190 manatla bağlı mühüm xəbər

190 manatla bağlı mühüm xəbər Bir neçə gün bundan əvvəl Operativ Qərargahın brifinqində hesablarına yüklənmiş 190 manatlıq birdəfəlik ödənişləri çıxara bilməyən vətəndaşların kartlarının bloklanması məsələsinə aydınlıq gətirilib.

Brifinqdə çıxış edən Pezidentin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, həmin pullar əmanət üçün verilməyib: “Ancaq kimsə hansısa obyektiv səbəblərə görə vəsaiti götürə bilməyibsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməlidir”.

Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə bir sıra müzakirələr başlayıb. Bir qrup şəxs hesab edir ki, vətəndaşın 190 manata ehtiyacı varsa, onu vaxtında çıxarıb istifadə etməliydi.

Amma nəzərə alsaq ki, pandemiya dövründə vətəndaşlara ödənişləri nağd deyil, kart vasitəsilə etməyə dair müxtəlif çağırışlar olmuşdu, kartda pul saxlamaq daha məqsədəuyğun görünür. Bundan başqa, vətəndaş pulu kartında ona görə saxlaya bilər ki, hər hansı kommunal xərclərini kartla ödəsin, ehtiyaclarını onlayn həll etsin. Müavinəti alan şəxslər birdəfəlik ödənişin iyulda verilməyəcəyi səbəbi ilə də həmin pulu qarşıdakı ayı nəzərə alaraq kartda ehtiyat kimi saxlaya bilərdilər.

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Erkin Qədirli bildirib ki, bir neçə gün əvvəl Prezidentin köməkçisi Anar Ələkbərovla keçirilən görüşdə bu məsələni onun diqqətinə çatdırdığını vurğulayıb: “Anar Ələkbərov problemi Prezidentə məruzə edəcəyini vurğuladı. Əlbəttə, bu ödəniş vətəndaşın haqqıdır. Onu kartdan istədiyi vaxt götürə bilər. Bu məsələyə vaxt məhdudiyyəti qoymaq doğru deyil”.

Problemlə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı bildirib ki, məsələ araşdırılır.
Geri qayıt