“Azərsu”ASC -yə ayrılan vəsaitlər haralara xərclənir?

“Azərsu”ASC -yə ayrılan vəsaitlər haralara xərclənir? Mütəxəssislərin fikrincə yağıntıların miqdarının azalması çaylarda suyun səviyyəsinin də aşağı düşməsinə gətirib çıxarır.Məlum olduğu kimi son vaxtlar qlobal iqlim dəyişiklikləri ilə əlaqədar dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda yağıntıların miqdarı azalıb.Bu azalma isə respublikamızın bəzi bölgələrində sakinləri su qıtlığı ilə üzbəüz qoyub.

Ölkədə su çatışmazlığı əvvəlcə iyunun birinci yarısında paytaxtın bir neçə rayonlarında ortaya çıxdı.Daha sonra Kür çayının səviyyəsinin aşağı enməsi nəticəsində Neftçala şəhərində,rayonun 20-yə yaxın kəndində su problemi yarandı və bu gün də davam etməkdədir.Daha sonra Saatlı, Sabirabad və Bilasuvar rayonlarının kəndlərində də sakinlər içməli su problemiləri ilə üzləşdilər.Rəsmi qurumlar təbii ki,bunu da Kür və Araz çaylarında suyun səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirdilər.Amma kənd təsərrüfatının inkişaf etdirilməsi adı altında xüsusi təsərrüfatlarını inkişaf etdirən,Kür çayından su motorları ilə bir çox yerlərdə fərdi təsərrüfatlarına su çəkən və çoxlu sayda süni gölməçələrdə balıqçılıq təsərrüfatları açanlara bu şəraiti kimlərin yaratmasından dövlət rəsmiləri sanki xəbərsiz olduqlarını nümayiş etdirərək üstündən sükutla keçdilər.

Qeyd edək ki,Azərbaycan su ehtiyatlarının az olduğu ölkələr sırasında olmasına baxmayaraq,hazırki resurslardan səmərəli istifadə etməklə,itkilərin qarşısını almaqla ölkədə su böhranının aradan qaldırılmasına nail olmaq olar.Bunu mütəxəssislər də deyir,dövlət rəsmiləri də.Elə iyulun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləmədə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov da deputatlara ölkədə su çatışmazlığına və itkilərə magistral kəmərlərin şəbəkə kimi istifadə edildiyinin, sayğacdankənar istifadə hallarının, ictimai bulaqların, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunduğunun, tikinti normalarına cavab verməyən fərdi şəbəkələrin səbəb olduğunu bildirib.

Bu problemlərin Kür-Araz çaylarının deltasını əhatə edən ərazilərdə yaşandığı hamıya məlumdur.Bəs görəsən dağ rayonlarında, sözügedən çaylardan uzaq ərazilərdə yaşanan su problemləri nə ilə bağlıdır?

Aktualinfo.org-a verilən məlumatlara görə son bir aydan çoxdur ki, Şəmkir rayonun Çənlibel kənd sakinləri də su çatışmazlığından əziyyət çəkirlər.Təbii,son aylar bu bölgədə də yağıntıların miqdarı azalıb.Problemə səbəb birinci bu amildirsə,ikinci amil yerli icra hakimiyyəti orqanlarının nəzarətsizliyindən sakinlər arasında su resurslarının bərabər bölüşdürülməməsidir.Hazırda bu problem necə həll edilir? Əldə etdiyimiz məlumatlara görə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal İdarəsinin görməli olduğu işi, sakinlər özləri həyata keçirmək qərarına gəliblər.Onlar hər evdən 50 manat toplamaqla rezin borular alıb 10-15 ev arası məhəllələrə yeni su xətti çəkməyə başlayıblar.Burada sual yaranır.Bəs dövlətin rəsmi qurumları hara baxır?

Məlum olduğu kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ölkədə yaranan içməli su problemlərinin aradan qaldırılması məqsədi ilə hər il dövlət büdcəsindən yüz milyonlarla vəsait ayrılır.Bəs görəsən bu vəsaitlər haralara sərf olunur,hara xərclənir? Dövlətin “Azərsu”ASC-yə ayırdığı yüz milyonlarla vəsaitin müqabilində,bir kəndin içməli su problemini həll etməyə, su təchizatını yaxşılaşdırmağa sakinlər nə üçün pul toplamalıdırlar? Qeyd edək ki,son aylarda koronavirus pandemiyasının ölkə iqtisadiyatına vurduğu zərər kənd zəhmətkeşlərindən də yan keçməyib.Heç yerdə işləməyən və mütamadi gəlirləri olmayan kənd sakinləri nə üçün şəxsi vəsaitləri hesabına su çəkməlidirlər?

Çox istərdik başda sədr Qorxmaz Hüseynov olmaqla “Azərsu”ASC-nin rəsmiləri buna açıqlama versinlər.Mövzuya bir daha qayıdacağıq.
Geri qayıt