Nazirlik işçisi dəmiryolçunun 1300 manatını alıb - 2 ildir qaytarmır

Nazirlik işçisi dəmiryolçunun 1300 manatını alıb - 2 ildir qaytarmır "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zivər adlı əməkdaşı iki il bundan əvvəl məndən 1300 manat pul alaraq, vaxtından əvvəl pensiyaya çıxaracağını vəd etdi. İki ildir nə sənədlərimi düzəldir, nə də pulumu geri qaytarır".

Bu sözləri jamaz.info-ya Biləcəri qəsəbə sakini Səfərəli Məmmədağa oğlu Məmmədov deyib.

O bildirib ki, Zivər adlı şəxsin özünü nazirliyin əməkdaşı kimi təqdim etməsi və olduqca inandırıcı danışması aldanmasına səbəb olub: "Mən Dövlət Dəmir Yolu İdarəsində işləyirəm. İşlədiyim sahə ağır olduğundan vaxtından əvvəl pünsiyaya çıxmağa icazə verir. Elə bu səbəbdən də vaxtından əvvəl pensiyaya çıxmaq üçün çalışırdım və Zivərlə tanışlıq yarandı. Olduqca inandırıcı danışması, nazirlikdə işləməsini deməsi, sənəd işləriylə bağlı geniş məlumatlı olması məni aldatdı. İki ildir nə pulumu qaytarır, nə də sənədlərimi".

Səfərəli Məmmədov deyir ki, hər dəfə zəng vurub pulunu istəyəndə, Zivər ondan bir qədər də səbirli olmasını, sənədlərinin hazır olduğunu bildirir. "Hər zəng vurduqda deyir ki, sənədlər hazırdır, yaxın günlərdə pensiya kartını gətirib verəcəklər. Beləcə, iki ildir məni aldada-aldada gedir. Sonuncu dəfə Zivərlə telefonla danışdıqdan sonra, halım pisləşdi və insult keçirdim. Hazırda yataq xəstəsiyəm".

Şikayətçi qeyd edir ki, son danışıqlarında ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyini çatdırıb. "Bunu deyəndən sonra məndən xahiş elədi ki, "korrupsiya idarəsi"nə müraciət etməyim. Belə olarsa, aqibətinin pis olacağını söylədi. Ardından evimə yaxın adamlarını minnətçi göndərdi. Bir az da səbirli olmağımı xahiş etdi. Amma mən geri addım atmaq niyyətində deyiləm. Başıma gələnlərlə bağlı Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edəcəyəm".

Səfərəli Məmmədov müvafiq qurumlara müraciət edərək, onlardan köməklik istəyib. O, Zivər adlı şəxsdən 1300 manat pulunun alınaraq, geri qaytarılmasını xahiş edib: "Mən imkansız bir adamam. Üstəlik, insult keçirmişəm və ciddi müalicəyə ehtiyacım var. Zivərdən həmin pulu ala bilsəm, onu müalicəmə sərf edəcəm. Dövlət qurumlarından da xahiş edirəm ki, pulumun geri alınmasında mənə köməklik göstərsinlər".

Məsələ ilə bağlı şikayətdə adı keçən Zivər xanımla əlaqə saxlayıb, mövqeyini öyrənmək istəsək də, cəhdimiz alınmadı.
Geri qayıt