Saxta əlillik düzəldən məmurlar niyə məsuliyyətə cəlb olunmur?

Saxta əlillik düzəldən məmurlar niyə məsuliyyətə cəlb olunmur? Açıq cinayətlərin aşkarlındığı zaman heç kimin məsuliyyətə cəlb olunmaması ölkədə hüquqi bespredel yaranmasına xidmət etmirmi?..

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti: “Yaxın bir neçə ildə minlərlə şəxsin saxta əlillik pensiyası alması faktı ortaya çıxıb. Bunu nəticəsində də yüz milyonlarla vəsaitin dövlət büdcəsində qənaətinə nail olunub”.

“Bu saxta əllilik 2015-ci ilə qədər düzələnlərdir. O zaman saxta əlillikləri təyin etmiş insanlar indi heç bir yerdə işləmirlər, yaxud da həmin insanlar dünyasını dəyişiblər”.

Bu sözləri “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev saxta əlilliklərin kütləvi şəkildə aşkarlanmasına baxmayaraq, saxtakarlığa yol verən qurumların məsul işçilərinin məsuliyyətə cəlb olunmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Əlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.

Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib. Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığl aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Bundan əvvəldə ötən illərdə də bu kimi hallar kütləvi şəkildə aşkarlanmasına baxmayaraq, saxtakarlığa yol verən qurumların məsul işçilərinin məsuliyyətə cəlb olunması ilə bağlı heç bir məlumat yoxdur. Ölkə prezidentinin apardığı islahatlar fonunda bunu necə dəyərləndirmək olar və açıq cinayətlərin aşkarlındığı zaman heç kimin məsuliyyətə cəlb olunmaması ölkədə hüquqi bespredel yaranmasına xidmət etmirmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevə müraciət edib.

Əliməmməd Nuriyev: “Saxta əlillikləri düzəldənləri məsuliyyətə cəlb etmək heç də uğurlu yanaşma olmazdı”.

Artıq bir neçə ildir ki, saxta əlilliklə alınmış vəsaitlərin geri qaytarılması prosesinin başladığını xatırladan Əliməmməd Nuriyev PİA.az-a açıqlamasında bildirib ki, uğurlu yanaşma dövlət büdcəsindən əsasız yerə xərclənmiş vəsaitlərin geri qaytarılmasıdır:

“Hər hansı bir məsələdə saxtakarlıq varsa, heç şübhəsiz orada məsuliyyət olmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliklərin müəyyənləşdirilməsi ilə bağlı çox səmərəli işlər görür. Yaxın bir neçə ildə minlərlə şəxsin saxta əlillik pensiyası alması faktı ortaya çıxıb. Bunu nəticəsində də yüz milyonlarla vəsaitin dövlət büdcəsində qənaətinə nail olunub.

Qeyd edək ki, bu saxta əllilik 2015-ci ilə qədər düzələnlərdir. O zaman saxta əlillikləri təyin etmiş insanlar indi heç bir yerdə işləmirlər, yaxud da həmin insanlar dünyasını dəyişiblər.
Digər məsələ ondan ibarətdir ki, saxta əlilliklə alınmış vəsaitlərin geri qaytarılması prosesi bir neçə ildir ki, başlanılıb. Bu əsas məsələdir. Çünki saxta əlillikləri düzəldənləri məsuliyyətə cəlb etmək heç də uğurlu yanaşma olmazdı. Uğurlu yanaşma dövlət büdcəsindən əsasız yerə xərclənmiş vəsaitlərin geri qaytarılmasıdır. Düşünürəm ki, nazirlik bu istiqamətdə xeyli səmərəli fəaliyyət göstərir.

Əliməmməd Nuriyev: “Demək olar ki, son illərdə saxta əlillik sıfır dərəcəyə enib. Əvvəlki illərin saxta əlillikləri də aşkarlanır və müvafiq tədbirlər görülür”.

Onu da qeyd edim ki, indi Azərbaycanda əlilliyi olan şəxslər 362 min nəfərdir, yaxud da 4 minə yaxındır. Əvvəllər isə ölkədə əlillərin sayı 600 minə yaxın idi. Başqa ölkələrdə əhalinin 15 faizi əlil ola bilir. Amma Azərbaycanda əlilliyi olan şəxslər ümumi əhalinin cəmi 4 faizini təşkil edir. Bu da çox yaxşı göstərici kimi sayılır.

Son illərdə ölkədə səhiyyə də xeyli dərəcədə inkişaf edib. Belə ki, bir çox xəstəliklərin daha erkən müəyyən edilməsi mümkün olub. Bu da gələcəkdə əlil ola biləcək insanların müalicə oıaraq sağalması deməkdir. Həmçinin digər mühüm məsələ əlillərin reabilitasiyasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin artıq regional əlilliyin reabilitasiyası mərkəzləri yarandı. Bu mərkəzlər vasitəsilə qazanılmış əlilliyin sonradan bərpa edilməsi mümkün olacaq.

Məlumdur ki, əlilliyin müəyyən edilməsi ilə bağlı yeni qaydalar hazırlanır. Qanunvericiliklə müvafiq dəyişikliklər baş verir. Əlilliyin müəyyən edilməsi ilə bağlı şəffaflıq getdikcə artmaqdadır. Bu istiqamətdə görülən işlər qeyd edilməlidir. Həmçinin saxta əlilliyin qarşısı alınmalıdır. Demək olar ki, son illərdə saxta əlillik sıfır dərəcəyə enib. Əvvəlki illərin saxta əlillikləri də aşkarlanır və müvafiq tədbirlər görülür”.
Geri qayıt