İlham Əliyev mətbuata əlavə maliyyə yardımı ayırdı

İlham Əliyev mətbuata əlavə maliyyə yardımı ayırdı Prezident İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Sərəncam imzalayıb.

Sərəncamla Azərbaycan Respublikasında milli mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, özəl teleradio yayımçılarının cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması məqsədilə qərara alınır:

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın.

Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
Geri qayıt