir qrup şəxsə deyil, bir şəxsə vəd edib.

Qaçaqmalçılığın bir qrup şəxs tərəfindən törədilməsi iş materialları ilə sübuta yetirilməyib.

Məhkəmə hesab edib ki, Günel Abbasova qaçaqmalçılıq əməlini məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi iş materialları ilə təsdiq olunmadığından, onun qaçaqmalçılıq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəzalandırılmalıdır.

Məhkəmə onun cəzasını 7 il 3 aya endirib.
Geri qayıt