Bakıda “Plombir”dən milçək çıxdı - GİLEY

Bakıda “Plombir”dən milçək çıxdı - GİLEY Marketdən uşaqlarıma dondurma aldım. Evə gəldik, açdığımda nə görsəm yaxşıdır?! Dondurmanın içində milçək var. Elə iyrəndim ki, ödüm ağzıma gəldi. Elə kağızı ilə birgə zibil vedrəsinə tulladım”.

Bu barədə Afət Əliyeva adlı oxucunun “Yeni Müsavat”a ünvanladığı şikayət məktubunda bildirilib. Onun sözlərinə görə, bu gün aldığı dondurma “Plombir” (“Пломбир”) firmasına məxsusdur:

“Mən hər zaman dondurmanı alanda üzərində istehsal tarixinə, harada istehsal olmasına diqqət edirəm. Hər zaman da öz məhsulumuzu alıram. Sovetin dondurmasını xatırlatdığına “Plombir” aldım, amma çox peşman oldum. Almaz olaydım. Yəqin ki, uzun müddət bizim istehsalımız olan mallara yaxın durmaram”.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxladıq.

O, Azərbaycanda belə bir faktın olmasını olduqca biabırçı hal kimi dəyərləndirib:

“Ümumiyyətlə, ərzaq malının tərkibindən kənar cisim çıxırsa, artıq bu o deməkdir ki, orada heç bir sanitariya qaydaları, heç bir standartlar gözlənməyib. Çünki ərzaq malının istehsalında müasir texnologiyalarda ardıcıllıq elə qurulmalıdır ki, ora kənardan heç bir şey düşməsin. Təsadüfi deyil ki, bir il bundan qabaq çörək sexinə baxmağa getmişdim. Gördüm, qadınlar boyunlarında muncuqla işləyirlər. İrad bildirdim ki, belə olmaz. Ora kənar cisim düşə bilər”.

E.Hüseynov onu da əlavə edib ki, əgər istehlakçı bu kimi neqativ hallarla rastlaşırsa, mütləq 1003 qaynar xətti ilə əlaqə saxlayaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə xəbər verməlidir:

“Onu da qeyd edim ki, 2011-ci ildə USAİD bizə müraciət etdi. Qida təhlükəsizliyi nişanının Azərbaycan istehsal müəssisələrinə verilməsini tövsiyə etdi. Biz 2011-ci ildən bəri cəmi bir müəssisəyə o nişanı verə bilmişik. Həmin dondurmanın üzərində Azad İstehlakçılar Birliyinin xüsusi nişanı var. Əgər nişan üzərində olan dondurmada nəsə aşkarlanarsa, biz o nişanı təcili geri götürəcəyik. Bu barədə beynəlxalq quruma xəbər edəcəyik”.

Qeyd edək ki, şikayətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinə sorğu ünvanlanıb.
Geri qayıt