Prezidentdən “su rəhbərləri”nə xəbərdarlıq ismarıcı

Prezidentdən “su rəhbərləri”nə xəbərdarlıq ismarıcı “İndi digər önəmli məsələ bu il və keçən il bizə böyük problem yaradan quraqlıqdır. Bilirsiniz ki, keçən ilin quraqlığı bizə böyük ziyan vurdu. Bu il də baxmayaraq ki, kənd təsərrüfatı 6 ayda 2,2 faiz artıb, amma daha çox arta bilərdi. Çünki bu quraqlıq nəticəsində suyun az olması səbəbindən biz istədiyimiz qədər torpaqlardan istifadə edə bilməmişik”.

Bunu prezident İlham Əliyev deyib. O, bildirib ki, bir müddət bundan öncə bütün bu işləri nəzərə alaraq və bu sahədə vahid idarəetmə mexanizmi qurmaq üçün xüsusi komissiya yaradıb.

“Baş Nazirin müavini Şahin Mustafayev komissiyanın rəhbəridir. Komissiyada aidiyyəti qurumların rəhbərləri təmsil olunur və artıq mənə verilən ilkin məlumata görə, konkret tədbirlər planının hazırlanması son mərhələdədir. Bu planın bir hissəsi artıq mənə məruzə edilibdir.

Yaxın zamanlarda biz çox geniş tədbirlər planını təsdiqləyib, icra etməyə başlayacağıq. İstisna edilmir ki, gələcək illərdə də buna oxşar iqlim mənzərəsi davam etsin. Çünki dünyada iqlim dəyişikliyi bildiyiniz kimi, ciddi problemdir. Bəzi ekspertlərin rəyinə görə, Azərbaycanda əgər bu gün lazımi addımlar atılmasa, 2030-cu ilə qədər bəzi ərazilərdə səhralaşma prosesi gedə bilər. Buna qətiyyən yol vermək olmaz. Ona görə vahid idarəetmə mexanizminin yaradılması ilk məsələ idi. Çünki bu günə qədər bu, yox idi. Bizdə, əgər belə demək mümkündürsə, su məsələləri ilə məşğul olan bir neçə dövlət qurumu var və onların arasında koordinasiya lazımi səviyyədə deyil. Buna görə bəzi təsərrüfat obyektləri, infrastruktur obyektləri nəzarətsiz qalıb.

Mənə, məsələn, Şahin Mustafayev məlumat verir ki, bəzi su anbarlarından çıxan boru xətlərində, yaxud da su anbarlarına digər su anbarlarından daxil olan boru xətləri boyunca qanunsuz qoşmalar var. Yəni, bu indi aşkar olunubdur. Çünki heç kimin vecinə deyildi, heç kimin məsuliyyətinə aid deyildi. Ona görə bu qanunsuz qoşmalar, əlbəttə, suyun ədalətli bölgüsünə də ziyan vurur. Aydın məsələdir ki, təsərrüfat sahibləri bu sudan istifadə edir. Amma o birilərinə çatmır, bir də ki, israfçılığa yol verilir. Bəzi əkin sahələrində o qədər su verilir ki, buna ehtiyac yoxdur. Ona görə burada vahid idarəetmə mexanizmi işlənməlidir, mənə təkliflər veriləcək. Eyni zamanda, koordinasiya məsələləri, itkilərin azaldılması, sudan səmərəli şəkildə istifadə edilməsi – əgər biz buna nail olarıqsa, hətta mövcud su ehtiyatlarımızla məsələni həll edə bilərik.

Şahin Mustafayev mənə məruzə edib ki, bu günə qədər heç vaxt Azərbaycanda su balansı tutulmamışdır. Bu da dözülməz haldır. Biz əgər bu su balansını müəyyən etməsək, onda bu sudan necə istifadə edəcəyik? Biz necə ki, hər il enerji balansımızı təsdiq edirik, eyni qaydada burada da vəziyyət ona oxşar olmalıdır. Biz son illər ərzində ölkəmizin enerji təhlükəsizliyini təmin etdik və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, neft, qaz, deməli yanacaq və elektrik enerjisini ixrac edir. Yəni, bu, son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Biz əvvəlki illərdə ancaq neft yanacağı ixrac edirdik. Neft, qaz ixrac etmirdik, elektrik enerjisini ixrac etmirdik.

Bizdə su təhlükəsizliyi məsələsi həll olunmayıb. Sirr deyil ki, su ehtiyatlarının böyük hissəsi sərhədlərimizin kənarında formalaşır. Ona görə burada qonşu ölkələrlə yeni əməkdaşlıq formatı, itkilərin azaldılması və aidiyyəti qurumların birgə işləməsi təşkil edilməlidir”.
Geri qayıt